24 Yanvar 19:58
1 839
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Tofiq müəllim, Rusiya sülh müqaviləsinin Moskvada imzalanmasını təklif edir. İrəvan isə Bakıdan belə bir razılığın alınmadığını deyir. Tərəflərin bu təklifə necə yanaşacağını düşünürsünüz?

- Azərbaycan ikitərəfli formatda danışıqların tərəfdarı olduğunu bəyan edib. Burada heç bir vasitəçiyə ehtiyac qalmır. Ermənistan isə bəzi məqamlara görə istəyir ki, vasitəçilər, təminat olsun. İrəvan Fransa kimi ölkələrin dəstəyini sona kimi hiss etmək istəyir. Buna baxmayaraq Azərbaycan köhnə mövqeyində qalıb. Çünki Qərb də bu gün öz platformasında müzakirələrin bərpasından danışır.

- Birbaşa danışıqların nəticəsi ilə bağlı gözləntilər nədən ibarətdir?

- Bakının təklifi odur ki, birbaşa danışıqlar daha yaxşı nəticə verə bilər. Çünki vasitəçilik təklif edən tərəflərin hərəsinin öz maraqları var. Amma sülh prosesini kiminsə maraqlarına qurban vermək olmaz. Azərbaycan bunu qəbul etmir.

- Dəhlizlə bağlı erməni tərəfi inkarçı mövqedən əl çəkmir. Maneəsiz keçidin mümkün olmayacağı iddia edilir. Bu halda Bakının mövqeyi necə olacaq?

- Bu, Ermənistan tərəfindən verilən ilk belə açıqlama deyil. Azərbaycan buna qarşı məsələni daha kəskin qoymalıdır. Azərbaycanı vaxtilə bolşeviklər iki hissəyə bölüblər. Bu tarixi ədalətsizlik bərpa olunmalıdır. İstisna edilmir ki, Ermənistanın bu mövqeyində dəyişiklik olmasın. Bakı bu halda tarixi Zəngəzur torpağının geri qaytarılmasını daha kəskin şəkildə səsləndirəcək.

- Rusiyadan indiki halda Ermənistana “Smerç” raketlərinin göndərilməsi ilə bağlı fərqli fikirlər səslənir. Ermənistanın yenidən silahlandırılması nəyə xidmət edir? Eskalasiya riskləri varmı?

- Azərbaycan indiki halda hansısa gərginliyin təşəbbüskarı olmayacaq. Bu baxımdan ölkə rəsmiləri tərəfindən müxtəlif səviyyələrdə aydın şəkildə bəyanatlar verir. Sadəcə bölgədə nüfuzunu itirən ölkələr çalışırlar ki, hansısa gərginliyin nəticəsində burada mövqe qazansınlar. Məqsəd bölgəni əldən buraxmamaqdır. Çünki burada olacaq münaqişə vasitəsi ilə regionu idarə etmək niyyətləri var.

- Bakının bu kimi hallara qarşı adekvat reaksiyası necədir?

- Bakı sülh yolu ilə həlli mümkün olan bütün prosesləri yoluna qoymaq istəyir. Bu mövqe bundan sonra da davam edəcək. Eyni zamanda Ermənistanın addımları diqqətlə izlənilir. Reallıq odur ki, Ermənistan havadarları tərəfindən regionda sabitliyi pozmaq üçün istifadə oluna bilər.

- Anklavlarla bağlı məsələnin həllini necə görürsünüz? Ermənistanın danışıqlar yolu ilə kəndləri boşaldacağı ehtimalı nə dərəcədə realdır?

- Azərbaycanın anklavlarla bağlı haqlı tələbləri var. Ermənistan isə bunu qəbul etmir. Belə olan halda Azərbaycan vaxtilə bolşeviklər tərəfindən tapdanmış hüquqlarının bərpasını gündəmə gətirə bilər. Artıq bu məsələ ictimai səviyyədə ciddi şəkildə səslənir. Çünki anklavlar və eksklavlar məhz o ərazidə yerləşir ki, bolşeviklər 1929-cu ildə bu torpaqları qanunsuz olaraq Ermənistana verib. Təxminən 12 min kv km-dən çox ərazi ermənilərə güzəştə gedilib. Keçmiş Dağlıq Qarabağın ərazisindən təxminən üç dəfə böyük bir ərazi Ermənistana verilib. Ona görə də, Azərbaycan bu məsələni gündəmə gətirməkdə haqlıdır. Məqsəd də odur ki, sülh müqaviləsi tərəflərin maraqlarını tam əks etdirsin. Bakı bununla prosesə balanslı baxış tələb edir.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər