22 Fevral 18:15
863
12 Punto 14 Punto 16 Punto 18 Punto

Münxen Təhlükəsizlik Konfransında bütün ümidləri puça çıxan Ermənistan Baş naziri Nikol Paşinyanın dərhal Fransaya getməsi və orada Makrona hesabat verməsi gözlənilən idi. Azərbaycan Prezidenti İlham Əliyevin Münxendə yüksək səviyyədə qarşılanması, Ermənistanın bütün yalanlarını ifşa etməsi və xarici dövlətlərin, beynəlxalq təşkilatların Cənubi Qafqaz siyasətlərində dəyişiklik etmələrinin vacibliyinə dair təklifləri ermənilərdə dərin məyusluq yaradıb. Erməni mətbuatının “Əliyev Münxendə də qalib gəldi” başlıqlı yazılarında Paşinyanın qeyri-peşəkar siyasi fəaliyyəti ciddi tənqid olunurdu. Paşinyan Ermənistan cəmiyyətində ona qarşı inamsızlığın daha da güclənməsinin qarşısını almaq üçün Parisə uçdu və orada “böyük qardaşı” Makronla birlikdə Azərbaycanın ünvanına hədyanlar söylədilər. Təbii ki, onların regiona heç bir sülh gətirməyən “solo çıxışları” Ermənistan cəmiyyətinin sakitləşdirilməsinə xidmət edir”.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Ramiz Alıyev bildirib.

Onun sözlərinə görə, Paşinyan və Makronun Parisdə “Fransız Müqaviməti”nin qəhrəmanı, erməni Misak Manuşyan və həyat yoldaşı Melinin yenidən keçirilən dəfn mərasimində iştirakı da “iki bacı dövlət”in tarixi əlaqələrindən xəbər verir:

“Makon Paşinyanla görüşündə nə qədər gizlətməyə çalışsa da, Azərbaycana qarşı qərəzli münasibətini yenidən ortaya qoydu. O, fevralın 13-də Azərbaycan Silahlı Qüvvələrinin Nerkin-Hand kəndi yaxınlığındakı erməni mövqelərinə endirdiyi zərbəni qeyri-mütənasib adlandırıb. Makron təəssüflənir ki, Azərbaycan Ordusu 1 yaralı sərhədçisinin qisasını almaq üçün ermənilərin 4 hərbçisini məhv edib, 1-ni isə yaralayıb. Çox maraqlıdır ki, AXCP sədri Əli Kərimli mətbuata açıqlamasında “qisas əməliyyatı”nı tənqid edərək, deyib ki, Azərbaycanın cavabı adekvat olmayıb, “aşırı gücdən” istifadə edib. Təəssüf ki, Azərbaycanda bu cür vətənpərvərlikdən uzaq, xaricilərə xoş gəlmək üçün çıxışlar edən siyasətçilər var. Yəqin ki, belə siyasi qüvvələr Makronun “Azərbaycan öz ordusunu sərhəddən geri çəksin” kimi sərsəm təkliflərini də dəstəkləyər”.

Alıyev hesab edir ki, Fransa Azərbaycan torpaqları işğal altında olduğu 30 ildə münaqişənin həlli üçün heç bir canfəşanlıq göstərməyib:

“Bizim torpaqlarımı alınanda, yüz minlərlə vətəndaşımız qaçqın düşəndə, kəndlərimiz, şəhərlərimiz yandırılanda Fransa özünü çox soyuqqanlı aparırdı. Nəyə görə Fransa dövləti, Makron 2020-ci ildən əvvəl Alma-Ata bəyannaməsi və müəyyən xəritələr çərçivəsində ərazi bütövlüyünün vacibliyi barədə çıxışlar etmirdi? Sərhədlərin İrəvanın istədiyi xəritələr əsasında müəyyənləşdirilməsi Makronun yadına indi düşdü? Ermənistanın Azərbaycanın 8 kəndini hələ də işğal altında saxlayır. Nə üçün Makron bu barədə danışmır? Düşünürəm ki, Fransa bu cür qərəzli mövqeyi ilə özünü Azərbaycan-Ermənistan arasındakı danışıqlar prosesindən, ümumiyyətlə, Cənubi Qafqaz bölgəsindən təcrid edib. Bu ölkə Makronun timsalında inamını, etibarını itirib”.

Politoloqa görə, Makron Fransa müqavimət hərəkatının erməni iştirakçısı Misak Manuşyanın proseslərdəki rolunu çox şişirdib:

“Bunu Fransa-Ermənistan münasibətlərinin tarixi, bu günü və gələcəyi ilə bağlayıb. Deyib ki, Fransa Ermənistana hərbi və digər yardımlarını davam etdirəcək. Makron nə üçün Fransa müqavimət hərəkatındakə azərbaycanlıların rolundan danışmır. Partizan Əhmədiyyə Cəbrayılov hərəkatın aparıcı nümayəndələrindən olub. O, “Armed Mişel” ləqəbi ilə Fransanın azadlığı uğrunda döyüşüb. Sonralar general Şarl de Qoll onunla görüşüb, şəkil çəkdirib. Cəbrayılov Fransanın ən yüksək hərbi və mülki dövlət mükafatı olan “Fəxri Legion” ordeni ilə təltif olunub. Manuşyanı göylərə qaldıran Makron Əhmədiyyəni nə tez unutdun? Makron və dostları Azərbaycan haqqında qərəzli, ədalətsiz mövqe tutarkən, heç olmasa Əhmədiyyə Cəbrayılovun ruhundan utansınlar. Əhmədiyyə Cəbrayılov bilsəydi ki, nə vaxtsa Fransa lideri Azərbaycana qarşı çirkin kampaniya aparacaq, bəlkə də o, fərqli davranış sərgiləyərdi”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər