14 Dekabr 2023 14:02
4 814
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanla Ermənistan arasında əldə edilən son razılaşmalar yeni bir mərhələnin başlanğıcı hesab olunur. Proseslər daha da sürətlənir. Artıq real nəticəsi olan addımlar atılır. Bu addımlar sülhə doğru irəliləməyə imkan verəcək.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O qeyd edib ki, Azərbaycan Prezident Administrasiyası ilə Ermənistan baş nazirliyinin aparatının ilk dəfə birgə bəyanat verməsi, saxlanılanların qarşılıqlı olaraq qaytarılması, kommunikasiyalarla bağlı verilən açıqlamalar müsbət haldır:

“Artıq tərəflər müəyyən bir mərhələyə doğru gedir. Əvvəlki dövrdə bu istiqamətdə verilən bəyanatlar o qədər də effektiv görünmürdü. Amma indi vəziyyət tamam dəyişib”.

Millət vəkili hesab edir ki, hər iki tərəfin mümkün qədər daha sıx təmasda, olması və atılan addımlar sülh üçün zəmin yarada bilər:

“Hazırkı mərhələdə proseslərin inkişafı Ermənistandan asılıdır. Kommunikasiyalarla bağlı Azərbaycanın mövqeyi fərqlidir. Ölkəmiz bu məsələdə israrlıdır. Qarşı tərəf də artıq bunu anlayır. Ona görə də, prosesin daha da irəliyə getməsi üçün addımların atılmasına ümidlər böyükdür”.

Ceyhun Məmmədova görə, hazırda əsas məsuliyyət Ermənistanın üzərindədir:

“Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə prinsipial mövqeyini ortaya qoyub. Ermənistan əslində buna məcbur edilir. Ölkəmizin kommunikasiyaların açılması ilə bağlı konkret mövqeyi var. Sülh müqaviləsinin imzalanması üçün kommunikasiyaların açılması əsas şərtdir. 10 noyabr 2020-ci il bəyanatında və son razılaşmalarda Azərbaycan bu məsələni konkret şərt kimi qoyub. Ermənistanın bu müstəvidə başqa yolu yoxdur. Sözsüz ki, kommunikasiyaların açılması Ermənistan üçün də faydalı olacaq. Rəsmi İrəvan artıq bunu anlamağa başlayıb. Sadəcə olaraq onlar bəzi şərtlər irəli sürür ki, Azərbaycan bunları heç vaxt qəbul etməyəcək. Kommunikasiyaların açılması ilə Azərbaycanın Naxçıvana birbaşa gömrük və sərhəd yoxlamaları olmadan gedişi təmin edilməlidir. Ermənistan bunun üçün şərait yaratmalıdır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər