Politoloq İlqar Vəlizadə Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Rusiya sülhməramlıları Qarabağdan çıxırlar. Kremli bu qərara gətirən durumu necə izah etmək olar? Hətta ruslar bura gələndə iddia olunmuşdu ki, uzunmüddətli planları var, nə vaxtından əvvəl, nə sonra gedəcəklər. Belə idisə, fikir niyə dəyişdi?
- Rusiyanın “uzunmüddətli plan”ının olduğunu kim deyirdi? Bunları Rusiyada qərarları verən şəxslər dilə gətirmirdilər. Bunları Solovyov kimi əqli keyfiyyəti aşağı olan insanlar, yəni təbliğatçılar deyirdilər. Hadisələr də göstərdi ki, belələri qərar qəbul edən mərkəzlərdən uzaq insanlardır.
Düzdür, onlara nə diktə edirlərsə, deyirlər, amma qərarların hansı şəraitdə və kimlər tərəfindən verildiyini anlamırlar. Sadəcə kimlərinsə dediklərini təkrarlayırlar. Ciddi adamlar anlayırdılar ki, qərarlar nə zaman, hansı şəraitdə olacaq, kimlər bu qərarları verəcək.
Hikmət Hacıyevin açıqlaması da göstərdi ki, bu, ən yüksək səviyyədə qəbul olunmuş qərardır. Yəni prezidentlər cari siyasəti, durumu, ikitərəfli münasibətləri və inkişafını, regionda gedən prosesləri götür-qoy edərək bu qərara gəliblər.
Məsələ budur ki, Rusiyanın media məkanında uzun illər ermənipərəst lobbi formalaşmışdı, onlar bir çox məsələləri istədikləri kimi qələmə verirdilər. Onlar 44 günlük müharibədə də başqa cür danışırdılar, amma hadisələr göstərdi ki, dediklərinin heç biri real deyil, reallaşmadı da. Məsələni ciddi araşdıranda görürsən ki, bu addım qaçılmaz idi. Sadəcə məqamı gəlməli idi, o da gəldi.
- İddialar səsləndirilir ki, Kremllə Bakı arasında hansısa anlaşma var, sülhməramlılar da bu çərçivədə çıxarılıb. Belə bir şey ola bilərmi?
- Uzun illər KİV hesabına bir mənzərə, yaxud klişelər yaratmağa çalışırdılar. Klişelər də elədir ki, uzun illər insanların beyinlərində qalır. Vəziyyət dəyişsə də, təəssüf ki, bəzilərinin beyinləri hələ də gec işləyir. Klişelərdən biri o idi ki, ruslar Azərbaycana giriblərsə, heç vaxt çıxmayacaqlar. Abxaziya, Cənubi Osetiya və Dnestryanını misal göstərirdilər. Bir klişe də var ki, Rusiya nə edirsə, təzyiqlər edir, qarşıdakı dövlət də bunu qeyd-şərtsiz qəbul edir. İndi də deyirlər ki, ruslar elə-belə çıxmırlar, Azərbaycanın boynuna nəsə qoyublar.
Təsəvvür edək ki, Rusiya sülhməramlıları regionda qaldılar, bəs hansı əsaslarla, nəyə görə? Ermənilər yoxdur, gəlmirlər, gəlmək də istəmirlər. Azərbaycan bunu açıq şəkildə demirdi, çünki Rusiya ilə konstruktiv danışıqlar və normal münasibətlərimiz var. Yəqin qapalı şəraitdə çatdırmışıq ki, vəziyyət dəyişib, siz də görürsünüz, fəaliyyətinizi hansı adla davam etdirəcəksiniz. Beləliklə, danışıqlar əsnasında qərara gəlinib ki, Rusiya hərbçilərini Qarabağda saxlamağın adı yoxdur.
Ermənilər burada qalsaydılar, heç olmasa, 5-10 min, yəqin ki, sülhməramlılar çıxmayacaqdılar. Yoxdular deyə çıxırlar, vəziyyət dəyişib. Yəni ona görə çıxmırlar ki, Azərbaycan üzərinə hansısa öhdəlik götürüb.
- Deyək ki, ermənilər Qarabağa qayıtmaq istədilər və qayıtdılar, ruslardamı qayıdacaqlar?
