11 Dekabr 2023 22:46
398
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev dekabr ayının 10-da Serbiyanın Niş şəhərində keçirilən Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində iştirak edib. Bolqarıstanla Serbiyanı birləşdirən interkonnektorununun açılış mərasimində çıxış edən ölkə Başçısı nitqində Bakının etibarlı tərəfdaş olduğunu və öz öhdəliklərinin icrasında qəti olduğunu vurğulayıb. Ölkəmizin başçısı çıxışında bildirib ki, Azərbaycan ötən il Avropa İttifaqı ilə imzalandığı sazişə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdə qəti qərarlıdır. Bu mənada Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılışı Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı əhəmiyyətli rolun daha da artdığının bariz örnəyidir.

Bu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

“Serbiya-Azərbaycan əlaqələri sürətlə və dinamik şəkildə inkişaf edir. Dövlət başçılarının qarşılıqlı səfərləri onu göstərir ki, əməkdaşlıq əlaqələri davamlı xarakter alıb. Prezidentlərin şəxsi dostluq münasibətləri böyük dərəcədə Serbiya-Azərbaycan əlaqələrinin inkişafına xidmət edir. Azərbaycanın Bolqarıstanla da münasibətləri dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq səviyyəsindədir. Ölkəmizin Bolqarıstana qaz təchizatı iki il bundan əvvəl başlayıb. Prezident İlham Əliyev çıxışında ölkəmizin etibarlı tərəfdaş olmasını vurğulayaraq deyib ki, “Azərbaycan, sözün əsl mənasında etibarlı tərəfdaşdır, dostluq ənənələrinə həmişə sadiqdir dostluğu yüksək qiymətləndirir. Məhz dostluq, qarşılıqlı anlaşma, strateji tərəfdaşlıq üzərində qurulmuş əlaqələr bir çox ölkələrin maraqlarını təmin edir və qaz sahəsində əməkdaşlıq, eyni zamanda, genişmiqyaslı regional əməkdaşlığa güclü zəmin yaradır” - deyə o qeyd edib.

Millət vəkili bildirib ki, Bolqarıstan prezidenti Rumen Radevin çıxışında ölkəmiz haqqında söylədiyi fikirləri də xüsusilə diqqətə malikdir: “Prezident Rumen Radev nitqində Azərbaycanla əlaqədar önəmli mesajlar verib. O deyib ki, “İnterkonnektor sayəsində Bolqarıstan nəhayət ki, Azərbaycan qazını qəbul edə bildi. Bizim on il öncə anlaşmamız var idi. O vaxt biz nə Avropadan, nə də ki, Azərbaycandan fiziki qaz qəbul edə bilmirdik. Mən Prezident Əliyevə təşəkkürümü bildirmək istəyirəm. O sübut etdi ki, Bakı bütün anlaşma və razılıqlara ciddi yanaşır”. Məhz bu yanaşmalar ölkələrimiz arasında dostluq və strateji tərfdaşlıq münasibətlərinin təzahürü olmaqla bərabər, Azərbaycanın nə qədər etibarlı tərəfdaş olduğunu dünyaya çatdıran vacib mesajdır. Reallıq odur ki, Azərbaycan Prezidentinin siyasi iradəsi nəticəsində yaradılan Cənub Qaz Dəhlizindən bəhrələnən ölkələrin sayı sürətlə artır”.


Müəllif: Tapdıq Qurbanlı