“Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının növbəti zirvə toplantısı çərçivəsində Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamənin qəbul olunacağı gözlənilən idi. Münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldən bu sənəd post-müharibə dövrünün yaratdığı reallıqlardan irəli gəlir. O cümlədən Pekinin dünyada sürətlə artan siyasi və iqtisadi nüfuzu, Azərbaycanın da Çin ilə Avropa arasında strateji coğrafi məkanda yerləşməsi əməkdaşlığı qaçılmaz edir. Qarşılıqlı hörmət və dəstəyə söykənən yeni əməkdaşlıq hər iki tərəfə bir sıra dividentlər qazandırır”.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Ramiz Alıyev bildirib.
Onun sözlərinə görə, Çin və Azərbaycan bir-birinin ərazi bütövlüyünə hörmətlə yanaşırlar:
“Azərbaycan “Vahid Çin” prinsipini dəstəkləməsi, Tayvanı Çinin ayrılmaz hissəsi kimi qəbul etməsi olduqca cəsarətli addımdır. Mümkündür ki, Bakının bö mövqeyi bir sıra Qərb dairələrinin xoşuna gəlməsin. Ölkələrimiz insan hüquqları ilə bağlı məsələlərin siyasiləşdirilməsinə və ikili standartların tətbiq edilməsinə qarşı çıxır. İqtisadi əməkdaşlığının inkişafı üçün nəqliyyat və kommunikasiya, yaşıl enerji, emal və istehsal, infrastruktur, rəqəmsal iqtisadiyyat, kənd təsərrüfatı və s. sahələr üzrə əməkdaşlıq gücləndiriləcək. “Bir kəmər, bir yol” layihəsi də maraqlarımıza cavab verir. Bundan başqa Çin Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin tikintisində yaxından iştirak edir. Şərq ölkələri, Asiya regionu ilə əlaqələrin gücləndirilməsi Azərbaycanın Avroatlantik məkana inteqrasiya siyasətindən imtina etməsi anlamına gəlməməlidir. Qərb dövlətləri iilə yanaşı, Çin, Rusiya, Pakistan və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq əlaqələrimizin çoxşaxəliliyindən xəbər verir”.
Alıyev qeyd edib ki, Azərbaycan və Çin arasındakı diplomatik münasibətlər 1992-ci il aprelin 2-də qurulub:
“Prezident İlham Əliyev və Çin lideri Si Cinpin arasında qurulmuş yüksək səviyyəli dostluq münasibətləri əlaqələrimizin möhkəmlənməsinə böyük töhfə verib. Onu da bildirim ki, Azərbaycan-Çin münasibətləri heç vaxt indiki qədər güclü olmayıb. Yürüdülən düzgün xarici siyasətin nəticəsidir ki, 44 günlük Vətən müharibəsi zamanı Ermənistanın Çinə olan ümidləri, hərbi dəstək xəyalları gerçəkləşmədi. İrəvanda uşaqcasına hesab edirdilər ki, müharibə zamanı Çin onları dəstəkləyəcək, hərbi yardım göndərəcək və s. Bu hayların növbəti utopik xəyalları idi. Çin kimi dərin dövlətçilik ənənəsi olan dövlətlər üçün strateji maraqlar hər şeydən üstündür. Ölkəsinin maraqlarını Qərbin mənafeyinə qurban verən, sürüşkən xarici siyasi xətti olan Paşinyan komandası ilə deyil, düzgün xarici siyasi vektorları olan Azərbaycanla əməkdaşlığı gücləndirmək Pekin üçün daha məntiqli və vacibdir”.
Politoloq bildirib ki, Azərbaycan və Çin arasındakı iqtisadi əməkdaşlığın dinamikası çox yüksəkdir:
“2023-cü ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 3,1 milyard ABŞ dolları təşkil etmişdir. Azərbaycanda 300-dən çox Çin şirkəti qeydiyyata alınıb. Çin Azərbaycanın ilk idxal mənbəyidir və ölkəmizin beş əsas ticarət tərəfdaşından biridir. Çindən Azərbaycana 930,8 milyon dollar, Azərbaycandan Çinə isə 263,3 milyon dollar həcmində investisiya qoyulub. Azərbaycan Çinin irəli sürdüyü “Kəmər və Yol təşəbbüsü”nü ilk dəstəkləyən ölkələrdən biridir. Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ilə Çindən Türkiyəyə yük daşımalarının müddəti 1 aydan 12 günə qədər azaldıb. Çindən göndərilən bu yüklərin Türkiyə vasitəsilə Qərbi Avropa ölkələrinə çatdırılması ümumilikdə cəmi 18 günə baş verir. Ən vacib əməkdaşlıq sahələrindən biri də təhsillə bağlıdır. Dünyada sürətlə artan nüfuzu Çin dilinə, dinamik iqtisadi inkişafı isə Çin elminə olan marağı artırıb. Pekin Dillər Universitetində Azərbaycan dilinin tədrisi kafedrası fəaliyyət göstərir, Azərbaycan ali məktəblərində isə Konfutsi institutları fəaliyyət göstərir.
Prezident İlham Əliyevin Çin lideri Si Cinpin ilə görüşündə müzakirə olunan məsələlər də göstərdi ki, əməkdaşlığımız yaxın gələcəkdə daha da dərinləşəcək, qarşılıqlı təmaslar intensivləşəcək. Strateji tərəfdaşlığımız iqtisadiyyat, ticarət, nəqliyyat və investisiyalar sahələrində əməkdaşlığı keyfiyyətcə yeni səviyyəyə yüksəldəcək. Qərb dövlətlərinin və bəzi beynəlxalq təşkilatların Asiyanın sürətlə inkişaf edən ölkələrinə, o cümlədən Çinə qarşı basqısı, sanksiyaları, eyni zamanda Azərbaycana qarşı ikili münasibətləri fonunda Pekin-Bakı strateji tərəfdaşlığı qaçılmaz idi. Ümumiyyətlə, bu gün uzaqgörən, dünyadakı iqtisadi və siyasi trendləri yaxından izləyən dövlətlərin siyasi liderləri Çinlə əməkdaşlığa can atırlar. Azərbaycanın da Çinlə strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə imzalaması ölkə rəhbərliyinin uzaqgörənliyinin, milli maraqlara cavab verən xarici siyasət yürütməsinin bariz nümunəsidir".