Bu gün müşahidə edilən odur ki, Azərbaycana qarşı beynəlxalq yanaşmalar dəyişir. Artıq buna məhkumdurlar. Beynəlxalq qanun elə bir məsələdir ki, onu nəzərə almamaq mümkün deyil. Ancaq bir müddət sonra o səni nəzərə alır. Qanunlara, davranış normalarına zidd hərəkətlər etsələr, ayrı-ayrı dövlətlər özləri də hansısa səviyyədə gözəl başa düşürlər ki, bu, düzgün münasibət deyil.
Bunu Teleqraf.com-a Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov deyib.
Onun sözlərinə görə, bu məsələ yavaş-yavaş dəyişəcək: “Cənab Prezident İlham Əliyevin apardığı siyasət bunları mat vəziyyətində qoydu. Ona görə ki, onlar müdaxilə etmək, öz mövcudluğunu göstərmək istəyirdilər. Amma onların heç bir cəhdi keçmədi. Bunları deyəndə hamısını nəzərdə tuturam. Vaşinqton, Brüssel, Moskvanın cəhdləri reallaşmadı. Ancaq cənab İlham Əliyevin cəhdi keçərli oldu. Prezident bir daha bəyan etdi ki, birbaşa Ermənistanla danışıqlara başlayıb, bu məsələni produktiv şəkildə təşkil həll edə bilir. Bunu kiminsə vasitəsilə yox, sadəcə bir məkan kimi seçilirsə, yaxud da müsbət təsir göstərmək istəyirlərsə, etirazımız yoxdur. Ancaq həlledici məsələlər regionda, bizim əlimizdədir”.
Millət vəkili hesab edir ki, xüsusilə mübadilə və COP29 məsələsi həll olunandan sonra onların regionda təsirinin fərqli olduğunu başa düşdülər: “Bu, köhnə təsir kimi deyil. Fransa və Vaşinqton köhnə təsirlə nəsə etmək istəyir. Bu nöqteyi nəzərdən açıq danışsaq, bəlkə bunların içərisində Rusiya başa düşərək ki, zəifləyib öz münasibətini hansısa formada dəyişdirib və daha çevik şəkildə fəaliyyət göstərdi. Nəinki zəifləmiş ancaq bunu qəbul etməyən Vaşinqton və Brüssel faktoru qeyd edə bilərik”.
Səməd Seyidova görə, Azərbaycana qarşı olan cəhdlər bir balaca azalıb: “Amma bu heç də aradan qalxmayacaq. Bir müddətdən sonra yeni müstəviyə keçəcək. Yanvar ayında insan haqqları, Avropa Şurası, Avropa Parlamenti və başqalarının hədəfində biz həmişə olacayıq. Sadəcə olaraq indi onlar da başa düşürlər ki, hədəfə aldıqları Azərbaycan indi tamam başqa bir müstəvidədir. Ona görə də, təsir və nüfuz məsələlərini dəyişdirmək məcburiyyətində qalacaqlar. Görünən odur ki, bu proses gedəcək”.