Ermənistan tərəfinin Azərbaycan Ordusunda aparılan hər hansı yerdəyişmədən narahatlığı heç bir məntiqə əsaslanmır. Torpaqlarımız işğaldan azad edildikdən sonra erməni tərəfinin səksəkə içində olduğu müşahidə edilir. Onların narahatlığı indi də davam edir. Qarabağ işğal altında olduğu dövrlərdə Ordumuzda hansısa dəyişiklikdən erməni tərəfinin narahatlıq keçirməsi haradasa normal idi və buna nəsə bir ad vermək olardı. Hər hansı ciddi problemin olmadığı indiki şəraitdə Ermənistanın salmış olduğu hay-küyün məntiqi əsası yoxdur.
Bunu Teleqraf.com-a hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.
O qeyd edib ki, Ermənistan tərəfi bu kimi hay-küylə Azərbaycan ətrafında ajiotaj yaratmağa çalışır:
“Amma onların bu narahatlıqları əsassızdır. Son dövlər sülh müqaviləsi ətrafında olan fikirlər, Davosda aparılan danışıqlar fonunda Ermənistanın prosesdən kənar məsələləri gündəmə gətirməsi tamam başqa məqsədlərə xidmət edir”.
Polkovnik hesab edir ki, Ermənistan bu məsələləri gündəmə gətirməklə guya Azərbaycanın hansısa bir addım atacağı və nəyəsə hazırlaşır kimi bir görüntü yaratmağa çalışır:
“Azərbaycan Ordusunda dəyişikliklər proqram xarakterlidir. Bunu hansısa amillərlə əlaqələndirmək ermənilər üçün görünür vərdişə çevrilib”.
Üzeyir Cəfərova görə, Ermənistandan olan reaksiyalara əhəmiyyət vermək lazım deyil:
“Azərbaycan Ordusunda bəzi kadr islahatları həyata keçirilir. Bu islahatlar bundan sonra da davam edəcək. Bu məsələlərdə ermənilərin fikrinə əsas vermək məntiqsizdir”.
Qeyd edək ki, general Hikmət Mirzəyevin Müdafiə nazirinin müavini, Quru Qoşunları Komandanı təyin edilməsi Ermənistan tərəfində ciddi narahatlıqla qarşılanıb.