Rusiya Cənubi Qafqaz üzrə Cenevrə müzakirələrinin İsveçrədən başqa ölkəyə köçürülməsi məsələsini gündəmə gətirib.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Diplomat bildirib ki, Rusiya tərəfi artıq bu mövzunu praktikada tətbiq edir.
Zaxarova qeyd edib ki, regionda vəziyyətin proqnozlaşdırıla bilənliyini təmin etmək, habelə tanınmamış Abxaziya və Cənubi Osetiya ilə Gürcüstan arasında dialoqu saxlamaq məqsədilə beynəlxalq forumun təxirə salınması İsveçrənin vasitəçiliyinə etimadın itməsi ilə bağlıdır.
Onun sözlərinə görə, artıq bir sıra dövlətlər yeni müzakirə platforması roluna iddialıdır və onlardan bəziləri müntəzəm görüşlər üçün yer verməyə razılaşıblar.
2008-ci ildən Cenevrədə BMT, Avropa Birliyi və ATƏT-in vasitəçiliyi ilə Abxaziya, Gürcüstan, Rusiya, ABŞ və Cənubi Osetiyanın iştirakı ilə Cənubi Qafqazda təhlükəsizlik və sabitliyə dair beynəlxalq müzakirələr keçirilir. Proses ənənəvi olaraq iki işçi qrup çərçivəsində təhlükəsizlik və humanitar məsələlər üzrə aparılır. Cenevrə tanınmamış qurumlar və Tiflis arasında yeganə dialoq platformasıdır.