11 İyul 16:57
447
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan nəinki beynəlxalq hüququn norma və prinsiplərinin icrasını təkbaşına təmin edib, həm də xalqın 30 ilə yaxın axtardığı haqq-ədaləti də bərpa edib.

Teleqraf.com xəbər verir ki, bunu VI çağırış Milli Məclisin sədri Sahibə Qafarova bu gün BRICS ölkələrinin X Parlament Forumunun plenar sessiyasında çıxışı zamanı səsləndirib.

O qeyd edib ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlayıb, keçmiş məcburi köçkünlər artıq öz dədə-baba yurdlarına geri qayıdırlar.

S.Qafarova məlumat verib ki, hazırda Azərbaycan və Ermənistan Cənubi Qafqaz regionuna uzunmüddətli sülh və sabitlik gətirəcək normallaşma prosesini davam etdirirlər.

Spiker təəssüflə bildirib ki, həqiqi sülhün mümkünlüyü artdıqca, selektiv yanaşmaların, ikili standartların, müdaxilə cəhdlərinin yenidən gündəmə gəlməsinin şahidi olur.

Sahibə Qafarova qeyd edib ki, regionda bu yanaşma Fransa tərəfindən aşkar şəkildə tətbiq olunur. O vurğulayıb ki, bu ölkə müxtəlif bəhanələrlə regional dinamikaya müdaxilə etməyə, Cənubi Qafqazı qarşıdurma və özünün biabırçı neokolonial təcrübələr meydanına çevirməyə çalışır. Lakin Azərbaycanın nümayiş etdirdiyi sərt və qəti mövqe hər hansı belə cəhdin qarşısını qətiyyətlə qalır.

Spiker vurğulayıb ki, parlament təşkilatları Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının timsalında müəyyən qrupların maraqlarının oyun meydanına, təzyiq və ikili standartlar alətinə çevrilməməlidirlər.

Sahibə Qafarova bildirib ki, beynəlxalq sistemin səmərəliliyinin təmin edilməsi qarşılıqlı faydaya əsaslanan ədalətli münasibətlərin qurulmasını, bir-birinə hörmət edilməsini və həqiqi çoxtərəfliliyin gücləndirilməsini tələb edir.

“Azərbaycan öz xarici siyasətində bu prinsipləri rəhbər tutaraq, həm ikitərəfli əlaqələrində, həm də çoxtərəfli formatlarda dialoq, əməkdaşlıq və həmrəyliyi təşviq edir. Bu prinsiplər həm də BRICS üçün fəaliyyət prioritetləridir. Azərbaycan artıq BRICS-ə qoşulmaq arzusunu ifadə edib”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər