25 Yanvar 19:58
1 958
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Zərdüşt Əlizadə Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Zərdüşt bəy, sülh müqaviləsinin Moskvada imzalanması ilə bağlı Kremlin çağırışları var. Azərbaycan və Ermənistanın bu platformada yekun razılığa gəlmək ehtimalını necə dəyərləndirirsiniz?

- Azərbaycana Rusiya, Avropa, Amerika lazım deyil. İkitərəfli formatda Ermənistanla sülh müqaviləsinin imzalanması daha məqbuldur. Çünki üçüncü tərəfin prosesdə iştirakı onun öz marağını ortaya qoyması ilə nəticələnir. Azərbaycan və Ermənistana üçüncü tərəfin marağını nəzərə almaq maraqlı deyil. Sabit sülhün ikitərəfli qaydada imzalanması ən yaxşı seçimdir.

- Ermənistanın qarantiya olaraq sülh prosesində hansısa üçüncü tərəfin iştirakı ilə bağlı iddiası hansı məntiqə əsaslanır?

- Burada hər-hansı zaminə ehtiyac yoxdur. Sülh prosesində zamin olacaq tərəf gəlib, ancaq iki ölkənin maraqlarını müdafiə etmir. Üçüncü tərəf həmişə öz maraqlarını müdafiə edib. Ona görə də, bu, çox məntiqsiz bir təklifdir.

- Sergey Lavrovun Azərbaycanla Ermənistan arasında danışıqlarda Rusiya faktorunu önə çəkməsi nəyə hesablanıb?

- Lavrovun dediklərinin heç bir mənası yoxdur. Artıq qatar gedir. Onlar isə platformada qalıb. Uzaqdan sonuncu vaqonun işıqları yavaş-yavaş əriyir. Bu mənada onların indiki təşəbbüsləri gecikmiş yanaşmadır. Artıq tərəflərə Rusiya lazım deyil. Moskva özünün dağıdıcı fəaliyyətini görüb qurtarıb.

- Zəngəzur dəhlizi ilə bağlı erməni tərəfi növbəti dəfə inkarçı mövqedən çıxış edir. Gömrük prosedurları əsasında kommunikasiyaların açılması ehtimalından danışılır...

- Meğridən keçəcək Zəngəzur dəhlizinin açılması gələcəyin işidir. Azərbaycan dəmir yolu şəbəkəsi bu ilin sonuna kimi Mincivan qəsəbəsinə qədər qurulacaq. Artıq Araz çayı üzərindən körpü tikilir. Bundan sonra isə şosse yolunun çəkilişinə başlanılacaq. Ermənistan tərəfi bu istiqamətdə heç bir təşəbbüs göstərməsə, İran tərəfi ilə bu məsələ həll olunacaq. Beləliklə, Araz çayının sağ sahili ilə dəmir yolunun Naxçıvana qədər çəkilişi başlayacaq. Bu halda Ermənistan növbəti dəfə bölgədəki bütün layihələrdən kənarda qalacaq. İrəvan özünün seçdiyi yarım blokada şəraitində yaşamalı olacaq. Meğridən yolun çəkilməsi il yarım iki il çəkəcək. Əgər erməni tərəfi indiyə kimi heç nə etməyibsə, bundan sonra da hansısa iş görmək fikrində deyil.

- Rəsmi İrəvan bununla nəyə nail olmaq niyyətindədir? Dəhlizin açılmaması Ermənistana nə verəcək?

- Bu düşmənçilikdən başqa bir şey deyil. Düşünürlər ki, buna razılıq verməməklə Azərbaycana ziyan vursunlar. Əslində bununla ermənilərə iki qat ziyan dəyir. Onlar bunu dərk etmir. 44 km-ə qədər olan bir məsafədən söhbət gedir. Yəni, yarım saatlıq bir yol üçün sərhəd, gömrük və inzibati qaydaların tətbiqi mənasızdır.

- Sülhməramlılarla bağlı məsələnin Azərbaycan və Rusiya arasında həll olunacağı açıqlanıb. 2025-ci ilə kimi rus sülhməramlısının Qarabağı tərk edəcəyi gözlənilirmi?

- Rus sülhmərmalıları Azərbaycan ərazisindədir. Ona görə də, burada hər hansı bir məsələ Azərbaycan hökumət ilə razılaşdırılmış qaydada həll olunacaq. Bu Azərbaycanla Rusiyanın razılığına əsaslanır. Onların qalıb-getməsi iki dövlətin iradəsindən asılıdır. Bunun Ermənistanla hər hansı bir əlaqəsi yoxdur.

- Sülhlə bağlı ötən ilin sonuna yaxın müsbət dinamika var idi. İndiki halda tərəflərin mövqeyində nə kimi yaxınlaşma müşahidə edilir?

- Nikol Paşinyanın Ermənistan konstitusiyasında islahatların aparılması ilə bağlı bəyanatını buna misal göstərmək olar. Bununla Ermənistan konstitusiyasında Azərbaycanla imzalanacaq mümkün sülh müqaviləsinə olan maneələr aradan qaldırılır. Konstitusiya layihəsində Qarabağın Ermənistan ərazisi olması haqqında olan məntiqsiz müddəalar çıxarılacaq. Bununla da real addım atmaq üçün heç bir əngəl qalmayacaq.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər