“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- İranla İsrail arasında gərginliyin pik həddə olduğu vaxtda ABŞ-nin Suriyadakı hərbi qüvvələrini gücləndirməsi və PKK/YPG terrorçularını öz bazalarında yerləşdirməsi prosesi müşahidə olunur. ABŞ ordusunun ehtiyatda olan polkovniki Duqlas Makqreqor da etiraf etdi ki, PKK/YPG-ni Türkiyəyə qarşı savaşa hazırlayırlar, bölgə böyük müharibəyə doğru gedir. Belə bir avantüraya gedərlərmi?
- ABŞ onsuz da Suriyada avantüra içindədir. Türkiyə müttəfiqi və NATO-da bir yerdə ola-ola, türklərin düşməni PKK/YPG terror təşkilatı ilə əlaqəyə malikdir. Düzdür, bunu inkar etməyə çalışırlar, amma faktlar göz önündədir.
ABŞ zabitlərinin PKK terrorçuları ilə görüntüləri internetdə də var. Yenə də YPG/PYD-ni silahlandırırlar, bunlar da PKK-nın qanadlarıdır, bir yerdə Suriyanı parçalamağa çalışırlar. Türkiyə ordusu buna görə ötən illərdə bir neçə hərbi əməliyyat keçirdi, Suriya-Türkiyə sərhədində bufer zona yaratdı ki, terrorçular ölkəyə hücum edə bilməsinlər. Amma həmin terrorçular yenə də Amerika ilə əlbirdirlər, birgə hərəkət edirlər.
ABŞ-nin bu addımları Türkiyə ilə münasibətlərinə mənfi təsir göstərir. Hesab edirəm ki, buna görə də Ankara Suriya rejimi ilə dialoqu genişləndirməlidir, buna ehtiyac var. Düzdür, Suriyada savaş başlayanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rejimin başçısı Bəşər Əsədi sərt tənqid edirdi, bütün əlaqələr dayandı, amma bu gün Ərdoğan siyasətində korrektə edir və Əsədlə görüşə biləcəyini deyir. Hələlik görüş diplomatlar səviyyəsindədir.
Türkiyə Suriyanın ərazi bütövlüyünü dəstəkləyir. Bu baxımdan, PKK/YPG/PYD ilə mübarizədədə Suriya rejimi ilə əlaqə qurmağa ehtiyac var. Onu da etiraf etmək lazımdır ki, on il öncə Bəşər Əsədin hakimiyyətdən gedəcəyi ehtimalı yüksək idisə, indi bu ehtimal xeyli azalıb. Çünki Əsəd Rusiya və İranın dəstəyi ilə öz rejimini qoruya bildi. Əsəd də Amerikanın Suriyanı tərk etməsini istəyir, Türkiyə də. Bu məsələdə maraq birliyi var, indi terrorizmlə mübarizədə də Ankara ilə Dəməşq arasında dialoq genişlənməlidir.
- ABŞ niyə illərdir bu terrorçuları bəsləyir, hansı hesabları var?
- Müxtəlif hesabları var. Birinci hesabı budur ki, bölgədəki radikal kürdlər vasitəsilə varlığını gücləndirsin və Suriya rejiminin ərazi bütövlüyünü təmin etməsinə mane olsun. Çünki Əsəd rejimi İran və Rusiya ilə əlbirdir ki, bunlar da Amerikanın düşmənləri sayılır.
İkincisi, ABŞ bu yolla Türkiyəyə təsir imkanlarını əlində saxlamağa çalışır. Ziddiyyətli siyasətdir. Çünki Türkiyə ABŞ-nin müttəfiqidir, NATO-da bir yerdədir. Necə olur ki, bir yandan Türkiyəyə təyyarə satırsan, digər tərəfdən də ona zərər vurmağa çalışırsan?! Amerikanın bu siyasəti yanlışdır.
ABŞ ilk dəfə deyil ki, səhvə yol verir, əvvəllər də olub. Məsələn, İraqa müdaxilə yanlış idi. Səddam Hüseyni devirdilər, amma İraq bir neçə yerə bölündü, ölkə ərazisində müxtəlif terrorçu qruplaşmalar formalaşdı. Amerika Vyetnamda da səhvə yol vermişdi, bunu özləri də etiraf etdilər.
Məncə, bir müddət sonra bunun da yanlış olduğunu deyəcəklər. Bu siyasəti hazırlayanlar ABŞ dərin dövlətinin nümayəndələridir. Mən inanmıram ki, Ağ Ev sahibləri Türkiyəni qıcıqlandıran layihələri həyata keçirməkdə maraqlıdırlar. Sadəcə dərin dövlət bunu hazırlayır, Ağ Evə göndərir, Ağ Evin sahibi də bu planlara “yaşıl işıq” yandırır.
Ağ Ev sahibi də deyə bilmir ki, Türkiyə bizim müttəfiqimizdir, bunu etmək olmaz. Belə suallar səsləndirmir, çünki ABŞ dərin dövləti ilə üz-üzə qalmaq istəmir.
- İndi Bəşər Əsəd rejimi Ankara ilə münasibətləri normallaşdırsa, PKK/YPG-ni qarşısına alıb Türkiyə ilə birgə mübarizəyə başlaya bilərmi?
- Çətin məsələdir. Həm Bəşər Əsəd, həm də onun atası Hafiz Əsəd dönəmində də Dəməşq həmin ərazilərə (Suriyanın şimalı) nəzarət edə bilmirdi. İndi də düşünmürəm ki, Türkiyə-Suriya əlaqələri normallaşsa və barışıq olsa belə, silahlı PKK/YPG/PYD terrorçularını bölgədən çıxarmaq asan olacaq. Hər halda bu da bir addım olacaq ki, Əsəd və Ərdoğan bir araya gəlib Suriya ərazisindəki terrorçularla mübarizəni müzakirə edəcək.
Bəşər Əsəd avtomatik olaraq, Türkiyə qoşunlarının da Suriya ərazisindən çıxarılmasını tələb edəcək, bunu indi də istəyir. Amma Türkiyənin arqumenti budur ki, bəs sən öz ərazinə nəzarət edə bilirsənmi? Yaxşı, biz çıxdıq, o əraziləri kim nəzarətə götürəcək? Axı sənin ordun ora girə bilmir. PKK ilə savaşacaqsanmı? Savaşacaqsansa, başqa məsələ.
Türkiyənin İraq hökuməti ilə də yaxın münasibətləri var, Ərdoğanın ötən aylarda Bağdada uğurlu səfəri oldu. İki ölkə arasında belə bir anlaşma oldu ki, Qəndildə PKK-ya qarşı birgə mübarizə aparılacaq. Amma aylar keçib, hələ də bu yöndə irəliləyiş yoxdur. Belə çıxır ki, Türkiyədən başqa heç kim PKK ilə mübarizə aparmaq istəmir.
İranın özü belə gizli yolla PKK-nı dəstəkləyir. Hətta Məsud Pezeşkian seçildiyi gün Ankaradan Tehrana etiraz oldu ki, PKK-ya gizli dəstəyinizi dayandırın, bizim bu barədə məlumatımız var. İran rəsmiləri və SEPAH generalları Türkiyəni “dost-qardaş” adlandırsalar da, onun düşmənlərini silahlandırırlar və gizli əlaqələrə malikdirlər.
Görünən budur ki, nə İran, nə Suriya, nə də İraq PKK ilə savaşmaq istəyir. Sanki hər birinin PKK ilə bağlı maraqları var. Amma yenə də Suriyanın ərazi bütövlüyü naminə Dəməşq-Ankara dialoqu genişlənərsə, niyyət ortaya qoyularsa, bu, Türkiyənin manevr imkanlarını genişləndirə bilər.
Türkiyə vaxtilə İraqla da PKK-ya qarşı mübarizədə razılığa gələ bilmirdi. Bağdad da Dəməşq kimi Ankaraya deyirdi ki, ərazimizə girmə. Türkiyənin o zaman da arqumentləri güclü idi. Yaxşı, mən sənin ərazinə girmirəm, amma sənin ərazindən mənə qarşı təhlükə var, terrorçularda ordan mənə hücum edirlər. İraqın arqumentləri zəif olduğuna görə sonda Türkiyə ilə razılaşmaq məcburiyyətində qaldı.
Hesab edirəm ki, Dəməşq-Ankara münasibətləri normallaşarsa, ən azı, məsələ tərəflər arasında müzakirə oluna bilər. Suriyanın terrorçularla mübarizəyə gücü çatmasa, Türkiyənin arqumenti bu olacaq ki, heç olmasa, mənə mane olma, terror yuvasını darmadağın eləməyə mənə imkan ver.
