10 Yanvar 16:19
679
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son proseslər göstərir ki, Ermənistan tərəfi Azərbaycanla sülh müqaviləsinin imzalanmasına daha çox maraq göstərir. Qarşı tərəfdə bu istiqamətdə bir qədər tələskənlik müşahidə edilir. Ötən ilin payız aylarında isə erməni tərəfi məsələni süründürməklə məşğul idi.

Bunu Teleqraf.com-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

O bildirib ki, Ermənistanın sülh prosesini gecikdirməsi onların gözləntiləri ilə bağlı idi:

"Qərb vasitəsi ilə Azərbaycana təzyiq göstərilərək Qarabağ məsələsində üstünlük əldə edəcəklərini düşünürdülər. Sentyabrda baş tutan antiterror tədbirlərindən sonra belə Ermənistan tərəfi Qarabağı tərk etmiş ermənilərin geri dönüşü kimi məsələlərin həll olunacağını gözləyirdi. Qərbin köməyi ilə bu məsələnin həll olunacağını proqnozlaşdırırdılar. Amma təzyiqlər onlara heç bir kömək etmədi. Beləliklə, Brüssel görüşündə erməni tərəfi Azərbaycana qarşı hər hansı sanksiyanının tətbiq olunmayacağını bildirdi”.

Mərkəz sədri ABŞ dövlət katibinin müavini Ceyms Obraynın məlum çıxışı və daha sonra Azərbaycana gəlməsi, burada məsələlərin həll olunması artıq ermənilərin ümidlərinin doğrulmadığını vurğulayıb:

“Ona görə də, erməni tərəfi ötən ilin dekabr ayında Azərbaycanın təkliflərinə cavab verməli oldu. Sülh sazişi ilə bağlı prosesləri bir az sürətləndimək üçün cəhdlər edildi. Hazırda isə bəzi müzakirə ediləsi məsələlər var. Azərbaycanın təklifləri qarşı tərəfə təqdim olunub. Artıq bu ayın əvvəlində ermənilər Azərbaycanın təkliflərinə cavab verdiklərini açıqlayıb”.

Fərid Şəfiyev hesab edir ki, göndərilən təkliflərə Ermənistanın cavabına Azərbaycandan da müvafiq reaksiya olacaq:

“Görünən isə odur ki, Ermənistan tərəfi tezliklə sülhə nailmağa çalışır. Təbii ki, sülh hər iki ölkə və region üçün lazımdır. Ermənilər də bunu özləri üçün vacib bir məsələ kimi dərk etməyə başlayıb. Çünki 30 il ərzində işğal siyasəti yürütmüş bir dövlət müharibədə məğlub və artıq öz təhlükəsizliyi haqqında düşünür. Sözsüz ki, sülhün nə vaxt imzalanacağı ilə bağlı konkret vaxt vermək çətindir. Hazırda bu istiqamətdə müzakirələr davam edir”.


Müəllif: Tapdıq Qurbanlı