28 Dekabr 2023 19:36
503
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi Azərbaycanın dünyada baş verən iqlim dəyişiklikləri, qlobal istiləşmə fonunda alternativ yollar axtarılması, yaşadığımız dünyanın qorunub-mühafizə edilməsi istiqamətində irəli sürdüyü mühüm təşəbbüslərdən biridir. Bu addım Azərbaycan dövlətinin dünyada baş verən mühüm proseslərə təsir imkanlarına sahib, təşəbbüskar dövlət olduğunun növbəti təzahürüdür.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

Deputat bildirib ki, bu Sərəncam ətraf-mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası, su ehtiyatlarından səmərəli istifadə olunması, alternativ enerji mənbələrinin axtarılması zərurətinin önəmini özündə ehtiva edir: “Bu gün yaşıl enerji mənbələrinin axtarılması və bu sahədə səmərəli tədbirlərin keçirilməsi Azərbaycanın enerji siyasətinin əsas istiqamətlərindən biridir. Onu da qeyd edək ki, "Azərbaycan 2030" Milli Prioritetlər sənədində 5 prioritetdən birinin təmiz ətraf mühit və yaşıl artım ölkəsi olaraq bəyan edilib. Həmin prioritetin özünün də yüksək keyfiyyətli ekoloji mühit və yaşıl enerji məkanı alt məqsədləri müəyyən edilib. Cənab Prezidentin müvafiq Sərəncamında da qeyd olunur ki, Azərbaycan tərəfindən son illərdə istər milli, istər regional, istərsə də qlobal səviyyədə ətraf mühitin mühafizəsi, ekoloji məsələlərə diqqətin göstərilməsi, eyni zamanda, iqlim dəyişiklikləri ilə bağlı aparılan işlər çox yüksək qiymətləndirilir”.

Deputat bildirib ki, ölkəmizin ərazisi yaşıl enerji mənbələri baxımından önəmli potensiala malikdir: “Beləki, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan Muxtar Respublikasının yaşıl enerji zonası elan olunması bunun əyani göstəricisidir. Bu baxımdan bir daha vurğulamaq lazımdır ki, dünyada yaşıl enerjidən istifadənin genişləndiyi bir vaxtda Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ölkəmizin qlobal əhəmiyyətli məsələlərdə təşəbbüskar dövlət olduğunu bütün dünyaya nümayiş olunması baxımından mühüm əhəmiyyət kəsb edir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər