“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Azərbaycan-Ermənistan sülh prosesinin mövcud gedişi haqda fikriniz necədir? Bir müddət tərəflərdən müsbət mesajlar olsa da, yenidən Bakı-İrəvan xəttində artan gərginlik görürük. Üstəgəl, uzunmüddətli fasilədən sonra ötən günlərdə Naxçıvan istiqamətində atəşkəs yenidən pozuldu. Nə baş verir, durum niyə gərginləşir?
- Mövcud durum heç də ümidverici görünmür. Tərəflər bu mərhələyədək sülh müqaviləsinin tezliklə imzalana biləcəyi və ya bunun mümkünlüyü haqda bəyanatlar versələr də, real vəziyyət tamam başqa cürdür. Real vəziyyət ondan ibarətdir ki, birincisi, tərəflər arasında etimad yoxdur, bu, müqavilənin imzalanması üçün son dərəcə vacibdir. İkincisi, sülh müqaviləsini imzalamaq iradəsindən daha çox bundan bir təbliğat vasitəsi kimi istifadə edildiyi müşahidə olunur, ilk növbədə də, Ermənistan tərəfində. Ermənistan “sülhə hazırmış” kimi bir təbliğat aparır və bu yöndə “müsbət mesajlar” verir, paralel olaraq, silahlanmaqda davam edir. Azərbaycandan da müsbət açıqlamalar verilir, amma ortada real nəticələr yoxdur.
Sülh prosesi o zaman müsbət dinamika nümayiş etdirəcək ki, təmaslar sıxlaşacaq, konkret mövzular ətrafında müzakirələr aparılacaq, amma bunlar yoxdur. Hələlik ortada 4 kəndin qaytarılması məsələsi, 4 kəndin də təhvil veriləcəyi ilə bağlı bəyanatlar var, reallıqda isə tərəflərin davranışlarında daha çox hansısa gərgin mərhələyə hazırlığın getməsi müşahidə olunur. Bu, ilk növbədə onunla bağlıdır ki, Cənubi Qafqaz böyük güclərin toqquşma meydanına çevrilib. İstər Gürcüstan, istərsə də Ermənistanda baş verənlər bunu göstərir, yekun nəticələrin görünməməsindən asılı olmayaraq... Bəziləri hesab edirlər ki, Rusiya Gürcüstanda qalib gəlib, Tiflis Qərb düşərgəsinə yaxın olan müxalifət və QHT-ləri qəbul etdiyi “Xarici təsirin şəffafllığı haqqında” qanunla nəzarətə götürüb. Amma bunlar göstərici deyil. Digərləri də hesab edirlər ki, Rusiya hələlik Ermənistanda uğur əldə edə bilmir, çünki etirazlar gözlənilən nəticəni vermədi.
Deyərdim ki, hər iki ölkədə baş verənlər Cənubi Qafqazda gedən proseslərin başlanğıcından bir hissədir. Çünki proseslərin bir hissəsi Ermənistan-Azərbaycan münasibətlərindən asılı olacaq, daha doğrusu, bu münasibətlərdə özünü göstərəcək.
Ermənistan sülhə hazır olması ilə bağlı pozitiv mesajlar verir, həmçinin silahlanmaqda davam edir. Əlbəttə, bu da müəyyən gərginlik yaradır. Dediyim kimi, bu kimi hallar ondan irəli gəlir ki, Cənubi Qafqaz böyük güclərin maraqlarının toqquşduğu meydana çevrilib. Söhbət Azərbaycan və Ermənistanın yox, qlobal maraqlardan gedir. Ermənistan da nə özbaşına, nə də öz istəyi ilə silahlanır. Ermənistan silahlandırılır və onun vasitəsilə Qərb dövlətlər tərəfindən bir plasdarm yaradılır. Belə bir mənzərənin şahidi oluruq.
Belə bir durumda atəşkəsin pozulması da, bunun lokal toqquşmalara keçməsi də mümkündür, yəni sülhdən danışmaq çox tezdir. Bəlkə də deyərdim ki, bugünkü reallıqda qeyri-mümkündür. Səbəb regionda böyük güclər və maraqlarının toqquşmasıdır, görünən və görünməyən tərəflər var. Adətən söhbət əsasən Qərb və Rusiyadan gedir, amma unutmayaq ki, Çin və regional dövlətlərin, məsələn, Türkiyə və İranın maraqları da var. Cənubi Qafqazda geosiyasi vəziyyət son dərəcə mürəkkəb və qarışıq görünür, bu səbəbdən də gərginləşmə müşahidə olunur, bunun davamı da istisna edilmir.
- Ermənistan rəhbərliyi sülh mesajlarında nə qədər səmimidir? Çünki bunu deyərkən, digər yandan da Fransa və Hindistandan hücum silahları alırlar. Paris əvvəl müdafiə xarakterli silahlar satılacağını bəyan etsə də, indi veriləcək silahların hücum xarakterli olduğunu görürük. Bu, Hindistana da aiddir. Bu silahlanma, xüsusən də Fransanın bu prosesdə fəallığının izahı nədir?
