2 Yanvar 10:29
1 843
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nikol Paşinyan 2023-cü ilin yekunu ilə bağlı açıqlamasında Azərbaycanın son anti-terror tədbirləri ilə bağlı bir neçə məqama toxunub. Əslində o, Azərbaycanın daxili işlərinə müdaxilə olsa, hansı vəziyyətin yarana biləcəyindən danışıb. Bildirib ki, Ermənistan açıq şəkildə Azərbaycanın daxili işlərinə qarışsaydı, buna qarşı adekvat addımlar atılacaqdı. Beləliklə, Azərbaycan da Ermənistanın daxili işlərinə qarışmaq hüququ əldə etmiş olacaqdı.

Bunu Teleqraf.com-a Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.

“Bu zaman Azərbaycan üçün strateji önəmə malik Zəngəzur ərazisi götürülə bilərdi. Paşinyan da demək istəyir ki, biz Azərbaycanın daxili işlərinə ona görə qarışmadıq. Bununla da Azərbaycanın onların daxili işlərinə qarışması üçün əsas yaranmayıb. Bu çox sadə bir izahdır”, - deyə o qeyd edib.

Partiya sədri hesab edir ki, əgər Ermənistan Azərbaycanın tərkibində terrorçu qrupların qalmasına dəstək verərsə, buna adekvat cavab mütləq olmalı idi:

“Beləliklə, Azərbaycanın beynəlxalq hüquqa görə özünə təhlükə yaradan dövlətə qarşı müharibə etmək ixtiyarı yaranırdı. Yəni həmin anda Azərbaycan Ermənistana müharibə elan edə bilərdi. Sözsüz ki, zəif Ermənistan ordusu sərhədlərini qoruya bilməyəcəkdi. Nəticədə, Azərbaycan Ordusu yarım saatın içində Ermənistan ərazisinin 90 faizini götürə bilərdi”.

Sərdar Cəlaloğluna görə, reallıq odur ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmayıbsa, bu müharibə riski deməkdir:

“Yəni faktiki olaraq tərəflər müharibə vəziyyətindədir. Sadəcə olaraq atəşkəs hökm sürür. Vuruşma dayanıb, müharibə isə bitməyib. Bu baxımdan hər an yenidən müharibənin aktiv fazaya keçməsi riski var. Ən kiçik hadisədən, müdaxilədən, təxribatdan müharibə alovlana bilər. Sülh müqaviləsi imzalanana qədər Azərbaycan və Ermənistan üçün risklər eynidir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər