30 Dekabr 2023 09:38
960
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin sentyabrın 19-20-də keçirilən bir günlük lokal antiterror tədbirləri nəticəsində Qarabağda mövcudluğunu saxlamış qondarma, separatçı rejim özünü buraxdığını elan etdi. Daha sonra Azərbaycan ərazisini tərk edən separatçı rejimin tör-töküntüləri özünü hələ də qondarma rejimin rəhbəri hesab edən Samvel Şahramanyan İrəvanda absurd iddialarla çıxış etməyə başlayıb. Separatçının bu yaxınlarda Xankəndidə qondarma rejimin buraxılması ilə bağlı verdiyi “qərar”ı ləğv edəcəyini açıqlaması onların yeni oyunlarından xəbər verir.

Bunu Teleqraf.com-a açıqlamasında hüquq elmləri doktoru, professor Məhəmməd İmanlı deyib.

“Bu gün Ermənistanda olan revanşistlər, xarici havadarları, erməni diasporu separatçıların yenidən Azərbaycana qarşı məkrli siyasətini davam etdirməyə təhrik edir. Sözsüz ki. Ermənistanda başqa bir dövlətin ərazisinə iddia fonunda qondarma bir rejimin yaradılması açıq siyasi təxribatdır. Azərbaycan dövləti son antiterror tədbirləri ilə bütün ölkə ərazisində konstitusiya quruluşunu bərqərar etdi. Ona görə də, Azərbaycan hüdudlarından kənarda ölkəmizin ərazisinin hansısa bir hissəsinə iddia etmək beynəlxalq hüquq, dövlətlərin ərazi bütövlüyü anlayış, BMT Nizamnamələrinə tamamilə ziddir”, – deyə o qeyd edib.

Professor hesab edir ki, bu, Azərbaycan konstitusiyasının müddəalarına qarşı olan iddiadır: “Bu cinayətin başında duranlar və separatçıların rəhbəri kimi çıxış edən Şahramanyan gec-tez Azərbaycan qanunları qarşısında cavab verməli olacaq. Azərbaycan hüquq-mühafizə orqanları bu kimi təxribatları diqqətdə saxlamalıdır. Baş prokurorluq bu kimi hadisələrin harada baş verməsindən asılı olmayaraq qanunvericiliyə uyğun həmin separatçıların məsuliyyət məsələsini təbii ki, gündəmdə saxlayır”.

Hüquq elmələri doktoru Nikol Paşinyan iqtidarının hakim olduğu ölkədə Azərbaycana qarşı bu kimi separatçı və təxribatçı çağırışların sülh prosesinə ciddi zərbə olduğunu bildirib: “Bu o deməkdir ki, Paşinyan özü də sülh prosesində sona kimi səmimi deyil. O, indiki halda daha çox zaman qazanmaqla prosesi qeyri-müəyyən vaxta qədər yubatmağa çalışır. Görünən odur ki, Ermənistan bu kimi cəhdlər fonunda yaranacaq zaman kəsiyində silahlanmaqla Azərbaycana qarşı revanşizm hərəkatını gücləndirmək niyyətindədir”.

Məhəmməd İmanlı vurğulayıb ki, Azərbaycan erməni tərəfinin bu iddialarına qarşı Qərbi Azərbaycan İcmasının öz tarixi ata-baba torpaqlarına qayıdışı məsələsini əks-arqument kimi qoya bilər: “Qərbi Azərbaycandan ermənilər tərəfindən didərgin salınmış şəxslərin hüquqları tanınmalıdır. Vaxtilə indiki Ermənistan ərazisində yaşamış şəxslərin öz yurdlarına qayıdaraq orada bərabər hüquqa əsaslanan formada yaşayışı ilə bağlı konsepsiya təsbit olunmalıdır. Burada həmçinin beynəlxalq hüququn tələblərindən də geniş istifadə oluna bilər”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər