15 Aprel 17:37
903
12 Punto 14 Punto 16 Punto 18 Punto

Regional və qlobal miqyasda baş verən proseslərin Cənubi Qafqaza təsiri qaçılmazdır. Elə bir situasiya yaranıb ki, Rusiya-Ukrayna müharibəsi arxa plana keçib. İndi Yaxın Şərq, İsrail-İran münasibətləri gündəmdədir. Dəməşqdəki İran konsulluğuna hücumdan sonra İran İsrailə cavab verəcəyini açıqlamışdı. Sadəcə olaraq bu cavab görüntü xarakteri daşıdı.

Bunu Teleqraf.com-a politoloq Zərdüşt Əlizadə deyib.

O qeyd edib ki, ABŞ Prezidenti Cozef Bayden İsrailin Baş naziri Benyamin Netanyahuya İranla münaqişənin genişləndirilməsində maraqlı olmadıqlarını deyib:

“Bu o deməkdir ki, İsrailin ABŞ-ni İranla müharibəyə cəlb etmək məqsədi pozulacaq. Çünki Amerikada seçkilər keçiriləcək, ona görə itkilər vermək istəmir. Vaşinqton hələ öz məsələləri məşğul olmaq niyyətindədir”.

Politoloq hesab edir ki, İran da münaqişənin genişlənməsinə maraqlı deyil:

“Sözsüz ki, İran-İsrail münaqişəsinin Cənubi Qafqaza təsiri ilə bağlı danışmaq tezdir. Genişmiqyaslı müharibə başlamayana qədər iki ölkə arasındakı gərginliyin bölgəyə təsiri olmayacaq”.

Zərdüşt Əlizadəyə görə, hazırda Azərbaycanla Ermənistan arasında olan sülh prosesi öz məntiqi ardıcıllığı ilə davam edir:

“Eyni zamanda Azərbaycan və İran da münasibətlərini kəskinləşdirmək istəmir. Ona görə də, proseslərin öz axarında inkişaf dinamikası lazımi səviyyəyə çatana qədər gözləmək lazımdır”.


Müəllif: Tapdıq Qurbanlı