- Ermənistan rəhbərliyi belə mesajlar verməklə əsasən diplomatik-siyasi uğur qazanmağa çalışır, göstərmək istəyir ki, “sülh prosesi”ndə maraqlıdır, bu prosesin davamını istəyir, hətta eksklav məsələsində Azərbaycana “güzəşt”ə gedir. Heç bir güzəştdən söhbət gedə bilməz, bu kəndlər Azərbaycan ərazisidir, qaytarılmalıdır. Dediyim kimi, bu, (İrəvan üçün – red.) real sülh prosesindən daha çox təbliğat rolunu oynayır. Ermənistana bu gün özünü “sülhpərvər” kimi göstərmək vacibdir. Birincisi, Ermənistan bununla vaxt qazanmağa çalışır, həmin zamanı da silahlanma, iqtisadiyyatın bərpası, ordunun təlim və hazırlığına xərcləyir.
Tərəflər arasında etimad yoxdur, bu, sülh üçün son dərəcə önəmlidir. Etimadın olmadığı şəraitdə müqaviləni nəinki imzalamaq, heç onu hazırlamaq mümkün deyil. Əlbəttə, Ermənistanı əks istiqamətə çəkənlər var. Məsələn, Hindistan, Fransa… Bu da geosiyasi maraqlardan irəli gəlir.
Fransa Ermənistanı silahlandırmaqla öz maraqlarını güdür. Fransa özünü “qlobal güc” kimi isbatlamağa çalışır, bu səbəbdən də dünyanın müxtəlif bölgələrində öz rolunu göstərməyə çalışır, o cümlədən də Cənubi Qafqazda. Bu, ermənipərəstlik və ya erməni diasporunun təsiri məsələsi deyil, varsa da, bu ən sonuncu səbəb ola bilər, başlıca səbəb Fransanın özünü “qlobal oyunçu” kimi təsdiqləmək istəyidir. Bunun arxasında Fransanın yeni dünya düzənində mühüm rol almaq istəyi dayanır.
Hindistana gəlincə, bu addımları Şimal-Cənub nəqliyyat dəhlizi üçün önəmli nöqtə olan Cənubi Qafqazda oyunçu olmaq məqsədilə atır. Bəzən deyirlər ki, guya bu, Pakistanın Azərbaycanı dəstəkləməsi ilə əlaqəlidir, yanlış yanaşmadır. Hindistanla Pakistanın Cənubi Qafqazda münasibətlərini aydınlaşdırmasına ehtiyacları yoxdur. Onu da nəzərə almaq lazımdır ki, Pakistan sadəcə Azərbaycanın tərəfdaşlarından biridir, əsas tərəfdaşı deyil, bütün xoş münasibətlərə baxmayaraq... Bu, Şimal-Cənub dəhlizinin Cənubi Qafqazdan keçməsi və Hindistanın təsirini bu bölgəyə yaymaq istəyindən irəli gəlir. Hətta deyərdim ki, bu mənada Hindistanla Fransa rəqib dövlətlərdir. Çünki Fransanın marağı tamamilə başqa yöndədir, Paris daha çox Şərq-Qərb dəhlizinin tərəfdarıdır. Bu mənada Hindistanla Fransanı rəqib kimi qəbul etmək olar. Bunun bölgə və bizə mənfi təsiri odur ki, hər ikisi bunu Ermənistanı silahlandırmaq yolu ilə aparır. Bu da bölgədə vəziyyəti gərginləşdirir. Son günlərin hadisələri də bunu sübut edir.
- Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı oldu. Bu telefon danışığını zəruri edən hansı gəlişmədir?
- Ərdoğan və Paşinyanın nələrdən danışması haqda yalnız öz mülahizələrimizi deyə bilərik. Əlbəttə, burada başlıca məsələ Cənubi Qafqazda yeni gərginliyin qarşısını almaq, münaqişəli vəziyyətin yenilənməsi və mümkün silahlı qarşıdurmanın önünə keçməkdir. Türkiyə bölgədə yeni gərginlikdə maraqlı deyil. Fransa və Hindistanın, hətta ABŞ-nin də öz təsirini bölgədə yayması Türkiyədə haqlı narazılıq doğurur. Çünki Türkiyə Ermənistana münasibətdə kifayət qədər yumuşaq siyasət yürüdür və onunla əlaqələrin bərpasına çalışır. İrəvandan da müsbət mesajlar verilir, amma görünən budur ki, Ermənistan ətrafında baş verənlər bu münasibətlərə də neqativ təsir göstərir. Göstərməyə bilməz, qeyri-mümkündür.
Fransa və ABŞ Ermənistanla hərbi-siyasi müttəfiqlik qurursa, məntiqlə bunu Türkiyə üzərindən etməliydilər. Çünki Türkiyə Fransa və ABŞ-nin bölgədə yeganə NATO müttəfiqidir. Amma Türkiyəni bu prosesdən kənarda qoymaq istəyirlər. Əlbəttə, Türkiyə bu rolla razılaşa bilməz, buna görə də çalışır ki, Ermənistanla ikitərəfli münasibətlər qursun, inkişaf etdirsin. Düşünürəm ki, Ərdoğanla Paşinyan arasındakı müzakirələr bu istiqamətdə ola bilərdi. Mümkündür ki, Ermənistana hansısa təkliflər də verilib, xəbərdarlıq da edilib, həmçinin Ermənistanı Yunanıstan, Hindistan və Fransadan çəkindirmək yönündə müəyyən mesajlar da olub.