- Buna inanmıram. Bu ehtimal sıfıra bərabərdir, artıq ermənilər gəlməyəcəklər. Fərz edək ki, qayıtmaq istəyirlər, bunu 25-ci ilədək eləməlidirlər. Çünki üçtərəfli razılaşmaya görə, Rusiya sülhməramlıları 25-ci ilədək qalmalıdır. Heç o vaxta qədər də ermənilər qayıtmayacaqlar. Razılaşma konkret vaxtı əhatə edirdi, o keçəndə razılaşma da qüvvədən düşür. Bunun üçün yeni razılaşma lazımdır, Azərbaycan da heç vaxt buna getməyəcək.
- ABŞ Dövlət Departamenti Qarabağdan çıxan Rusiyanı ermənilər üçün “etibarsız müttəfiq” adlandırdı və bölgədə sabitliyi pozmaqda ittiham etdi. ABŞ-nin reaksiyası nə anlama gəlir? Yəni Rusiyaya niyə separatizmi sonadək dəstəkləmədiyinə görəmi etiraz edirlər? Maraqlıdır, ABŞ üçün Rusiya ordusu necə Donbasa girəndə “işğalçı”, Qarabağa girəndə “sülhməramlı”, çıxdıqda isə “pozucu” ola bildi?
- Bu, onların içüzlərini göstərir. Təəssüf ki, bizim ictimaiyyət uzun illər Qərbin məsələyə daha “obyektiv, ədalətli və beynəlxalq hüquq çərçivəsində” yanaşdığını düşünürdü. İndinin özündə də belə düşünən insanlar ki, ABŞ və Avropa Birliyi fərqli yanaşır. Belə deyil, onların sadəcə vasitələri fərqlidir, amma yanaşma eynidir. Bu, müstəmləkəçi yanaşmasıdır. Rusiyada bir cürdür, Qərbdə başqa cür...
ABŞ rəsmiləri və ya həmsədrləri ötən 30 ildə Minsk qrupunda hansı obyektiv fəaliyyətlə yadda qaldılar? Düzdür, Metyu Brayza maraqlarımıza uyğun sözlər deyirdi, elə ABŞ-nin özünü qıcıqlandıran çağırışlar edirdi, amma o da heç nə edə bilmədi. Çünki qərarı verən o deyildi. Bəs digərləri nə etdilər, hansı müsbət təklifi verdilər? Rusiya “Kazan prinsipləri” və “Lavrov planı”nı irəli sürmüşdü, bəs ABŞ nə elədi? İndi ayılıblar.
Əslində, bütün münaqişə dövründə moderatorluq Rusiyada idi, Amerika və Fransada yox. Rusiyanın bu fəaliyyəti onları qane edirdi. İndi də reallıqla barışa bilmirlər, başa düşmək istəmirlər ki, regionda vəziyyəti Azərbaycan digər oyunçularla tənzimləyir, əsasən də Rusiya ilə. Rusiya ilə də əlaqələrimizi elə qurmuşuq ki, maraqlarımız təmin olunur. Əslində, biz rusları da başa salmışıq ki, bizim maraqlarımız təmin olunanda sizin də maraqlarınız təmin oluna bilər.
Rusiyanın Qarabağdakı hərbi mövcudluğu Azərbaycanla münasibətlərin gərginləşməsinə gətirib çıxara bilərdi. İndi Rusiya ordusu çıxır, amma Rusiya şirkətləri gəlir. Həmin şirkətlər azad edilmiş ərazilərdə fəaliyyət göstərirlər. Bu da onların maraqlarına uyğundur, biz də maraqlıyıq. Çünki onların texnikaları daha ucuz və sərfəlidir, eləcə də tikinti materialları. Sərfəli tikintinin aparılması bizim üçün önəmlidir.
Bəs Amerika nə edir? Bunlar boş sözlərdir, heç nəyə təsir göstərməyən açıqlamalardır. ABŞ hələ də Azərbaycana qarşı “907-ci düzəliş”i qüvvədə saxlayır. Amerikalıların bizə “töhfə”si budur? Biz reallıqları görmək şərtilə öz addımlarımızı atırıq.
