13 İyun 21:11
635
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nə 200 il davam edən imperiya asılılğı, nə də 70 il davam edən sovet əsarəti Azərbaycan xalqının, xüsusən ziyalılarının qəlbində, düşüncəsində və əməllərində milli müstəqillik ideyasını və müstəqillik uğrunda mübarizə əzmini sarsıda bildi.

Əsarətdən qurtulmaq və bir daha heç güc mərkəzinin təsiri altına girməmək üçün minlərlə can qurban verildi. Amma sovet dövründə olduğu kimi bu gün də milləti özgələrin buyruq quluna, müstəqil dövlətimizi isə milli dövlətçilik ənənələrimizə yad və milli maraqlarımıza zidd olan hegemonçu siyasi konstruksiyaların 5-ci təkərinə çevirmək üçün dəridən-qabıqdan çıxan psevdo-ziyalılara rast gəlməkdəyik.

Bu günlərdə özünü az qala dünyanın bütün universitetlərinin “professoru” elan etmiş Cəmil Həsənlinin bir şərhini oxudum. Əslində həmişə belə saxta professorların yazısına zaman itirməkdən qaçmağa çalışıram. Amma şərhdə mənim də iştirakçısı olduğum TÜRKPA-nın 13-cü Plenar sessiyasına istinad edildiyindən yazı diqqətimi çəkdi.

Oxudum və çox məyus oldum.İyunun 6-da Prezident İlham Əliyevin TÜRKPA nümayəndə heyətini qəbul etməsi xəbəri ilə başlayan şərhində Cəmil Həsənli dövlət başçısının Avropa siyasətinə öz münasibətini bildirib. Bu münasibət mənə 1920-ci ildə Azərbaycanın işğalı ərəfəsində işğalçı qüvvələrə xidmət edən və bolşevik Rusiyasına təslim olmağı və itaət etməyi təbliğ edən Əliheydər Qarayev, Çingiz İldırım, İbrahim Əbilov, Qara bəy Qarabəyov, Səməd Ağamalıoğlu kimi milli xainləri xatırlatdı. Hər cümləsində Avropa heyranlığını gizlətməyən bu saxta tarixçi öz şərhlərində Azərbaycanın türk dövlətləri ilə işbirliyinə kölgə salmağa cəhd göstərir.

1988-ci ildə azadlıq hərakatının qızğın çağında 1 May bayramına monoqrafiya həsr edən Cəmil Həsənli dünyanın həll edə bilmədiyi və 50 milyonluq Azərbaycanlının ən müqəddəs arzusu olan Qarabağı işğaldan azad etmiş İlham Əliyevin çıxışına rişxəndlə şərh verir. Üstəlik, Azərbaycan Prezidentinin türk birliyinin təşəkkülü istiqamətində apardığı dövlət siyasətini tənqid etmək cəsarəti nümayiş etdirir. Belə anlaşılır ki, Prezidentin ölkəmizin Avropa İttifaqına üzvlüklə bağlı söylədiyi skeptik fikirlər Cəmil Həsənlini narahat edib.

Göz qabağında olan ən sadə həqiqətləri dərk edə bilməyən Cəmil Həsənlinin şərhi çoxsaylı suallar yaradır.Bu gün, torpaqlarımızı işğaldan azad etdikdən və müstəqilliyimizi kifayət qədər möhkəmləndirməyə nail olduqdan sonra “tarix elmləri doktoru” adını daşıyan Cəmil Həsənli xalqa nə təklif edir? 100 il əvvəl 1920-ci il bolşeviklərimiz o zamankı müstəqilliyimizin əleyhinə Rusiyanın maraqlarını müdafiə edərək Leninə, Mikoyana, Çiçerinə işləyirdilər. Bu gün tariximizdə heç zaman olmadığı qədər müstəqil və qüdrətli bir dövlətə sahib olduğumuz bir zamanda Cəmil Həsənli kimi manqurtlar kimlərə və hansı dövlətlərin maraqlarına xidmət edirlər? Cəmil Həsənlinin “patron”ları kimdir?

Tarixən Avrasiyanın çox geniş ərazilərində yenilməz ordular yaratmış, çoxsaylı dövlətlər və hətta imperiyalar qurmuş, öz dəyərlərinin möhtəşəmliyi ilə bütün dünyaya örnək ola biləcək mədəniyyət yaratmış türklərin bu gün yenidən birləşmək və öz tarixi şöhrətini özünə qaytarmaq ideyası niyə Cəmil Həsənlini narahat edir?

Düşünürəm ki, tarix təkrar olunur. Bu gün böyük Türk birliyinin təşəkkülündə çox mühüm birləşdirici rol oynayan və bu müqəddəs ideyanın cazibə mərkəzinə çevrilməkdə olan Azərbaycan dövlətini tənqid hədəfinə çevirmək milli maraqlarımıza xəyanətdir. Görünən odur ki, 1920-ci illərin qarayevlərini, əbilovlarını, ildırımlarını bu gün cəmil həsənlilər, əli kərimlilər və onların ətrafında toplaşıb Azərbaycanı Avropa “canavarlarının” ixtiyarına təslim etmək istəyənlər əvəz edirlər. Müstəqilliyimiz bərpa olunan günə qədər açıq-aşkar sovet ideologiyasına və rejiminə əsil qul xidməti göstərmiş Cəmil Həsənli bu günkü şərhində sovetlər birliyinin işğalçı və müstəmləkəçi olduğunu etiraf edir, amma eyni zamanda bizi Avropanın və Amerikanın guya Rusiyadan “daha yaxşı müstəmləkəçi” olduğuna inandırmağa çalışır. Qanla qazandığımız müstəqilliyimizi Avropa ilə bölüşməyi təklif edir.Cəmil Həsənli öz şərhində Ulu öndər Heydər Əliyevi və Prezident İlham Əliyevi səsləndirdikləri “…biz Avropanın bir hissəsiyik” ifadəsi ilə şantaj etməyə cəhd göstərir. Görünür, Cəmil Həsənli özünü “professor” adlandırsa da verilən bəyanatların geo-siyasi və geo-iqtisadi mahiyyətini anlamaqda çətinlik çəkir. Bəli, doğrudan da biz Avropanın bir hissəsiyik və dövlət başçılarımızın bu bəyanatında Cəmil Həsənlinin qaldırdığı bütün ritorik sualların cavabı öz əksini çox uğurlu şəkildə tapıb. Amma Cəmil Həsənli onu görəcək və duyacaq dərəcədə bir alim və siyasətçi deyil.

Azərbaycanın türk birliyinə nail olmaq uğrunda apardığı fəaliyyətlərə kölgə salmaq eşqinə düşmüş Cəmil Həsənliyə tövsiyə edirəm ki, baş verən prosesləri dərk edə bilmək üçün savadını artırsın. Hələ nə yaşı var ki?! Böyüyəndə lazım olar.


Müəllif: Cavanşir Feyziyev

Oxşar xəbərlər