ABŞ Azərbaycan-Ermənistan sülh prosesini sona çatdırmaq üçün Türkiyə ilə işləməyə başlayıb.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
“Azərbaycanla sülh müqaviləsi bağlandıqdan sonra Ermənistan rəsmən Rusiyanın orbitindən uzaqlaşmaq barədə qərarlar verəcək. İlk növbədə, KTMT-dən çıxacaq. Artıq Nikol Paşinyan KTMT-nin Ermənistanın təhlükəsizlik maraqlarına cavab vermədiyini açıq formada dilə gətirib. İndi Paşinyan bu qurumdan çıxmağa iradəsinin çatdığını nümayiş etdirmək istəyir. İkincisi, İrəvan MDB çıxmaq istiqamətində addımlar atacaq. Ermənistan bu məqsədlə Qərbdən dəstək alır.
Hesab edirəm ki, Ermənistan rəsmən KTMT-dən çıxmağa başlasa, Moskva ciddi addımlar üçün hərəkətə keçəcək”, - ekspert bildirib.
Məhəmməd Əsədullazadə qeyd edib ki, Ermənistana dəstək verən ABŞ sülh müqaviləsini bu ölkəni Rusiyanın hərbi-siyasi dairəsindən uzaqlaşdırmaq siyasəti çərçivəsində nəzərdən keçirir:
“Artıq ABŞ prosesi sona çatdırmaq üçün Türkiyə ilə də işləməyə başlayıb. Təsadüfi deyil ki, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Vaşinqtonun Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında Türkiyənin məhsuldar rolunu dəstəklədiyini bildirdi. Bu məsələ Türkiyə xarici işlər naziri Hakan Fidanın Vaşinqtonda amerikalı həmkarı Entoni Blinkenlə görüşündə də müzakirə olunub. Miller Fidanın Bakıdan verdiyi sülh mesajını da dəstəklədiklərini söylədi. Bu baxımdan, Türkiyənin baş diplomatının Azərbaycana səfəri təsadüfi deyildi. Görünən budur ki, prosesi məntiqli sona çatdırmaqla bağlı yekun qərar var. İndi qalır bunu sənəd üzərində rəsmiləşdirmək.
Ən önəmlisi budur ki, Türkiyənin sülh prosesindəki rolu artıq açıq görünür. Bu, Azərbaycanın maraqlarına uyğundur. Çünki Türkiyə Azərbaycanın müttəfiqdir”.