1 İyul 17:32
730
12 Punto 14 Punto 16 Punto 18 Punto

Növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı artıq tarix bəlli olub. Siyasi partiyalar və öz təşəbbüsləri ilə seçkilərə qatılacaq şəxslərin prosesə hazırlığı müşahidə edilir. Növbədənkənar parlament seçkilərinin keçirilməsinin təşəbbüskarı olan Yeni Azərbaycan Partiyasında da seçki hazırlıqları davam edir.

Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərli Teleqraf.com-a açıqlamasında seçkiyə hazırlıq prosesinin getdiyini söyləyib.

O qeyd edib ki, sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirakla bağlı YAP İdarə Heyəti yekun qərar verəcək: “YAP İdarə Heyətinin iclasından sonra partiyanın deputatlığa namizədlərinin siyahısı elan olunacaq”.

Qeyd edək ki, iyunun 21-də Yeni Azərbaycan Partiyasından olan millət vəkilləri növbədənkənar parlament seçkilərinin keçirilməsi və parlamentin buraxılması ilə bağlı spikerə müraciət edib. Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il 21 iyun tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 2024-cü il 27 iyun tarixli Qərarı əsasında Azərbaycan Prezidenti İlham Əliyev altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam verib.


Müəllif: Tapdıq Qurbanlı