Bu günlərdə Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla bir-birinə hücum etməmək haqqında paktın imzalanmasını və silahlara nəzarət məsələsini gündəmə gətirib. Bu, sözsüz ki, onun ağlının məhsulu deyil. Azərbaycanın və Ermənistanın bir-birində olan silahlara nəzarət imkanı yoxdur. Sadəcə olaraq Ermənistanda olan Avropa İttifaqının missiyasının tərkibində hansısa bir qrupun formalaşması ilə silahlara nəzarət mexanizmi anlayışı nəzərdə tutulur.
Bunu Teleqraf.com-a hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.
O qeyd edib ki, bir müddət öncə erməni tərəfinin güzgü effekti ilə qoşunların geri çəkilməsi məsələsi də bu iddiaların tərkib hissəsidir:
“Əslində Ermənistan rəhbərliyi bilir ki, silahlara nəzarət üzrə beynəlxalq inspeksiya bu prosesi həyata keçirir. Paşinyan bunları bildiyi halda qeyri-ciddi təklif irəli sürür. Hər il ölkələr beynəlxalq konvensiyaya uyğun olaraq silahlarla bağlı təftiş olunur”.
Polkovnikin fikrincə, əslində Paşinyan Hindistan və Yunanıstandan aldıqları silahların Azərbaycanda olan silahlara nə dərəcədə adekvat olduğunu müəyyənləşdirməyə çalışır:
“Məqsəd hərbi balansı hansısa formada qorumaq niyyəti var. Görünən isə odur ki, Paşinyanın hərbi məsləhətçiləri məlumatsızdır. Əgər hər hansı bir dövlət yüz tankı olduğu halda əlavə 10 tank alırsa, beynəlxalq kvotanı keçməmək həmin on tank utilizasiya edilir”.
Üzeyir Cəfərov beynəlxalq ekspertlərin konvensiyadan nəzərdə tutulmuş miqdardan artıq silahların utilizasiyası ilə bağlı ciddi təftiş apardığını söyləyib:
“Bununla bağlı video və fotolara baxılır, yerində sayım işləri həyata keçirilir və s. Bir çox dövlətlər beynəlxalq yoxlanışdan silahları gizlətmək üçün müxtəlif üsullardan istifadə edirdi. Artıq bu da mümkün deyil. Çünki peyk vasitəsi ilə silahların harada, necə saxlanıldığını açıq şəkildə görmək olur”.