Qırğız Respublikasının prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri ölkələrarası münasibətlərin inkişafında olduqca böyük təsirə malikdir. Qırğızıstanla Azərbaycan arasında tarixi və qırılmaz əlaqələr mövcuddur. Münasibətlərin inkişafında sözsüz ki, bu amil mühüm yer tutur. Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının prezidenti Sadır Japarovun ölkəmizə rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi birgə bəyanatda ölkələrimiz arasında olan tarixi əlaqələrdən, qarşıda duran hədəflərdən, birgə həyata keçiriləcək layihələrə və bir çox məsələlərə dair vacib məsələlərdən bəhs edildi. Eyni zamanda Azərbaycanla Qırğız Respublikası arasında qarşılıqlı fəaliyyət gündəliyi zəngindir. Dövlətlərarası Şuranın ikinci iclası uğurla keçirilib. İki ölkə arasında imzalanmış sənədlər qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi, ticarət dövriyyəsinin artması və bütün istiqamətlər üzrə əməkdaşlığa dair praktiki müstəvidə özünü təsdiq edir.
Bunu Teleqraf.com-a Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.
O qeyd edib ki, iki ölkə arasında hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənə formalaşıb:
“Hər bir görüş qarşılıqlı fəaliyyətin, ünsiyyətin gücləndirilməsi, eləcə də ikitərəfli və çoxtərəfli əməkdaşlığın mühüm aspektləri baxımından önəmlidir. Bu bir reallıqdır ki, Azərbaycanı Mərkəzi Asiya ilə çoxəsrlik əməkdaşlıq, dostluq, qarşılıqlı fəaliyyət bağları birləşdirir. Mərkəzi Asiya və Xəzər regionları, Xəzər və Cənubi Qafqaz regionlarının bir hissəsi olan Azərbaycan enerji resursları, nəqliyyat yolları, ticarət baxımından böyük əhəmiyyətə malikdir. Bu xüsusda hər iki ölkə iqtisadi-ticari sahədə fəal əməkdaşlıq edir və bu istiqamətdə böyük hədəflər mövcuddur”.
Deputat bildirib ki, Qırğızıstan Prezidentinin təşəbbüsü ilə Ağdam rayonunda orta məktəbin tikintisi qardaş dəstəyidir:
“Azərbaycan üçün bu böyük əhəmiyyət kəsb edir. Bununla yanaşı ölkəmiz Qırğızıstanda bərpaolunan enerji üzrə investisiya layihələrində maraqlıdır. Həm Qırğızıstanda, həm də Azərbaycanda irimiqyaslı nəqliyyat layihələri, dəmir yolunun tikintisi həyata keçirilir. Xəzər, Mərkəzi Asiya vasitəsilə Avropaya marşrutu təkcə məsafə nöqteyi-nəzərindən deyil, həm də kommersiya cəlbediciliyi baxımından əlverişlidir. Qırğız xalqının böyük oğlu Çingiz Aytmatovun Bakıdakı abidəsinin açılışının böyük mədəni hadisə oldu.Bütün bunlar iki ölkə arasında fəal qarşılıqlı fəaliyyəti davam etdirmək niyyətinin bariz nümunəsidir”.
Eldar Quliyev hesab edir ki, Azərbaycanla Qırğızıstan arasında imzalanan sənədlər, “Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Birgə Bəyannaməsi” və digər əldə edilmiş razılaşmalar zəruri münasibətlərin xarakterini göstərən mühüm amildir:
“Prezident İlham Əliyev Bakıda görkəmli qırğız yazıçısı, qırğız xalqının böyük oğlu Çingiz Aytmatovun abidəsinin açılışının iki ölkə arasında dostluğun, qardaşlığın, birliyin rəmzi olacağını söyləyib. Sözsüz ki, bütün Türk dünyası öz layiqli nümayəndəsi ilə fəxr edir. Azərbaycan hər zaman Qırğızıstanla münasibətlərə böyük önəm verir. Azərbaycan və qırğız xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub. Qırğızıstanda 20 minə yaxın azərbaycanlı yaşayır ki, onların da əksəriyyəti Mərkəzi Asiyaya sürgün edilən repressiya qurbanlarının ailə üzvləridir. Həmvətənlərimiz Bişkek, Karabalta, Kant, Sokuluk, Oş şəhərlərində və ətraf rayonlarda yığcam halda məskunlaşıblar. Bu bir faktdır ki, Azərbaycanla Qırğızıstan arasındakı uğurlu dövlətçilik münasibətlərinin əsası məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Azərbaycanla Qırğızıstan arasında diplomatik münasibətlər 1993-cü il yanvarın 19-da qurulub. Ulu Öndər 1995-ci ilin avqustunda Türkdilli Dövlət Başçılarının III Zirvə Görüşü və “Manas” eposunun 1000 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün ilk dəfə Qırğızıstana səfər edib. 2007-ci ildə Azərbaycanın Qırğızıstanda səfirliyi, 2008-ci ildə Qırğızıstanın Bakıda səfirliyi fəaliyyətə başlayıb”.