Azərbaycanla Ermənistan arasında sülh müstəvisində müzakirələr davam edir. Bakının sülhlə bağlı konkret şərtləri var. Bu, Ermənistan Konstitusiyasında dəyişiklik, Naxçıvana dəhlizin açılması və ermənilərin xalqımıza qarşı həyata keçirdikləri soyqırımı aktlarının qəbul edilməsidir. Bir çox dairələr bunu az qala ağır sülh şərtləri kimi təqdim etməyə çalışsalar da, yanaşmalar tamamilə məntiqdən uzaqdır.
Bunu Teleqraf.com-a Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa deyib.
O qeyd edib ki, burada heç bir ağır sülh şərtlərindən söhbət getmir:
“Burada əsas amil real faktın təsdiqidir. Erməni tərəfi qondarma soyqırımı ilə bağlı uzun illər manipuliyasiya edib. Azərbaycan isə real soyqırımı faktının qəbul edilməsini tələb edir. Eyni zamanda sülh müqaviləsində ön şərt kimi Ermənistan Konstitusiyasında dəyişiklik olduqca önəmlidir. Erməni tərəfi bu addımı atmalıdır”.
Partiya sədri hesab edir ki, Azərbaycan işğalçı müddəaları konstitusiyasında saxlayan dövlətlə hansısa bir razılaşma əldə edə bilməz:
“Bu məsələdə Naxçıvana birbaşa dəhlizin açılması önəmlidir. Çünki Zəngəzur dəhlizi açılmasa, gələcəkdə inteqrasiya imkanları olmayacaq”.
Fazil Mustafaya görə, bu hal gələcəkdə düşmənçiliyin qalmasına səbəb olacaq:
“Əgər birbaşa olaraq Naxçıvana getmək mümkün olmayacaqsa, tərəflər bir-birinə hər zaman təhlükə mənbəyi kimi baxacaq”.