22 Fevral 20:25
1 287
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Cümşüd Nuriyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Cümşüd bəy, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş nazir Nikol Paşinyanın Münxen görüşü danışıqların növbəti raundu kimi dəyərləndirilir. Bəlli fasilədən sonra tərəflərin yenidən bir araya gəlməsi sülh prosesinə necə təsir edə bilər?

- Prezident İlham Əliyev də elan etdi ki, Ermənistanın baş naziri ilə keçirilən görüş effektiv idi. Sözsüz ki, dövlət başçıları hər hansı bir görüş keçirdikdə burada müzakirə edilən məsələlərin detallarını konfindensial olaraq saxlayır. Tərəflər ümumi bir məlumat verir. Diplomatik dildə görüşün uğurlu, normal keçirildiyi açıqlanır. Bu xüsusda Azərbaycanla Ermənistan arasında Almaniya kansleri Olaf Şolzun təşəbbüsü ilə baş tutan görüş diqqəti çəkir. Bu, daha çox Almaniya ilə Fransa arasında kimin önə keçmək iddiası ilə bağlı olan məsələdir. Azərbaycan üçün bunlar önəmli deyil. Hansı platforma olur-olsun Bakı haqlı tərəfdir.

- Münxendə razılaşmalar daha çox hansı istiqamətdə oldu? Ermənistanın işğalında qalan 8 kəndin bu görüşdə müzakirə edildiyi ilə bağlı da fikirlər səslənir...

- Münxendə iki istiqamətdə müzakirələr aparıldı. Bu ,sülh sazişinin imzalanması və sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı idi. Azərbaycan Prezidenti hələ də Ermənistanın işğalında qalan 8 kəndin geri qaytarılmasını tələb edir. Bu, 2020-ci il 10 noyabr üçtərəfli bəyannamədə də öz əksini tapıb.

- Son dövrlər Zəngəzur dəhlizi müzakirələrin predmeti kimi bir qədər arxa plana keçib. Sizcə buna səbəb nədir? Dəhliz məsələsinin gündəmdən çıxarılması nəyə hesablanıb?

- Sözsüz ki, Münxen görüşlərində də mütləq ki, dəhlizlə bağlı söhbət olub. Amma ortada hansı nəticə var, onu deyə bilmərik. Çünki dəhliz də üçtərəfli bəyanatda əksini tapmış məsələdir. Ermənistan Təhlükəsizlik Şurasını katibi Armen Qriqoryan bildirib ki, Azərbaycan sülhlə bağlı yeni təkliflər göndərib. Çox güman ki, sülh sazişinin ilk çərçivə razılaşması işçi qrupu tərəfindən hazırlanacaq. Əslində bu müzakirələr adətən qapalı aparılır. Tərəflər öz fikirlərini göndərir, işçi qrupları bunların üzərində işləyir. Hər bir təklif razılaşdırıldıqca səhifənin altında imza atılır. Buna rəsmi dildə paraflanma deyilir. Yəni tam olaraq sülh mətni paraflandıqdan sonra artıq imzalanmağa təqdim edilir.

- Hazırda sülhü çətinləşdirən əsas amillər nədən ibarətdir? Bölgə dövlətlərinin bu xüsusda rolu nə dərəcədə böyükdür?

- Bu sahədə əslində elə bir ciddi problem görünmür. Ermənistan da artıq başa düşdü ki, onun yanında olanların öz maraqları var. Paşinyan peşəkar siyasətçi olmadığına görə bunları anlamır. Ona görə də, erməni tərəfi tamam çaşqın bir durumda hərəkət edir. Hazırda Ermənistan üçün Fransa nağıl danışır, Amerika ayrı bir şey deyir. Avropa İttifaqının mövqeyi isə fərqlidir. İran faktoru da bu prosesdə təsirli amildir. Rusiya isə tamamilə əks qütbdə dayanıb. Belə olan halda Ermənistan tərəfindən normal bir yanaşma gözləmək də çətinləşir.

- Azərbaycanın təklif etdiyi ikitərəfli rakursda danışıqların aparılması ilə bağlı gözləntilər nədən ibarətdir?

- Hazırda ikitərəfli razılaşma daha məqbul seçimdir. Ermənistan bu müstəvidə səmimi olsa yaxın bir-iki ay ərzində ilkin razılaşmaların əldə olunacağı ehtimalı böyükdür. İlkin variant kimi sülh sazişinin imzalanması daha məqbuldur. Çünki çərçivə sülh sazişində ardıcıllıq, yol xəritəsi olmalıdır. Bu saziş imzalanmalıdır ki, digər proseslərə keçid olsun.

- İrəvanın indiki halda yekun sülhə gedəcəyi ehtimalı nə dərəcədə realdır?

- Ermənistanın başqa şansı qalmadığı üçün bu addımı atmaq məcburiyyətindədir. İrəvan buna mütləq gedəcək. Bunu başqa cür dəyərləndirməyə ehtiyac yoxdur. Çünki Ermənistanın bütün gözləntiləri alt-üst oldu. Son olaraq tanınmış idmançı Kamil Zeynallı işi Azərbaycanın gücünü göstərdi. Azərbaycan vətəndaşına qarşı Ermənistanın irəli sürdüyü iddialar təbii ki, yalan və əsassızdır. Bunu İnterpol xətti ilə deyil, yalnız MDB çərçivəsində gündəmə gətirməsi Ermənistanın nə qədər çıxılmaz vəziyyətdə qaldığını göstərir. Sözsüz ki, Azərbaycan dövləti öz vətəndaşını bütün qollarda müdafiə etməyi bacardı. Azərbaycan iradə dövləti olduğunu sübut etdi. Ermənistan isə bir neçə saatın içərisində anladı ki, yanlış addım atıb. Rusiyada da başa düşdülər ki, bu onlar üçün yaxşı heç nə vəd etmir.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər