Politoloq Cümşüd Nuriyev Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Azərbaycan əsilli siyasətçi Məsud Pezeşkiyanın İran prezidenti seçilməsi iki ölkə münasibətlərinin bundan sonrakı inkişafı üçün nə vəd edir? Sizcə, Tehranın qonşu ölkələrə siyasətində hansısa dəyişikliklər olacaqmı?
- Əslində ciddi bir dəyişikliyin olacağı gözlənilmir. Pezeşkiyan islahatçı kimi təqdim edilir. Amma o elə birinci görüşdə İranın ali dini liderinə bildirib ki, onun dediyi hər şey olaq. Bu o deməkdir bu adam indidən mövqeyini ortaya qoyub. Belə məlum oldu ki, dövlətin idarə olunmasında ali dini lider Ayətullah Xameneyinin sözləri çox vacibdir. Daha çox onu önə çəkəcək. Pezeşkiyanla Xameneyi hər ikisi də türk olsalar da görüşlərində bir kəlmə türkcə danışmadılar. Farsca dialoq apardılar. Sözsüz ki, bu dövlətin rəsmi dilidir. Buna bir söz deyən də yoxdur. Amma heç olmasa, bu qədər türkəm, azərbaycanlıyam deyincə, dövlətin ali lideri ilə görüşdə də bir kəlmə işlətmək olardı. Ona görə də, Pezeşkiyandan o qədər də böyük gözləntilər yoxdur.
- Azərbaycanlı əsilli bir şəxsin qapalı, radikal dini qaydalarla idarə edilən ölkədə hakimiyyətə gəlməsini hansı amillər şərtləndirdi?
- İranın əslində başqa bir çıxış yolu yox idi. Pezeşkiyanın gəlməsi ilə İranda elə də ciddi dəyişikliklər olmayacaq. İslahatların aparılacağı ehtimalı çox azdır. Ümumi ola bilsin ki, kosmetik olaraq nələrsə edilə bilər. Bütün bunlara baxmayaraq İran elə molla rejimi formatında fəaliyyətini davam etdirəcək. Sadəcə olaraq Pezeşkiyan bir növ Xamneyinin öz oğlunu hakimiyyətə gətirmək üçün lazım idi. Bu da baş verdi. Çünki bu din adamı deyil. Digər namizəd Səid Cəlili isə dindar idi. Dindarın gəlməsindən islahatçının gəlməsi daha yaxşı seçim olub. Bu bir şahmat gedişi idi ki, onu da Xameneyi qurmuşdu. Çox yüksək səviyyədə də həyata keçirdi.
- Yeni prezident İranda uzun illər oturuşmuş sistemə qarşı duruş gətirə biləcəkmi?
- Bu gediş daha tez iflasa uğrayacaq. Artıq ABŞ Dövlət Departamaneti bəyan edib ki, onların İranla bağlı münasibətlərində hər hansı bir dəyişiklik yoxdur. Görünən odur ki, nə qədər danışılsa və deyilsə də İranın molla rejimi hələ çox güclüdür. Pezeşkiyan da özünü bir az pis aparan kimi o sabiq prezident İbrahim Rəisinin taleyini yaşayacaq.
- Azərbaycan və Türkiyə ilə bağlı münasibətlərdə yenilik gözlənilirmi?
- Pezeşkiyan hər iki ölkə ilə münasibətləri yaxşılaşdıra bilər. Ən azı Ermənistana əvvəlki kimi isti münasibət olmaycaq. Bunu gözləmək olar. Pezeşkiyan həqiqətən də türkdürsə, türk damarı varsa, Azərbaycan və Türkiyə ilə münasibətləri qurmalıdır. Türk dilində orta məktəblər açılmalıdır. Bu, İran Konstitusiyasında da təsbit edilib. Ondan ən azından yumşaq islahatlara gedəcəyini gözləmək olar. Bundan artıq bir şey gözlənilmir. Hansısa kardinal dəyişikliyin, radikal addımların atılacağı ehtimalı azdır. Bu mümkün deyil. Pezeşkiyan bu rejimin içində formalaşıb. Nazir və parlamentdə vəzifədə də olsa, bütün hallarda o İran rejimin yetişdirdiyi adamdır. 69 yaşı var. Onun 45 ilini molla rejimində yetişməyə sərf edib. Artıq bundan sonra onun daxilində bir dəyişikliyin olması mümkün deyil.
- İndi hamının diqqəti yeni İran prezidentinin Zəngəzur dəhlizi ilə bağlı hansı mövqeyi sərgiləyəcəyinə yönəlib...
- Dəhlizin açılmasına Pezeşkiyan maneə ola bilməyəcək. Çünki burada Çin də maraqlıdır. Bu yaxınlarda Azərbaycan Prezidentinin Astanada Çin prezidenti ilə imzaladığı bəyannamə çox ciddi bir hüquqi sənəddir. Burada Zəngəzur dəhlizinin açılmasında Çinin maraqlı olduğu ifadə edilir. İranın iqtisadiyyatını isə ayaqda saxlayan Çindir. Ona görə də, onlar Çinin təklifini qəbul etmək məcburiyyətində qalacaq. Pezeşkiyan oldu-olmadı Xamneyi bunu qəbul edəcək. Sadəcə olaraq İrandan Ermənistana olan sevgi heç də əvvəlki səviyyədə olmayacaq.