Prezident İlham Əliyev Azərbaycanı iqtisadi inkişafa, Baş nazir Nikol Paşinyan isə Ermənistanı böyük tələyə aparır.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti yazır.
“Astanada Şanxay Əməkdaşlıq Təşkilatının sammitində Azərbaycan Prezidenti İlham Əliyev Çin sədri Si Cinpinlə strateji tərəfdaşlıq sazişi imzalayıb.
Bəyannamənin mətnində deyilir: “Çin tərəfi Azərbaycan tərəfinin təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyir və gərginliyin saxlanmasına yönəlmiş geosiyasi intriqaları əks-məhsuldar hesab edir” .
Sənədin mətnində o da bildirilir ki, Azərbaycan və Çin ikitərəfli ticarətin həcmini daha da artırmağa, strukturu optimallaşdırmağa və məhsulların bazarlara çıxışını asanlaşdırmağa hazırdır.
Əliyev bütün istiqamətlərdə uğurla oynayır: ABŞ-dən Çinə, Avropa Birliyindən Rusiyaya qədər iqtisadi və təhlükəsizlik imkanlarını şaxələndirir. Ermənistan hakimiyyəti də öz diletantlığı və geosiyasi reallıqları tam dərk etməməsi ilə Ermənistanı böyük tələyə salır”, - məqalədə deyilir.
Nəşr qeyd edir ki, Cənubi Qafqazda böyük sərmayələri olan Çinin ən az investisiyası olan ölkə Ermənistandır:
“Halbuki əvvəllər Ermənistanın Çinlə sıx əlaqələr qurmaq üçün daha geniş imkanları var idi. Amma Ermənistan bu gün öz siyasi vektorunu (Qərbə doğru) dəyişmək siyasəti ilə həm Rusiya, həm Çin, həm də İranın qəzəbinə səbəb olur. Nəticədə təhlükəsizlik riskləri artacaq, iqtisadi səmərə azalacaq və rejim (Nikol Paşinyan) ölkəni yeni avantüralara aparacaq”.