Azərbaycanda iki müxalifət var. Bunların bir qismi parlamentdədir. Bir qismi parlamentdən kənardadır. Konstruktiv müxalifət hakimiyyəti tənqid edir, təkliflərini verir, cəmiyyətlə işləyirlər. Yəni özlərini demokratik cəmiyyətin bir hissəsi hesab edirlər. Digər hissəsi isə radikal müxalifət, hansı ki, onlar üçün konstitusiyada özlərinə uyğun qanunlar yazılmayıb.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, onlar üçün əsas məsələ hakimiyyətin zorla devrilməsidir:
“Onlar öz təbliğatında, fəaliyyətində hər hansı qanun, nə də mənəviyyat prinsipi tanımırlar. Radikal müxalifət son günlər fəallaşıb. Bunun da səbəbi gün kimi aydındır. Səbəbi payızda baş tutacaq COP29 nüfuzlu beynəlxalq tədbirinin keçirilməsidir. Radikal müxalifət bir qayda olaraq, Azərbaycanda nüfuzlu beynəlxalq tədbirlər keçirilən ərəfədə qeyri-qanuni mitinqlər, aksiyalar süni surətdə qarşıdurma yaratmağa meyllidir. Görünür ki, Azərbaycanın 110 ölkədən 70 minə qədər qonağının gəlməsi xaricdə müəyyən dairələrin heç də maraqlarına xidmət etmir. Beynəlxalq tədbirdə Azərbaycanın təbiətin ekologiyanın qorunmasına töhfəsi göstəriləcək. Eyni zamanda xarici qonaqlar Azərbaycan reallıqları ilə yenidən tanış ola biləcək. Xaricdəki, anti-Azərbaycan dairələrinin ölkəmizlə bağlı apardıqları çirkin kampaniyası açıq aydın görünəcək. Ona görə Bakıda olan radikal müxalifətə tapşırıq verilib ki, bacardıqları qədər qarşıdurma yaratsınlar, şər atsınlar, insanlara mümkün olmayan vədlər verərək şirikləndirməyə çalışsınlar.
Birinci məsələləri uğursuz alındı. Aprelin 21-nə təyin etdikləri qeyri qanuni mitinqi artıq may ayına keçirdilər. Bu zaman xaricdəki söyüşkən müxalifət Əli Kərimlini və onun tərəfdarlarını bunlardan xəbərsiz mitinqin dəyişdirilməsinə görə ittiham etməyə başladılar. Bunların ikisinin də eyni mərkəzdən işlədiyi və eyni məqsədlərə xidmət etdiyi aydın olur. Məqsədləri qarşıdurma yaratmaq, hakimiyyəti zorla nə olur olsun, yıxmağa çalışmaqdır. Ancaq unudurlar ki, 1990-cı il deyil və həmin o metodlar keçməyəcək. Azərbaycanda artıq oturuşmuş, güclü demokratik hüquqi dövlət var. Azərbaycanda öz hakimiyyətinə inanan, onu seçən, qiymət verən demokratik düşüncəli bir elektorat var. Bir müddət əvvəl prezident seçkiləri keçirildi və insanlar seçimlərini etdilər. Əgər bunlar doğrudan da hakimiyyət dəyişiklik istəyirdilərsə namizədliyini verərdilər. Məğlub olacaqlarını, səs toplaya bilməyəcəklərini, insanların bunları fitə basacağını bildiklərinə görə onlar seçkiyə getmədilər. İndi isə vaxt dəyişə-dəyişə, mitinq təyin etməyə çalışırlar. Bunların mitinqinə gələn olmayacaq. Çünki insanlar onların Azərbaycanı hansı uçuruma apardıqlarının fərqindədirlər. Bunu yaxşı dərk edirlər. Bunlara sadəcə olaraq, polislə qarşıdurmadan 5-10 şəkil lazımdır. Bunlar özlərini aqressiv partizan kimi aparmağa çalışırlar. Ancaq unudurlar ki, istənilən hərəkətin hüquqi qiyməti var. Əgər onlar qanunu kobud şəkildə pozmağa başlayacaqlarsa, əlbəttə, buna müvafiq tədbirlər görüləcək”.