2024-cü ilin birinci rübündə ölkənin sosial-iqtisadi inkişaf tempi göstərdi ki, orta aylıq əməkhaqqı nəzərdə tutulandan daha çox olacaq. Həmçinin uşaqların doğulmasına görə, birdəfəlik müavinət 300 manatdan 500 manata qaldırılıb. Dövlət Sosial Müdafiə Fondunun vəsaitləri isə orta aylıq əməkhaqqına bağlıdır. Ötən il üçün orta aylıq əməkhaqqı 933 manat olub. Bu il üçün proqnoz 980 manat idi. İlin birinci rübündə sosial-iqtisadi inkişaf tempinin təhlili göstərdi ki, orta aylıq əməkhaqqı 990 manat olacaq.
Bunu Teleqraf.com-a Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev deyib.
O qeyd edib ki, bir il ərzində 10 manatlıq fərq təxminən 190 milyon manatlıq əlavə gəlirin DSMF-nin büdcəsinə daxil olması ilə nəticələnib:
“Ona görə də, DSMF-nin büdcəsində 160 milyon manat əlavə vəsait transfertə yönəldilib. Heç bir sosial xərc azalmadan sadəcə gəlirin strukturu dəyişir. Əksinə sosial müdafiə xərclərində 30 milyon manatlıq artım mövcuddur. Ötən ilin sonlarında da 600 milyon manat artım nəzərdə tutulmuşdu”.
Komitə sədri hesab edir ki, 30 milyonluq artımın təxminən 25 milyonu pensiyaların ödənilməsinə, yəni artımına yönələcək:
“5 milyon manat isə DSMF-nin mərkəzi və yerli strukturlarının apardığı sosial layihələrin maliyyələşdirilməsinə ünvanlanacaq. Yəni büdcədə sosial xərcələrin azaldılmasının heç bir əsası yoxdur. Sözsüz ki, sosial xərclərdə heç bir azaldılmanın olması nəzərdə tutulmur”.
Musa Quliyev vurğulayıb ki, hazırda dövlətimiz üçün əsas prioritet Qarabağ və Şərqi Zəngəzurun bərpası, təhlükəsizlik məsələləri, ərazilərin minalardan təmizlənməsi, yenidənqurma, əhalinin məskulaşması, iş yerlərinin açılmasıdır:
“Digərt vacib istiqamət isə Azərbaycan Ordusunun qüdrətinin daha da artırılması və hərbi təhlükəsizlik məsələləridir. Sosial məsələləri Qarabağdakı quruculuq işləri ilə qarşılaşdırıb özlərinə siyasi divident qazanmaq iddiasında olanlar isə dövlətə, vətənə xidmət etmir”.