Politoloq Oqtay Qasımov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- İranla İsrail arasında savaş gərginliyi hökm sürür. İran açıq şəkildə HƏMAS liderini öldürməkdə ittiham etdiyi İsraili cəzalandıracağını bildirir. Sizcə, mümkün cavab üçün hansı tədbirlər seçiləcək?
- HƏMAS liderinin öldürülməsindən sonra bölgədə vəziyyət kifayət qədər gərginləşib. İran özünü təhqirolunmuş sayır. Bu belədir, çünki bu olay İranın təhlükəsizlik vəziyyətinin necə olduğunu üzə çıxardı. İran qisas alacağını bəyan edib, hazırlıq da gedir. Amma bundan əvvəl də İran iki dəfə belə bir durumla üzləşmişdi. İran Qasım Süleymaninin öldürülməsindən sonra ABŞ-nin İraq ərazisindəki hərbi bazasına raket zərbələri endirmişdi, amma hansısa dağıntı və itkilər barədə məlumat olmadı. Sonradan Trampın dili ilə açıqlandı ki, İran bu zərbələr barədə əvvəlcədən ABŞ-ni məlumatlandırıb və “öz qürurunu xilas etmək üçün” bu addımı atacaq və heç bir zərər verilməyəcəyi barədə öhdəlik götürülüb.
Eyni hadisəni bu ilin aprelində də yaşadıq. İran Suriyadakı konsulluğunun İsrail tərəfindən vurulmasından sonra bir “əməliyyat” keçirdi. O zaman İsrail ərazisinə 300-ə qədər PUA və raket yönəldildi. İran yenə də “əməliyyat”dan 8 saat öncə həm qarşı tərəf, həm də ABŞ-ni məlumatlandırmışdı. Yəni İsrail və müttəfiqləri – ABŞ ilə Britaniya bu hücuma hazır idi. Nəticədə atılan raket və dronların 99 faizi havadaca zərərsizləşdirildi, bunlardan cəmi bir-ikisi İsrail ərazisinə düşdü.
Hazırda durum bir az fərqlidir, İran daha qəzəblidir. Baş verən hadisə çox ciddidir. Elə bir hadisə baş verib ki, İran özünü təhqirolunmuş hiss edir. Mümkün cavab tədbirlərinə gəlincə, birbaşa savaş və ya quru əməliyyatları mümkün deyil. Çünki İranla İsrail arasındakı məsafə minkilometrlərlə ölçülür. İranın bu məsafədən kənarda əməliyyat keçirmək imkanları yoxdur, bunun maliyyə yükü də həddindən artıq böyükdür, İran ordusu də minlərlə kilometr aralıda əməliyyat keçirmək üçün yetərli imkanlara sahib deyil.
- Durum belədirsə, İran nə edə bilər?
- İran uzun müddətdir dəstəklədiyi İsrail yaxınlığındakı proksi qüvvələrini işə salacaq. İndi məhz bunu görürük, onların başında da “Hizbullah” gəlir. Artıq “Hizbullah” və ya Livanla İsrail arasında vəziyyət kifayət qədər gərginləşib, qarşılıqlı zərbələr endirilir. Bundan başqa, Suriya ərazisindəki Əsəd rejimi İranın əsas dəstəkçilərindən biridir. Bundan başqa, İranın İraq və Yəməndə dəstəklədiyi qruplaşmalar var. Yəni İran proksilərindən istifadə edərək İsrailə zərbə vurmağa çalışacaq.
Həmçinin İsrail ərazisini PUA və raketlərlə atəşə tutacaq. İsrail buna hazırdır. Düşünmürəm ki, İsrailə ciddi zərər dəyəcək. Çünki İsrailin bunların qarşısını alacaq hava hücumundan müdafiə sistemləri var, eyni zamanda, əsas müttəfiqi ABŞ də onu tək qoymayacaq. Paralel olaraq, hücumların genişmiqyaslı olmaması üçün ABŞ-nin İranla danışıqlar apardığına dair məlumat var.
İran bu dəfə öz ərazisindən İsrailə ötən dəfəkindən daha çox raket və dron yönəltməyə çalışacaq. İndi bu raket və dronlar İsrailə çatmaq üçün minlərlə kilometr yol qət etməlidir, bu da saatlarla vaxt tələb edir. İsrailin hava hücumundan müdafiə qüvvələri buna hazırdır. ABŞ də 12 hərbi gəmisini bölgəyə göndərib. Hesab edirəm ki, İranın hüva hücumlarının qarşısı çətinlik çəkilmədən alınacaq.
Əsas savaşı mən Livan cəbhəsində gözləyirəm. Çünki husilərin (Yəmən) də İsrailə ciddi zərər vermək imkanları yoxdur, Yəmənlə İsrail arasındakı məsafə də kifayət qədər uzaqdır. Husilərin İsrailə vura biləcək ciddi raket sistemləri məhduddur. Bu baxımdan, əsas əməliyyatların Livan istiqamətində olacağını düşünürəm, bu da proksi qüvvələrin vasitəsilə olacaq.
- İsrail də İrana qabaqlayıcı zərbələr endirəcəyini bəyan edib. Əgər İsrail birbaşa İran ərazisinə zərbələr endirsə, bu, prosesi hara çəkəcək?
- Dediyim kimi, İsmayıl Haniyənin ölümü bölgəyə ciddi təsir göstərdi, şərtləri dəyişdi. İsrail strateji üstünlük əldə etdi. Uzun müddətdir Avropa Birliyi və ABŞ İsrailə təzyiq edirdi ki, HƏMAS-la danışıqlara getsin. Bu plan İsrailin maraqlarına uyğun deyildi. Həmçinin hazırda İsraildə hakimiyyətdə olan ifrat sağçı qüvvələr buna müsbət yanaşmırdılar. İsrailin bir neçə naziri Baş nazir Benyamin Netanyahuya ultimatum verərək bildirdilər ki, belə bir addım atılsa, hökuməti tərk edəcəklər və koalisiya dağılacaq. Netanyahunun özü də yaxşı bilirdi ki, müharibənin dayanması onun gələcək siyasi həyatı ilə bağlı ciddi problemlər yaradacaq. Yəni həm şəxsi, həm də İsrailin maraqları baxımından bu savaş uzadılır və ikinci cəbhə açılmaq üzrədir.
HƏMAS-ın İsrailə hücumu daxildə çaşqınlıq yaratsa da, Təl-Əviv bunu avantaja çevirdi, Qəzzanı təmizləməklə öz iddialarını ortaya qoydu. Həmçinin bilirsiniz ki, Hindistandan Avropaya gedən nəqliyyat dəhlizi həm də İsrail ərazisindən keçir, Təl-Əvivin bununla bağlı da marağı var. İran HƏMAS-ı hücuma təşviq etməklə bu dəhlizə mane olmaq istədi. İsrail də özünə təhlükə hiss etdiyi an hərbi əməliyyatlara əl atır. İndi belə əməliyyatlar Livanda keçirilə bilər.
İsrail “Hizbullah”ın mümkün irimiqyaslı hücumlarının qarşısını almaq üçün onun Livanın cənubu və Beyrutdakı hərbi obyektlərini vurur. İsrail “Hizbullah”ı zəiflətmək üçün müəyyən tədbirlər görəcək.
İran ərazisinin vurulması ilə bağlı təşəbbüsün olacağını düşünmürəm. Əslində, İsrail başa düşür ki, İranın əsas gücü ordusu yox, kənarda bəslədiyi proksi qüvvələrdir. Bura “Hizbullah”, HƏMAS, “Həşd əş-Şabi”, “Ənsarallah” (husilər), Əsəd rejimi və digərləri daxildir. Bunların içindəki iki güc əsasdır: “Hizbullah” və HƏMAS. “Hizbullah” HƏMAS-dan daha güclü hərbi potensiala malikdir. Əgər İsrail bu proksi qüvvələri sıradan çıxara bilsə, bu, İran üzərində ciddi üstünlük demək olacaq. Məncə, gedişat da bu istiqamətdə olacaq. Proksilər ciddi zərbə alsa, bu, İranın bölgədəki imkanlarını ciddi şəkildə məhdudlaşdıracaq.