Prezident İlham Əliyevin imzalamış olduğu Sərəncamla gələn il fevralın 7-də ölkəmizdə növbədənkənar prezident seçkilərinin keçirilməsi mühüm tarixi hadisədir. Bu tarixi qərar ölkəmizin ictimai-siyasi tarixində yeni bir mərhələnin başlanğıcı olacaq. Növbədənkənar prezident seçkilərinin Azərbaycan tarixində ilk dəfə olaraq ölkənin bütün ərazisini əhatə etməsi isə olduqca qürurverici bir önəm kəb edir. Bununla da ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra bütöv və suveren Azərbaycanda ilk dəfə prezident seçkiləri baş tutacaq.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.
Professor qeyd edib ki, 44 günlük Vətən Müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası yeni reallıq formalaşdırıb: “Bu mənada gələn il keçiriləcək növbədənkənar prezident seçkiləri ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir. Sözsüz ki, cənab Prezident İlham Əliyevin verdiyi bütün qərarlar Azərbaycan xalqının maraqlarına və mənafeyinə xidmət edib. Hazırda Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixi ən qüdrətli bir dövrünü yaşayır. Bu baxımdan da növbədənkənar prezident seçkilərinin keçirilməsi haqqında verilmiş Sərəncam Prezident İlham Əliyev tərəfindən atılmış növbəti uğurlu və mütərəqqi addımdır hesab olunur. Prezident İlham Əliyevin 20 illik prezidentlik fəaliyyəti dövründə ölkəmiz olduqca böyük uğurlara imza atıb. Bu gün Azərbaycan regional və qlobal miqyasda söz sahibinə çevrilib. Azərbaycanın iştirakı və razılığı olmadan heç bir regional layihə reallaşa bilmir. Ölkəmiz öz ərazi bütövlüyünü, suverenliyini bərpa etməklə əslində beynəlxalq hüququn qərar və prinsiplərinə sadiqliyini bir daha nümayiş etdirdi”.
Deputat Prezident İlham Əliyevin liderliyi, qətiyyəti sayəsində Azərbaycan artıq regional və beynəlxalq səviyyədə təşəbbüskar ölkə olduğunu söyləyib: “Cənab Prezidentin praqmatik siyasətinin nəticəsi olaraq Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Ölkəmiz dünyada BMT-dən sonra ikinci böyük təşkilat olan Qoşulmama Hərəkatına uğurla sədrlik etməklə yeni çağırışların, təsəbbüşlərin və mütərəqqi ideyaların reallaşmasına mühüm töhvə verib. Avropanın enerji təhlükəsizliyində vacib rol oynayan Azərbaycan bu gün qalib ölkə kimi şərtləri diktə edən tərəfdir. Bütün bunlar Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin sayəsində əldə edilib. Məhz bu uğurlar fonunda 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar Prezident seçkiləri tariximizə Zəfər seçkiləri kimi daxil olacaq. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa verdiyi sözə tam əməl etdi və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi bərpa olundu. Şanlı üçrəngli bayrağımız Müzəffər Ali Baş Komandan tərəfindən Xankəndində, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər işğaldan azad edilmiş rayonlarımızda qürurla dalğalandırıldı. Bu mənada qarşıdakı növbədənkənar prezident seçkiləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə əminliyinin növbəti ifadəsi kimi tarixə düşəcək”.
Eldar Quliyev Yeni Azərbaycan Partiyası tərəfindən növbədənkənar prezident seçkilərində namizədliyi irəli sürülən cənab Prezident İlham Əliyevə xalqımızın hər zaman olduğu kimi böyük dəstək verəcəyinə əminliyini ifadə edib: “Azərbaycan xalqı ulu öndər Heydər Əliyev kursuna, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Zəfər strategiyasına birmənalı şəkildə dəstək verəcək. Qarabağı düşməndən azad edən bu gün 30 ilə yaxın ermənilər tərəfindən xarabalığa çevrilən əraziləri gülüstana çevirən cənab Prezident İlham Əliyevdir. Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən geniş quruculuq-abadlıq işləri “ağıllı kənd”, “ağıllı şəhər”, müasir aeroportlar inşa edilib, yaşıl enerji strategiyasına uyğun olaraq ən müasir standartlara uyğun yaşayış məntəqələri salınır. Bütün bu işlər Böyük Qayıdış strategiyasına uyğun ardıcıllıqla icra edilir. Məqsəd ən qısa zamanda 30 il qaçqın və məcburi köçkün həyatı yaşamış vətəndaşlarımızın öz ata-baba yurdlarına geri qayıdıb, burada əbədi, xoşbəxt, təhlükəsiz və sülh şəraitində yaşayışına nail olmaqdır. Hər zaman xalqın sevgisi ilə əhatə olunan Prezident cənab İlham Əliyevin qatılmış olduğu bütün seçki proseslərində olduğu kimi qarşıdakı prezident seçkilərində də xalqın böyük dəstəyi ilə növbəti dəfə uğura imza atacağı birmənalıdır”.