Hazırkı hakim elitanın düşüncəsində suverenlik ölkənin Rusiyaya qarşı çıxmasıdır. Reallıqda isə Ermənistan suveren qərarlar qəbul etmir.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Karen İgityan deyib.
Politolqun sözlərinə görə, Ermənistan Xarici İşlər Nazirliyi "3+3" görüşündə iştirakla bağlı suala anlaşılan cavab verə bilməz, çünki bu barədə qərar İrəvanda qəbul edilmir:
"Hazırkı reallıq elədir ki, Ermənistan hökuməti qərar qəbul etmək üçün ilk növbədə, yumşaq desək, amerikalı və britaniyalı tərəfdaşları ilə məsləhətləşməyə borcludur. İclasda iştirak baxımından Ermənistan hökuməti kənardan aldığı siqnallara əsasən hərəkət edəcək. Mövcud hökumətin irəli sürdüyü suverenliyin artırılması yolu belə görünür. Sadə dillə desək, indiki hakim elitanın təsəvvüründə suverenlik ölkənin Rusiyaya qarşı çıxmasıdır. Moskvaya qarşı çıxırsansa, müstəqilsən. Eyni zamanda hər addımın Vaşinqton, London və Brüsseldən diktə edilməsi, onların fikrincə, suverenliyə mane olmur".
Ekspert qeyd edib ki, məhz bu səbəbdən Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsinin Moskvada Bakı ilə görüş keçirmək təklifinə erməni tərəfi cavab verməyib: "Çünki onlar bu və ya digər paytaxtın buna necə reaksiya verəcəyini bilmirlər".
İgityan bildirib ki, bu gün Ermənistan bütün məsələlərdə özünün deyil, kənar oyunçuların gündəliyinə uyğun hərəkət edir:
"Məsələn, Türkiyə ilə sərhədlərin açılması Ermənistanın gündəmində deyil. Ermənistan dövlətçiliyi özünü buna hazır hiss etmir. Sərhədlərin bağlı olduğu halda belə, Türkiyə vətəndaşlarının Vedi şəhərinə gəlib, orada türk bayrağı qaldırması, ermənilərin ünvanına təhqirlər səsləndirməsi hallarını qeydə almışıq. İndi təsəvvür edin, Türkiyə vətəndaşları Ermənistana kütləvi şəkildə səfər etmək imkanı əldə edirlər... Buna görə sərhədlərin açılması çox təhlükəli ola bilər.
Sərhədlərin açılması Ermənistana yox, xarici oyunçulara, xüsusən ABŞ-yə lazımdır. Amerika hesab edir ki, Ermənistan bütün qonşuları ilə münasibətlərini normallaşdırmalıdır və bu, Rusiyadan yan keçməklə Asiyadan Avropaya malların çatdırılması ilə Orta Dəhliz kommunikasiyalarının regionda normal fəaliyyət göstərməsinə imkan verəcək".