3 İyul 15:04
1 552
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib.

Teleqraf.com-un xəbərinə görə, YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov qeyd edib ki, Azərbaycan olduqca mühüm ictimai-siyasi proses ərəfəsindədir:

“Bildiyiniz kimi, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə VI çağırış Azərbaycan Respublikası Milli Məclisi buraxılıb və növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilib”.

Dövlət başçısı, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin böyük inkişaf yolu keçdiyini deyən YAP Mərkəzi Aparatının rəhbəri qeyd edib ki, dövlətimizin və xalqımızın qarşısındakı ən ümdə vəzifənin yerinə yetirilməsi - Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin edilməsi müasir dövlətçilik tariximizin ən şərəfli səhifəsi və möhtəşəm tarixi nailiyyətimizdir. YAP Sədrinin müavini vurğulayıb ki, ölkəmizin qarşısında növbəti strateji hədəflərin gerçəkləşdirilməsi vəzifəsi dayanır.

YAP-ın avanqard siyasi qüvvə olaraq hər zaman ictimai-siyasi proseslərin önündə getdiyini söyləyən Tahir Budaqov partiyanın qarşıdan gələn parlament seçkilərinə də yüksək səviyyədə hazırlaşdığını qeyd edib.

Daha sonra iclasın gündəliyində olan məsələlər haqqında məlumat verilib.

İclasda ilk olaraq “Azərbaycan Respublikasının Milli Məclisinə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyasının Tədbirlər Planı” müzakirə edilərək təsdiq olunub.

Sonra Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının yaradılması və onun tərkibinin təsdiq edilməsi məsələsi müzakirə olunub. Müzakirələrdən sonra 21 nəfərdən ibarət YAP Mərkəzi Seçki Qərargahının yaradılması haqqında qərar qəbul olunub.

İdarə Heyətinin qərarı ilə Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi də təyin olunub, səsvermə gününədək seçki komissiyalarının iclaslarını müşahidə edəcək şəxslər müəyyən edilib.

İclasın sonunda YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə qələbə əzmi ilə qatıldığını vurğulayıb və bu prosesdə partiya üzvlərinə uğurlar arzulayıb.

***

12:38

Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyasının (YAP) səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin adları məlum olub.

İclasda YAP sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və İdarə Heyətinin üzvü Arif Rəhimzadə səlahiyyətli nümayəndələr kimi təyin edilib.

Mərkəzi Aparatın rəhbərinin müavini Əhliman Tağıyev maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə kimi təyin olunub.

***

Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbədənkənar parlament seçkiləri ilə bağlı iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, iclasda Azərbaycan Respublikasının Milli Məclisinə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyasının Tədbirlər Planı təsdiq edilib.

Eyni zamanda Yeni Azərbaycan Partiyasının Mərkəzi seçki qərargahı yaradılıb və onun tərkibi təsdiq edilib, Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin təyin olunub və səsvermə gününədək seçki komissiyalarının iclaslarını müşahidə edəcək şəxslər təyin edilib.

***

11:01

Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin 1 sentyabra təyin olunmuş növbədənkənar parlament seçkilərinə həsr olunmuş iclası başlayıb.

Teleqraf.com xəbər verir ki, işçi toplantıda seçkiyə hazırlıq məsələləri, o cümlədən, namizədlərin ilkin siyahısının müzakirə olunacağı gözlənilir.

Qeyd edək ki, VI çağırış Milli Məlisdə təmsil olunmuş deputat korpusunun fəaliyyəti diqqət mərkəzində olacaq.

Mənbələr bildirirlər ki, YAP mərkəzi nəzarət təftiş qurumunun ötən 5 ildə millət vəkilləri, rayon şöbələrinin fəaliyyəti barədə vaxtaşırı hazırladığı arayışlar və yekun hesabat da İdarə Heyəti üzvlərinə təqdim olunacaq. Partiyanın VII çağırış Milli Məclisə göndərmək istədiyi deputatların seçilməsində onların ötən dövrdəki fəaliyyəti əhəmiyyətli rol oynayacaq.

Toplantıya sədrlik edən YAP sədrinin müavini – İcra Aparatının rəhbəri Tahir Budaqovun namizədlərin müəyyən olunmasında yeni meyarları da açıqlayacağı gözlənilir.

Bu sırada kiçik istisnalarla 3 dəfədən artıq deputat olmuş əksər şəxslərin bu dəfə namizəd ola bilməyəcəyi, habelə parlament və ictimai-siyasi fəaliyyəti qənaətbəxş sayılmayan millət vəkillərinin də siyahıdan kənarda qalacağı gözlənilir. Mənbələr vurğulayır ki, xüsusən media ilə təmas qurmayan, rayon tədbirlərində, habelə hakim partiyanın ümumrespublika əhəmiyyətli proqramlarında fəal olmamış deputatlar mandata ümid etməməlidirlər.

Qeyd olunur ki, toplantıdan sonra YAP-ın növbədənkənar seçkilərdə iştrak edəcək deputatların yekun siyahısının ictimaiyyətə açıqlanması az ehtimal olunur.

Yekun siyahının iyulun 10-12-si aralığında elan olunacağı gözlənilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər