22 Aprel 19:57
1 882
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Zərdüşt Əlizadə Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Zərdüşt bəy, Ermənistan işğalda saxladığı Qazax rayonunun 7 kəndindən anklav olmayan 4 kəndin Azərbaycana təhvil verilməsi ilə bağlı razılıq verib. Bunu tərəflər birbaşa danışıqlarla həll edib. Sizcə, bu razılaşma sülh üçün nə dərəcədə təkanverici amil ola bilər?

- Zor və güc tətbiq olunmadan tərəflərin hansısa bir məsələdə razılığa gəlməsi yaxşı əlamətdir. Artıq qan tökmədən razılaşmanın əldə olması təbii ki, müsbət hadisədir. Bu cür addımlarla tərəflər sülh razılaşmasına da yaxınlaşır.

- Kəndlərin təhvil verilməsinə qarşı erməni cəmiyyətində olan reaksiyaları necə dəyərləndirirsiniz?

- Fakt bu gün erməni cəmiyyətində bu prosesə qarşı heç bir ciddi reaksiya yoxdur. Bir ovuc vəzifə hərisi gəlib sərhədyanı kəndlərin camaatını qızışdırır. Onlar kəndlərin qaytarılmaması ilə bağlı yerli camaatın etirazına nail olmaq istəyir. Orada bir neçə erməni kəndi var və onların etirazı heç bir məna kəsb etmir. İrəvandan gedib orada bir ovuc dələduz, keçmiş məmurların nəsə etmək imkanları yoxdur.

- Paşinyanın bu etirazçılara reaksiyası necədir?

- Bu adamlara toxunmağa ehtiyac da yoxdur. Düşünür ki, onun imicinə söz gələr. Əslində Paşinyan da bilir ki, bu etiraz edən adamlar hoppanıb-düşüb sonra yerlərinə qayıdacaqlar. Onlar erməni cəmiyyətində nüfuzlarını itirmiş rüşvətxor, bivec adamlardır.

- Azərbaycanla sərhədlərin Almatı razılaşması əsasında aparılacağı açıqlanıb. Bu şərtlər hər iki tərəf üçün nə dərəcədə məqbuldur?

- Yeganə prinsip budur. Almatı razılaşması hər iki tərəfə sərf edir, Azərbaycan üçün də əlverişlidir. Keçmiş Sovet Sosialist Respublikasının inzibati əraziləri, yəni Azərbaycan SSRİ-nin sərhədləri indiki kimi təsbit olunur. Bununla da dövlət sərhədləri müəyyənləşir. 86,6 min kv km-lik ərazi məhz bu müstəvidə həllini tapır. Ermənistan isə 29,8 min kvlik ərazidə öz mövcudluğu ilə razılaşır.

- Anklavlarla bağlı yaxın dövr üçün gözləntilər nədən ibarətdir?

- Bu məsələ delimitasiya komissiyalarının işi çərçivəsində yavaş-yavaş öz həllini tapacaq. Zahirən görünən odur ki, Mger Qriqoryanla Şahin Mustafayev (Azərbaycan və Ermənistan tərəfindən baş nazirlərin müavinləri) müsbət iş əzmindədir. Razılaşma üzərində iş gedir. Qarşılıqlı anlaşma, siyasi iradə var.

- Sərhədlərin bir xətt üzrə həlli ilə bağlı söhbətlərin olduğu iddia edilir. Bu hansı məntiqlə izah olunur?

- Hər iki tərəfdən baş nazirlərin müavinləri, onların ətraflarındakı mütəxəssislər məsələni necə həll etməyin yollarını bilir. Hansı həll tapılsa, xalqlar da onu qəbul edəcək. Əsas odur ki, müharibə, ölüm-itim olmadan məsələ həll olunsun.

- Sizcə, Azərbaycanla Ermənistan arasında aparılan intensiv danışıqlar Zəngəzur dəhlizinin açılması ilə bağlı prosesə necə təsir edə bilər?

- Dəhlizin açılması üçün müəyyən stimul var. Bu mövzu heç də gündəlikdən kənar deyil. Əldə edilən digər razılaşmaların bu prosesə təsiri böyükdür. Ona görə də, yaxın bir ildə Zəngəzur dəhlizinin açılması istiqamətində müsbət nəticələrin olacağı proqnozlaşdırılır.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər