Azərbaycan müxtəlif istiqamətlər üzrə bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib. Bu tədbirlər ölkəmizin tanınması, onun mədəniyyəti, tarixi haqqında məlumatların əldə olunması, iqtisadi imkanlar, gələcək layihələrin və əməkdaşlıq perspektivlərin dəyərləndiriləsi baxımından xüsusi əhəmiyyət daşıyır. Beynəlxalq aləmin hər bir üzvünün razılığı BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Bakıda keçirilməsi ölkəmizin alternativ enerjiyə keçiddə öz imkanlarını nümayiş etdirmək üçün mühüm platformadır. Əlbəttə ki, bu səbəbsiz deyil. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində, onun prinsipial mövqeyi sayəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artır. Ölkə başçısının apardığı müstəqil siyasət, bütün qərar və addımların beynəlxalq hüququn norma və prinsiplərinə əməl edilməsi, əməkdaşlıq münasibətlərində dürüstlük, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası və digər amillər bütövlükdə Azərbaycana olan münasibəti müsbət mənada dəyişib.
Doğrudur, erməni diasporası və bəzi siyasi qüvvələr revanşist hərəkətlərini davam etməkdədir. Prezident İlham Əliyevin dediyi kimi, “Fransada və bəzi siyasi liderlər ermənilərdən daha çox erməni olmağa çalışırlar. Ancaq onlar da bu vəziyyətlə barışmağa məcbur olacaqlar” Belə ki, 2024-cü ildə dünyanın ən böyük və ən mühüm dövlətlərarası tədbirlərindən birinin Azərbaycanda keçirilməsi Fransadakı erməni havadarlarını ciddi təşvişə salıb. Onlar COP29-un Azərbaycanda keçirilməsinin əleyhinə mətn imzalayıblar. Maraqlıdır ki, Ermənistanın özü Azərbaycanın xeyrinə COP29 sessiyasına ev sahibliyi etmək üçün öz namizədliyini geri götürüb. Yəni, Ermənistan rəhbərliyi Azərbaycanla birbaşa danışıqlar aparmağın adekvatlığını və məlumatlılığını nümayiş etdirdiyi halda, Fransa erməniləri açıq şəkildə bu prosesi pozmağa çalışırlar. Bu və ya digər şəkildə Azərbaycanın düşmənləri növbəti uğursuzluqları ilə barışmalı olacaqlar.
Əslində, COP29-un Bakıda keçirilməsində gözlənilməz heç nə yoxdur. Azərbaycan dünya gündəmindəki qlobal problemlərin qarşısını almaq və həll yollarının müəyyən edilməsi üçün mühüm təşəbbüslər göstərən, çağırışlar edən, həmin məsələləri beynəlxalq səviyyədə aktuallaşdıran dövlət kimi kifayət qədər hörmət qazanıb. Pandemiya dövründə Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizin həyata keçirdiyi nəhəng diplomatik və humanitar fəaliyyəti, Azərbaycanın Qoşulmama Hərəkatının sədri bu qurumun institusional mexanizmlərin yaradılması səyləri konkret nümunədir. Həmçinin, Azərbaycan qlobal inteqrasiya prosesinə, nəqliyyat-kommunikasiya, loqistika layihələrinə ciddi töhfə verir və bu istiqamətdə səylərini artırmağa hazırdır.
Bundan başqa, Azərbaycanın irimiqyaslı beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə böyük təcrübəsi var. COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar müşavirədəki çıxışında bu məsələyə toxunan Prezident İlham Əliyev bildirdi ki, “Hər kəs bilir ki, bu mötəbər beynəlxalq tədbir ikinci dəfə Bakı şəhərində keçirilib. 50 il bundan əvvəl sovet Azərbaycanının paytaxtı olan Bakıda, bu il isə müstəqil Azərbaycanın paytaxtı olan Bakıda bu tədbir keçirilib. Ancaq təbii ki, COP29 bu vaxta qədər keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir. Hətta Avropa Oyunlarını xatırlasaq, o vaxt 5 min idmançı və onları müşayiət edən təqribən 3 min qonaq gəlmişdir. Ancaq COP29-da 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək, iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq. Müəyyən ehtimallara görə, təqribən 70-80 min xarici qonaq bu müddət ərzində ölkəmizdə olacaq”. Düşünürəm ki, COP29 sammiti də ən yüksək səviyyədə, iştirakçılar üçün səmərəli müzakirələr və qərarların qəbulu üçün hər cür şərait yaradılacaqdır. İqlim dəyişikliyi problemi təkcə dövlətləri deyil, bütün planeti əhatə edən çox ciddi problemdir. Azərbaycan COP29-u uğurla keçirməklə və alternativ enerjini inkişaf etdirməklə bu qlobal bəlaya qarşı mübarizəyə töhfə verəcəkdir. Belə bir tədbirin ölkəmizdə keçirilməsi beynəlxalq nüfuzun güclənməsi, xarici investorların diqqətinin Azərbaycana cəlb edilməsi baxımdan əhəmiyyət kəsb edir.
Milli Məclisin Komitə sədri, professor Hicran Hüseynova