- Rusiyaya “Niyə Qarabağdan çıxdın?” eyhamını vuran ABŞ, elə bu iddiada olduqlarını artıq dillərinə gətirmiş Fransa kimi bəzi Avropa Birliyi ölkələri belə bir istəkdə ola bilərlərmi? Yəni “sülhməramlı” adı altında Azərbaycan ərazisinə - Qarabağa girmək kimi...
- Buna heç bir zəmin yoxdur. Hansı əsaslarla qüvvələrini Qarabağda yerləşdirəcəklər? Nəyə görə? Kim onlara imkan verəcək? Bura Azərbaycan ərazisidir. Azərbaycan buna icazə verməyəcək. Hansı hüquqi əsaslara söykənərək bunu etmək istəyəcəklər? Belə bir hüquqi əsas yoxdur.
- Fransa səfirini niyə geri çağırdı? O da maraqlıdır ki, çağırılma ilə rusların Qarabağdan çıxmaları eyni vaxta düşdü. Bunları bir-birləri ilə əlaqələndirmək nə qədər düzgündür?
- Əlaqə yoxdur. Ümumiyyətlə, səfirin hansı funksiyası var? Səfirin işi odur ki, münasibətləri yaxşılaşdırsın, yaxud hansısa faydalı layihələr həyata keçirsin. İndiyədək Fransa səfirində hansı faydalı layihə, münasibətlərin inkişafına töhfə görmüşük?
Hər bir səfirin işi odur ki, təmsil etdiyi ölkənin xoşməramlılığını göstərsin, münasibətlərdə pozitiv dinamika yaratsın və sair. Fransanın qərəzli münasibəti fonunda münasibətlərin inkişafında danışmaq mümkündürmü? Bir “Total” var ki, enerji sahəsində müsbət işləri var. Bu da ona görədir ki, biz birbaşa “Total”la işləyirik. Bunun da Fransa hökumətinə heç bir təsiri yoxdur. Yaxud Fransanın bölgədə hansı nüfuzlu mövqeyi var ki, Azərbaycana qarşı belə mövqedə dayanır?
Yəqin Parisdə başa düşüblər ki, səfirin buradakı fəaliyyətinə lüzum yoxdur. Əslində, bu, Fransanın nüfuzunun aşağı düşməsindən xəbər verir. Böyük dövlətlər həmişə çalışırlar ki, hansısa bölgədə nüfuz sahibi olmaq istəyirlərsə, orada müsbət işlər görürlər, müəyyən həmlələrlə balans yaratmağa və maraqlarını təmin etməyə çalışırlar. Amma Fransa edə bilmədi, balansı pozdu. Anladılar ki, bu yolla balansı bərpa edə bilməyəcəklər və bu addımı atdılar.
- Ermənistan Baş naziri Nikol Paşinyan sərhəd kəndlərinin sakinləri ilə görüşündə sərhəd və sülh məsələsinin həlli, eləcə də tələb olunan kəndlərin Azərbaycana qaytarılmasının tarixi önəmindən danışdı. Hətta Ermənistan daxilindən gələn bütün riskləri gözə alaraq bu yolda özünü qurban verdiyini də dedi. Yəni Azərbaycan üçün davam edən tarixi proseslər sülh müqaviləsinin imzalanması ilə sonlana bilərmi?
- Məntiqi nəticə bu ola bilər. Amma məsələ budur ki, açıqlamalardan başqa əməli addımlar görmürük. Əldə olunmuş konkret nəticə yoxdur. Bir nəticə o oldu ki, ötən ilin dekabrında tərəflər saxlanılan hərbçiləri dəyişdilər, Ermənistan COP29-un Azərbaycanda keçirilməsinə dəstək verdi. Əlbəttə, bu, müsbət və konkret məticədir. Başqa hansı nəticə var? Əlbəttə, Ermənistan əməli addımlar atsa, o zaman görə bilərik ki, müsbət və real nəticələr var. Hazırda yalnız sözlər və çıxışlar görürük.
Paşinyan dedi ki, konstitusiya dəyişəcək, dəyişmədi. Dedi ki, himn və gerb dəyişəcək, dəyişmədi. Dörd kəndin qaytarılacağını da dedi, hələ də qaytarılmayıb. Qalan hansı məsələlərdə real addımlar atıblar? Bəlkə innən belə konkret nəticələr görək, buna ümid edirik.