24 İyun 16:42
1 683
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda iyunun 28-də keçiriləcək prezident seçkilərində rəqabət aparan namizədlərlə bağlı keçirilən rəy sorğusunda islahatçı Məsud Pezeşkiyan 24.4 faizlə yüksəlişdədir. Azərbaycan əsilli siyasətçi siyahının ilk pilləsində qərarlaşıb.

Teleqraf.com xəbər verir ki, səsləri azalan mühafizəkar Səid Cəlili 24 faizlə ikinci, digər mühafizəkar namizəd Məhəmməd Baqir Qalibaf 14.7 faizlə üçüncüdür.

İran Tələbələrin Sorğu Agentliyi (ISPA) 22-23 iyun tarixlərində keçirdiyi sorğunun nəticələrini açıqlayıb.

Ölkənin 31 əyalətində yaşı 18-dən yuxarı olan 4057 nəfərlə aparılan sorğuda mütləq seçkidə iştirak edəcəklərini bildirən və ya seçkidə iştirak etməyi düşünən seçicilərə belə bir sual verilib: “Əgər prezident seçkiləri indi keçirilsəydi, hansı prezidentliyə namizədə səs verərdiniz?”.

İştirakçıların 24.4 faizi səsləri artan islahatçıların namizədi, keçmiş səhiyyə naziri Pezeşkiyana, 24 faizi də Ali Milli Təhlükəsizlik Şurasının keçmiş baş katibi Cəliliyə səs verəcəklərini söyləyib. Əvvəlki bir çox sorğuda ön sıralarda olan parlament sədri Qalibaf 14.7 faizlə üçüncü olub.

Seçki öncəsi televiziya debatlarına qatılan 6 namizəd arasında olan Məsud Pezeşkiyan “Qadınları hicab taxmağa məcbur edə bilmərik” ifadəsi ilə diqqət çəkib.

Yeganə islahat tərəfdarı namizəd olan Pezeşkiyan təxminən 4 saat davam edən son debatda söyləyib ki, internet qadağaları böhran zamanı ola bilər, amma normal şəraitdə cəmiyyətə zərər verir: “Prezident olsam, internetlə bağlı bir çox qadağa və məhdudiyyətləri aradan qaldıracam”.

Pezeşkiyan İranda məcburi hicab tətbiqi ilə bağlı bunları söyləyib: “Necə ki, əvvəllər qadınlarımızdan hicablarını ala bilməmişdilər, indi də onları hicab bağlamağa məcbur edə bilmərik”.

İslahatçı namizəd mövcud rejimin Azərbaycan əleyhinə sərt siyasətini də tənqid edərək, Tehranın Azərbaycan və Ermənistan arasında sülh prosesində obyektiv rol oynamalı olduğunu qeyd edib. Pezeşkiyan hesab edir ki, İran Azərbaycanla əlaqələrinə xüsusi diqqət yetirməli, gərginlik yaratmaqdan qaçmalıdır.

Siyasətçi prezident seçiləcəyi təqdirdə bu məsələlərə diqqət yetirəcəyini vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər