Avropa Şurasının İşgəncənin və Qeyri-insani yaxud Ləyaqəti Alçaldan Rəftar və ya Cəzanın Qarşısının Alınması üzrə Komitəsinin (İQAK) Azərbaycanla bağlı 3 iyulda ictimai bəyanatın dərc olunması barədə qərar qəbul etməsi bizi dərindən təəssüfləndirib.
Teleqraf.com xəbər verir ki, bu fikirlər Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Avropa Şurasının İşgəncənin və Qeyri-insani yaxud Ləyaqəti Alçaldan Rəftar və ya Cəzanın Qarşısının Alınması üzrə Komitəsinin (İQAK) ictimai bəyanatına dair şərhində yer alıb.
İQAK, həmçinin "İşgəncənin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması haqqında" Avropa Konversiyasının tələbinə zidd olaraq Azərbaycanın müvafiq razılığı alınmadan 2022-ci ildə edilmiş xüsusi səfərinin yekunları üzrə hazırlanmış hesabatı tam şəkildə dərc etmək barədə əvvəllər presedenti olmayan qərar qəbul edib. Bu yanaşma ədalətsiz və əsassızdır, habelə hüquqi baxımdan sual yaradır.
2002-ci ildən etibarən İQAK bir neçə dəfə ölkəmizə dövri və xüsusi səfər həyata keçirib və Konvensiyanın Azərbaycan tərəfindən həyata keçirilməsinə dair hesabatlar dərc edib. Azərbaycan hesabatlarda qeyd olunan hər bir müddəa üzrə hökumətin mövqeyini təqdim edib. Bununla yanaşı, ictimai bəyanatda da qeyd edildiyi kimi, müvafiq çatışmazlıqların aradan qaldırılması üçün aidiyyəti üzrə addımlar atılıb və Komitənin tövsiyələri hər zaman nəzərə alınıb.
Əməkdaşlıq müddətində Komitəyə bu günə qədər etdiyi səfərlər zamanı lazımi dəstək göstərilib. Yerli təhqiqatların aparılmasına dəstək göstərilməsi ilə yanaşı, nümayəndə heyəti üzvlərinin mümkün ən yüksək səviyyədə qəbul olunmasını təmin etmək üçün addımlar atılıb və əməkdaşlığın əsaslarının möhkəmləndirilməsi üçün bütün səylər göstərilib.
Bu qərarın 2024-cü ilin yanvarında Avropa Şurası Parlament Assambleyası (AŞPA) tərəfindən Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini ratifikasiya etməmək barədə qərəzli qərarından sonra yaranmış Azərbaycan-Avropa Şurası münasibətlərində mövcud vəziyyətin fonunda qəbul edilməsi xüsusilə təəssüf doğurur.
Biz bir sıra dövlət qurumları ilə konstruktiv əməkdaşlığın əvəzinə, məsuliyyəti onların üzərinə yıxan sözügedən ictimai bəyanatdakı tənqidləri rədd edirik.
Azərbaycan azadlıqdan məhrum edilmiş şəxslərin müdafiə olunması ilə yanaşı, müvafiq təcrübənin ümumi qəbul edilmiş standartlara uyğunlaşdırılması sahəsində əhəmiyyətli irəliləyiş əldə etməkdədir.