Türkiyənin regional dövlət olması və maraqlarını nəzərə alsaq, Ermənistanın belə silahlandırılması təkcə Azərbaycan yox, Ankarada da narahatlıq yaradır. Söhbət Ermənistanın burada hansısa “güc mərkəzi”nə çevriləcəyindən getmir, bu, mümkün deyil, Ermənistan heç Azərbaycana qarşı güc mərkəzinə çevrilə bilməz, söhbət bölgədə mümkün yeni gərginlikdən gedir. Bu da heç kimin maraqlarına xidmət eləmir – nə Azərbaycan, nə də Türkiyə, nə də elə Ermənistanın. Düşünürəm ki, müzakirələr bu yöndə olub.
- Ceyms Obrayendən sonra ABŞ dövlət katibinin digər müavini Riçard Verma da Ermənistana səfər etdi. Hər iki səfər uzunmüddətli oldu, ABŞ rəsmiləri bir neçə gün İrəvanda qaldılar. Bu səfərlərdə məqsəd nədir, sıxlaşan təmaslar nədən xəbər verir?
- Dediyim kimi, artan maraq bölgədə maraqların toqquşmasından və regionun xüsusi geosiyasi zonaya çevrilməsindən irəli gəlir. ABŞ bu prosesdə iştirak etməyə bilməz. Əgər Hindistan, Fransa və Yunanıstan dünyanın önəmli geosiyasi bölgələrindən birinə maraq göstərirsə, ABŞ bundan kənarda qalmayacaqdı. ABŞ bölgədəki iştirakını Azərbaycan üzərindən təmin edə bilmədiyi üçün bunu Ermənistan vasitəsilə həyata keçirməyə çalışır. Bu səfərlər də Ermənistanla strateji tərəfdaşlığın qurulmasına yönəlib, proses bu yöndə gedir, artıq müəyyən anlaşma və mesajlar da var. Hətta ABŞ-nin Ermənistana hərbi dəstək verəcəyi barədə konkret bəyantlar mövcuddur.
Ermənistan-NATO münasibətləri də bu çərçivədə inkişaf edir. Ermənistanın özü də rəqabət meydanına çevrilir, yəni söhbət təkcə Cənubi Qafqazdan getmir. Bu toqquşma Ermənistan üçün riskləri artırır. Artıq bu mənada Türkiyə amilini qeyd etdik, hələlik İranın mövqeyi aydın deyil. Amma mən düşünmürəm ki, İran Qərb dövlətlərinin Ermənistanda yerləşmələrini sakitcə izləyir. Nəinki Qərb dövlətləri, İran Türkiyənin də bölgəyə təsirlərinin artmasına qısqanc yanaşır. İran üçün ideal vəziyyət o olardı ki, Rusiyanın da Ermənistana təsiri azalsın və bu dövlətlərin yerini Tehran tutsun. İran həmişə buna cəhd edir və onun Ermənistanın müttəfiqi rolundan çıxış etməsi də bundan qaynaqlanır.
Azı beş ölkə sadaladıq ki, onlar Ermənistana aşırı maraq göstərirlər. Bura ABŞ, Hindistan, Fransa, Türkiyə və İran daxildir. Amma Rusiyanı da unutmayaq. Rusiya Ermənistanda baş verən siyasi proseslərin pərdəsinin arxasındadır, Moskva heç bir halda istisna edilə bilməz. Başqa sözlə, baş verənlər Cənubi Qafqazda gərginliyi artırmaqla yanaşı, Ermənistanın özünü də risk altında qoyur. Gəlişmələr Ermənistana yaxşı heç nə vəd eləmir. Həmçinin Ermənistan riskləri hesablayaraq, baş verənlərdən bəhrələnməyə çalışır. Əgər bu qədər Ermənistanı silahlandırmaq, onun təhlükəsizliyini təmin etmək və digər dəstəkləri vermək istəyən ölkələr varsa, İrəvanda fikirləşirlər ki, niyə onların hamısından istifadə etməsinlər?! Amma bu istifadə etmənin də bir bədəli var. Kimsə kimsəyə yaxşı sözə görə silah və pul vermir.
Bütün bunlar o ehtimalı yaradır ki, sanki bəzi dövlətlər Cənubi Qafqazı barıt çəlləyinə döndərmək istəyirlər. Şübhəsiz ki, bunun qarşısını Azərbaycan-Ermənistan sülh prosesinin müsbət nəticələri alardı, amma hələlik bu yoxdur. Paralel olaraq, baş verənlər hər iki ölkəni sülh prosesindən uzaqlaşdırır, regionu hərbi eskalasiyaya çəkir. Təəssüf ki, təsvir olunan mənzərə bölgədə sülhdən daha çox mümkün eskalasiyaya hazır olmağı diktə edir.