12 Mart 19:50
1 161
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Fərhad Mehdiyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Fərhad bəy, son dövrlər bölgədə gərginliyin yaranacağı ilə bağlı bəyanatlar verilir. Ermənistan Azərbaycanla şərti sərhəddə təxribatlara əl atır. İran Zəngəzurla bağlı iddialarını yenidən gündəmə gətirir. Hindistan və Fransanın bölgəyə silah daşıması ilə bağlı faktlar var. Belə olan halda yeni eskalasiya riskini necə dəyərləndirmək olar?

- Bölgədə yeni bir eskalasiya riskinin olması qaçılmazdır. Bu ehtimallar var. Belə bir istisna mümkündür. Eyni zamanda bu, Qarabağ ətrafında, Azərbaycan-Ermənistan şərti sərhəd xəttində olmaya bilər. Rusiyanın Ermənistanda hərbi bazaları var. İrəvan da bu günlərdə Rusiyaya bəyanat göndərib ki, Zvartnost hava limanından rus sərhədçilərini çıxarsın. Erməni tərəfi rus əsgərlərinə ehtiyaclarının olmadığını bildirib. Ermənistan özünün bu işləri icra edə bilmək imkanlarının olduğunu qeyd edib. Artıq Ermənistan ərazisindən rus hərbi kontingentinin çıxarılması ilə bağlı müəyyən siqnallar verib. Zavartnostdakı məsələ həll edildikdən sonra Gümrüdəki rus hərbi bazası da gündəmə gələ bilər.

- Rusiya Ermənistanın bu yanaşmalarını necə qarşılayacaq? Kremlin İrəvanın tələblərinə soyuqqanlı reaksiya verəcəyi ehtimalı varmı?

- Hər halda bu hadisələr Rusiyanın xoşuna gəlməyəcək. Rus hərbçilərinin Ermənistandan çıxarılması onlar üçün adi qarşılanacaq məsələ deyil. Ona görə də, bu bölgədə hansısa hadisələrin olması təbiidir. Eyni zamanda burada digər təxribat elementləri də diqqətlə izlənilməlidir. Bunun rus hərbçilərinin, erməni təxribatına cavab olaraq Azərbaycanın adekvat reaksiyası ilə yaranması ehtimalı var. Ona görə də, indidən bu barədə nəsə demək çətindir.

- “Zəngəzura Azərbaycan müdaxilə edərsə, İran qarşılıq verəcək” deyə açıqlamalar gəlir. Tehranın Zəngəzurla bağlı narahatlığına səbəb nədir?

- Azərbaycanı İran özünə müəyyən şərtlər daxilində təhlükə kimi görür. Çünki İran ərazisində kifayət qədər azərbaycanlı yaşayır. Orada yaşayan azərbaycanlıların hüquqları da davamlı şəkildə pozulur. Bununla bağlı Azərbaycan tərəfindən reaksiyalar verilib. Bundan əlavə İran Ermənistanla quru sərhədin saxlanılmasını vacib hesab edir.

- Bu xətt İran üçün nə qədər əhəmiyyətlidir?

- İki ölkənin birbaşa sərhədinin olması ticarət üçün daha sərfəli hesab olunur. Çünki onlar üçüncü dövlət üzərindən ticarət aparmaq istəmir. Burada tranzit daşımaları və digər xərclər gündəmə gətirilir.

- Zəngəzur dəhlizi İran-Ermənistan sərhədini necə aradan qaldıra bilər?

- Əslində İran buna görə narahat olmamalıdır. Çünki Zəngəzur dəhlizi İranın cənub hissəsini Ermənistandan tamamilə qoparası deyil. Bu, dəhlizin alt və üst hissəsi olacaq. Burada Ermənistanın da suverenliyinə heç bir təsir amili mümkün deyil. İranın da Ermənistanla sərhədi qorunub saxlanılacaq.

- İstisna hal kimi İran və Ermənistan hansı arqumenti gündəmə gətirir?

- Zəngəzur dəhlizi birbaşa Araz çayının üstü ilə keçərsə, bu hal yaşanar. Belə olduqda dəhliz İranla Ermənistan arasında qalacaq. Bununla onların sərhədləri bölünmüş olacaq. Əks halda hər iki dövlətin sərhədləri toxunulmaz olur. Sadəcə İran Azərbaycanın bu qədər güclənməsini istəmir. Hazırda İran ərazisində Azərbaycanın tarixi torpaqları var. Vaxtilə Rusiya-İran arasında imzalanmış Türkmənçay müqaviləsi əsasında belə bir reallıq yaranıb. Məhz bu səbəbə görə də, İran Azərbaycanla bağlı məsələlərə ehtiyatla yanaşır.

- İranın Zəngəzurda hərbi baza yaratmaq iddiasına region dövlətlərinin Azərbaycan, Türkiyə və Rusiyanın münasibəti necə olacaq?

- Rusiya buna heç vaxt razılıq verməz. Moskvanın razılıq vermədiyi halda İranın Ermənistanda hərbi baza yaratması mümkün deyil. Sadəcə olaraq İran öz iddialarına əsasən Zəngəzurda hansısa müşahidə məntəqəsi qura bilər və s. Məsləhətçi təşkilat yaradıb bölgəyə 50-100 İran əsgəri göndərilə bilər. Amma Zəngəzurda hərbi baza statusunda orada nəsə yaratmaq mümkün görünmür. Çünki şərait buna uyğun deyil.

- Gümrüdə Rusiyanın hərbi bazası olduğu halda Ermənistan buna risk edəcəkmi?

- Fakt odur ki, Avropa İttifaqı və Fransa hərbçilərini Ermənistan monitorinq adı ilə ərazisinə gətirib. İndi onların say tərkibini də artırmağa çalışırlar. Amma atılacaq digər addım gərginliyə səbəb olacaq. Ermənistan bu gərginliyi necə idarə edəcək, ona baxmaq lazımdır.


Müəllif: Tapdıq Qurbanlı