Prezident İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edərkən onunla bir çox vacib məsələlərə dair fikir mübadiləsi aparılıb. Ölkəmizin başçısı Azərbaycanla Ermənistan arasında münasibətlərin hazırkı vəziyyəti, Avropa Şurasının ölkəmizə qarşı riyakar, qərəzli münasibətindən bəhs edib. Prezident xüsusi olaraq Avropa Şurası Parlament Assambleyasının addımlarının dialoqa zərbə olduğunu söyləyib. Dövlətimizin başçısı tərəfindən AŞPA-nın bu cür yanaşmalarının parlament platforması sahəsində mövcud ənənələrlə ziddiyyət təşkil etdiyi vurğulanıb.
Bunu Teleqraf.com-a YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, Azərbaycan Avropa Şurasına üzv olarkən əsas məqsəd Ermənistanın işğal və etnik təmizləmə, soyqırım siyasətinə beynəlxalq təşkilat səviyyəsində adekvat reaksiyaların verilməsinə nail olmaq idi: “Azərbaycanın Avropa Şurasından əsas gözləntiləri məhz bu müstəvidə olub. Faktiki olaraq ölkəmizin Avropa Şurasından olan gözləntiləri özünü doğrultmadı. Bunun əksinə olaraq təşkilat ölkəmizə qarşı ikili standartlar siyasəti həyata keçirtməyə davam etdi. Məhz bu amillər və Azərbaycana qarşı olan məntiqsiz, ittihamlar Avropada, bəzi avropalı siyasətçiləri üçün demokratiyanın, həqiqətə olan yanaşmanın heç bir önəminin qalmadığını ortaya çıxartdı”.
Deputat hesab edir ki, AŞPA-nın sonuncu qış sessiyasında Azərbaycan nümayəndə heyətinə qarşı olan ədalətsizlik riyakarlığın, qərəzli münasibətin növbəti təzahürü idi: “Burada erməni lobbisinin xüsusi olaraq Fransa prezidenti Emmanuel Makronun rolu açıq görünür. Çünki E.Makron məhz erməni lobbisinin fitvası ilə Azərbaycana qarşı əsassız beynəlxalq qərarların, hücumların təşəbbüskarıdır. Eyni zamanda erməni lobbisinin istək və arzularının ifadəsi olaraq son dövrlər bəzi Qərb dövlətləri və təşkilatları Azərbaycan qarşı “səlib yürüşünə” başlayıb. İslamafob, anti-Azərbaycan, antitürk davranışları artıq xroniki hal almağa başlayıb. Bütün bunlar isə Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam təmin etməsi ilə bağlıdır”.
Millət vəkilinə görə, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan, qəbul edilən ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi erməni lobbisini, bəzi Qərb dövlətlərinin, təşkilatlarının yuxusuna haram qatıb: “Azərbaycanın AŞPA-da olan nümayəndə heyəti bu cür ikili yanaşmalara etiraz əlaməti fəaliyyətini qeyri-müəyyən vaxta qədər təxirə salması doğru addım idi. Sözsüz ki, Azərbaycan AŞPA-dan doğru-düzgün yanaşma tələb edir. Təşkilat özünün beynəlxalq hüquqa əsaslanan mövqeyinə uyğun mövqe sərgiləməklə Azərbaycan nümayəndə heyətinin hüquqlarının bərpasına da nail olmalıdır. Cənab Prezidentin də vurğuladığı kimi əks təqdirdə, Azərbaycan tərəfindən də Avropa Şurası və Avropa İnsan Hüquqları Məhkəməsində iştirak məsələsinə yenidən baxılması qaçılmaz olacaq”.
Sevinc Hüseynova bu gün bir sıra beynəlxalq qurumlarının, Avropa Şurası və Avropa İttifaqı kimi təşkilatların dünyada insan hüquq və azadlıqlarının müdafiəçisi kimi fəaliyyətində olan qərəzli məqamlara diqqət çəkib: “Amma çox təəssüf ki, məhz bu qurumlar Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın işğal faktına, bir milyon azərbaycanlının öz ölkəsində qaçqın və məcburi köçkünə çevrilərək, fundamental hüquqlarının pozulmasına dair heç bir effektiv reaksiya verməyib. Onların münasibəti ancaq növbətçi xarakter daşıyıb. Bu xüsusda ATƏT-in Minsk Qrupunun artıq keçmişdə qalmış fəaliyyətsizliyi Azərbaycan xalqının yaddaşındadır. Çünki keçmiş Minsk qrupu tərəfindən Azərbaycan torpaqlarının işğaldan azad olunması və məcburi köçkünlərin geri qayıtması istiqamətində heç bir təsirli addım atılmadı. Ermənistana təzyiq göstərilmədi və müvafiq sanksiyalar tətbiq olunmadı”.
Təftiş Komissiyasının sədri cənab Prezident tərəfindən də vurğulandığı kimi hazırda Azərbaycanla Ermənistan arasında sülh müstəvisində atılan addımların diqqətlə izlənildiyini söyləyib: “Sözsüz ki, yekun sülhün əldə edilməsi üçün konkret addımların atılması labüddür. Bu prosesin məntiqi sonluğa çatdırılması üçün sülh müqaviləsi imzalanmalıdır. Bunun üçün ilk növbədə Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır. Ermənistanın konstitusiyasında və digər normativ-hüquqi sənədlərində Azərbaycanın ərazi bütövlüyünə təhdid yarada biləcək çağırışlara son qoyulmalıdır. Qeyd olunan sənədlərdə müvafiq dəyişikliklər edildiyi təqdirdə, iki ölkə arasında sülhə nail olmaq mümkün olacaq. Təbi ki, sülhün əldə olunması Cənubi Qafqazda davamlı sabitlik və tərəqqiyə xidmət edəcək mühüm amillərdən biridir”.