16 Yanvar 12:29
1 705
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Zərdüşt Əlizadə Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Zərdüşt bəy, Nikol Paşinyanın Zəngəzur dəhlizi ilə bağlı son açıqlaması hansı məntiqə əsaslanır? İranla Azərbaycan arasında olan razılaşmaya istinad edilməsi doğrudur?

- Görünən odur ki, Nikolun məntiqlə arası o qədər də yaxşı deyil. Çünki o, məntiqi düşünsə idi, ağlına gələrdi ki, balaca Ermənistan İran deyil. Misal olaraq deyim ki, siz də, Danimarkanın yeni kralı X Fredirik də insandır. Sizin əgər ağlınız yerindədirsə, deyə bilməzsiniz ki, X Fredirikin hüquqları məndə də olmalıdır. Çünki o, Danimarkanın kralıdır. Siz isə adi jurnalistsiz. Ona görə də, Paşinyan Ermənistanla İranı müqayisə edəndə yanlışlığa yol verib. İrana edilən şərtlər Ermənistana şamil oluna bilməz.

- Sizcə, qarşı tərəfin bu ritorikası sülh prosesinə necə təsir edəcək? Bu il üçün sülhlə bağlı gözləntilərin indidən iflasa uğradığını söyləmək olarmı?

- Hər halda Azərbaycanla Ermənistan arasında danışıqlar gedir. Müzakirələrin də məqsədi odur ki, tərəflər mövqelərini mümkün qədər yaxınlaşdırsın. Eyni zamanda tərəfləri uzlaşdırmağa nail olunsun. Bunun nəticəsində hansısa bir sənəd imzalansın. Sözsüz ki, indi mövqelər fərqlidir. Təbii ki, eyni də ola bilməz. Mövqelər eyni olsa idi, heç bu iki dövlət arasında müharibələr olmazdı. Bütün hallarda indi tərəflər arasında qarşılıqlı olaraq bir-birinə razılaşma ilə bağlı təkliflər göndərilir. Bunun fonunda hər iki tərəf mövqelərini uzlaşdırmağa çalışır. Bu əslində dünyada qəbul edilmiş qaydadır. Danışıqlar belə aparılır.

- Erməni tərəfindən Zəngəzurdan keçidlə bağlı iddia edilən qaydalar, rejimlər hansı presidentlərə əsaslanır?

- Meğri yolunun tikintisi bir-iki ilə başa çatdıqdan sonra Azərbaycandan Naxçıvana gedəcək yüklərin və sərnişinlərin keçmə rejimi də razılaşdırıla bilər. Bununla bağlı dünyada müxtəlif ölçülü rejimlər, qaydalar var. Mələsən, Rusiyadan Kalininqrada gedən yüklərin və sərnişinlərin keçmə rejimini Zəngəzurda da tətbiq etmək olar. Eyni zamanda başqaları da burada fərqli bir rejimin olmasını təklif edir. Ona görə də, tərəflər razılığa gəlib hər iki ölkəyə sərf edən bir formatı qəbul edə bilərlər.

- Sərhədlə bağlı Paşinyan növbəti dəfə 1991-ci ilin Almatı bəyanatına istinaddan danışıb. İsrarla bu bəyanatın üzərində dayanmaq üçün Ermənistanın hansı əsasları var?

- Almatı razılaşmasının əhəmiyyətini Ermənistan özü səfeh xülyası ilə qüvvədən salmışdı. Çünki onlar həmin razılaşmaya əlavə etmişdilər ki, Qarabağı öz ərazimiz sayırıq və onun Azərbaycan tərkibində olduğunu qəbul etmirik. Burada əlavə bir qoşma yazmışdılar. Buna keçmiş sovet respublikalarının 11-i imza atmışdı. Ancaq Gürcüstan orada iştirak etməmişdi. Əslində bunla da Azərbaycanın sərhədlərini Ermənistan tərəfi real olaraq tanımamışdı.

- Belə olan halda Ermənistan sərhədləri ilə bağlı hansı məntiqə istinad edilirdi?

- Bu əslində o mənaya gəlirdi ki, Ermənistan tərəfi öz sərhədlərini də tanımadığını bəyan edir. Çünki Azərbaycan sərhədləri Ermənistan sərhədləri ilə eyni müstəvidə dayanmalıdır. Ona görə də, Azərbaycan tərəfi haqlı olaraq Ermənistana deyir ki, sən o sərhədləri tanımamısan. Ona görə də gəl ikitərəfli qaydada oturub yeni razılaşdırılmış sərhədləri müəyyənləşdirək.

- Ermənistan bundan niyə çəkinir?

- Bu da sözsüz ki, Ermənistana sərf etmir. Çünki yenidən sərhədlərlə bağlı razılaşmalar başlayanda tarixi reallıq və güclü tərəf öz mövqeyini ortaya qoyacaq. Ona görə də, erməni tərəfi bu məsələdə bir qədər əsəbidir. Amma bu onların öz axmaqlıqlarına görə olan bir məsələdir. Çünki vaxtilə öz gələcəklərini yaxşı görməyiblər.

- 1970-ci illərin xəritələri ilə bağlı erməni tərəfinin iddiaları nədən ibarətdir?

- Əslində o dövrün xəritələrində ciddi bir şey olmasa da görünür erməni tərəfi hansısa məsələdə özünə istinad axtarır. Görünür sovet dövründə bir sıra ərazilər Azərbaycandan alınıb Ermənistana verilib. Bu ərazilər kiçik olsa belə onlar bundan imtina etmək istəmir. Yəqin ki, onların əsas gətirdiyi məsələlər məhz budur.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər