12 Mart 15:35
1 062
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Avropa İttifaqına üzv olması ilə bağlı bu ölkənin xarici İəişlər naziri Ararat Mirzoyanın açıqlamaları “niyyətin bacarıqdan çox olması fəlsəfəsi” ilə izah oluna bilər. Bu amil əslində iki siyasi faciənin təzahürüdür. Ermənistan bir dövlət kimi özünü müəyyənləşdirə bilməyib. İrəvan bilmir ki, indi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının, Avrasiya İqtisadi Birliyinin yaxud da Avropa İttifaqının, NATO-nun üzvü olsun.

Bunu Teleqraf.com-a Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov deyib.

“Prezident İlham Əliyev də vurğulayıb ki, erməni tərəfi eyni anda iki stulda oturmaq istəyir. Bu sözsüz ki, ermənilərin faciəsidir. Avropa Birliyinin mövqeyinin nə dərəcədə faciəvi olduğu üzə çıxır. Avropa Birliyinin, Avropa Parlamentinin, Avropa Şurasının tələblərini “baş üstə” sözü ilə yerinə yetirən Ukrayna bir ölkə kimi dünya xəritəsindən silinmək təhlükəsi ilə üzləşib. Amma Avropa Birliyinin nümayəndələri Ukraynanın üzvlüyünün sual altında olduğunu bəyan edir”,- deyə o qeyd edib.

Millət vəkili bunun əksinə Ermənistanın mövqeyinə Avropa Birliyinin dərhal reaksiya verdiyini söyləyib:

“AB vaxt itirmədən Ermənistanla işləməyə hazır olduğunu bəyan edir. Bu faktın özü təşkilatın qeyri-ciddi siyasətini göstərir. Ona görə də, bu təşkilatlarla münasibətlər qurularkən yalnız milli maraqların qorunması önə çəkilməlidir. Sınıq-salxaq, müstəqilliyi, heç bir nailiyyəti olmayan Ermənistanı Avropa Birliyinə qəbul etmək haqqında olan yanaşmalar onların düşüncəsinin açıq ifadəsidir”.

Səməd Seyidov hesab edir ki, Ukraynaya daha uzaq, ögey yanaşan Avropa Birliyi Ermənistana daha çox qucaq açır:

“Çünki Ukraynaya Avropa Birliyi geosiyasi maraqlar çərçivəsində gəlir. Bunu isə hansısa formada kənara qoymaq da olar. Ermənistana münasibət isə Avropa Birliyinin daxilində korrupsiya lobbisinin fəaliyyəti nəticəsində formalaşır. Əslində isə hər iki tərəfin bu formada yaxınlığı regiona böyük təhlükə yaradır. Regionda münasibətləri formalaşdırmamış kənarda əlaqələr qurmaq istəyən hər hansı dövlət öz coğrafiyasında problemlərlə üzləşə bilər”.


Müəllif: Tapdıq Qurbanlı