- İranın da PKK-ya dəstəyinə diqqət çəkdiniz, bunda məqsəd nədir? İraqın keçmiş lideri Cəlal Tələbaninin oğlu Bafel Tələbaninin Süleymaniyyədə rəhbərlik etdiyi terrorçu qüvvələrə İrandan dəstək uzun müddətdir Türkiyədə müzakirə olunur. Üstəgəl, İranın terrorçulara öz sərhədindən Türkiyəyə keçmələrinə imkan verməsi haqda da Ankaradan açıqlama var.
- İranın siyasəti bəllidir, onun Azərbayacan siyasətinə baxın. İran Azərbaycanı “dost-qardaş” adlandırır, bəs arxamızda nə edir? Keçmiş Azərbaycan vətəndaşlarından ibarət “Hüseyniyyun” adlı təxribatçı qruplaşmanı silahlandırır, maliyyələşdirir, səfirliyimizə hücum edir, millət vəkilimizi öldürməyə çalışır, bura narkotik göndərir və sair.
Müstəqilliyin ilk günündən bəri belə bir fakt olubmu ki, kimsə qanunsuz olaraq Azərbaycandan İrana keçib, buradan ora narkotik aparılıb? Otuz ildir ancaq bunu görürük ki, İrandan bura yalnız təhlükə gəlir. Halbuki narkotiklərin saxlanılması, daşınması və ticarətinə görə İranda ölüm cəzası var, demək, özləri şərait yaradırlar.
Azərbaycana qarşı təxribatçı fikirlər, ideoloji təbliğat vasitələri də İrandan gəlir. Azərbaycana qarşı fəaliyyət göstərən qruplar da İrandan maliyyələşir.
İranın Türkiyə siyasəti də buna oxşardır. Guya Türkiyə ilə münasibətin yaxşı olmasını istəyirlər, amma bu ölkəni bölməyə çalışan qruplarla əlbirdirlər. Hətta keçmişdə “Hizbullah”a da Türkiyədə yer eləmişdilər, amma Ankara onu darmadağın elədi. İndi guya İran PKK-nın qolu PJAK-la mübarizə aparır, amma bu ad altında silah-sursat verir, dialoq aparır. Bu, İranın ənənəvi siyasətidir, amma indi özü də dirənib, ilişib. İsrail İrana ard-arda zərbələr vurur. İş artıq o yerə çatıb ki, İranın qonaqlarını onun evində öldürürlər.
İran qırmızı bayraq (qisas) qaldırsa da, hələ də haqqında danışdığı “ideal cavab tədbirləri”ni görə bilmir. Kiçik bir İsrail əlində qalıblar. İsrailə heç nə edə bilmirlər, çünki hərbi baxımdan ondan daha güclü olduğunu görür. İran qarşısında güc görəndə çəkinir.
İndi Türkiyə də, Azərbaycan da güclüdür, bizə qarşı təxribatları da keçmir, amma köhnə siyasətindən də əl çəkmir, yenə başqa ölkələrin daxili işlərinə qarışır. “Hizbullah” Livanın ərazisindədir, onu silahlandırır və maliyyələşdirir, eləcə də HƏMAS, Suriya və İraqdakı şiə qruplaşmalarını. Bir ara Səudiyyə Ərəbistanında da şiələri qaldırmağa çalışdı, alınmadı, sonra bu ölkə ilə barışmaq məcburiyyətində qaldı.
İran və Rusiya elə dövlətlərdir ki, gərək onların qarşısını boş buraxmayasan, güc qoyasan. Qarşılarında güc görəndə onunla hesablaşırlar.
- Yeni Prezident Məsud Pezeşkian öz komandası ilə iş başına keçdikdən sonra İranın Azərbaycan və Türkiyə siyasəti dəyişəcəkmi? Çox vaxt bu mövzudan danışarkən Pezeşkianın Azərbaycan – türk əsilli olması amili önə çıxarılır. Bu faktor siyasətə nə qədər təsir edəcək?
- Pezeşkianın formalaşdırdığı nazirlər kabineti məndə də məyusluq doğurdu. Təsadüfi deyil ki, artıq vitse-prezident təyin etdiyi Məhəmməd Cavad Zərif buna görə istafa verib. İslahatçı bir prezident əsas postlara mühafizəkar şəxsləri gətirib, elə yeni xarici işlər nazirinin özü Azərbaycana qarşı təxribatçı fikirləri ilə tanınan simadır.
Yenə də inam var ki, Pezeşkian qonşu ölkələr, xüsusən də Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışacaq. Amma qurduğu yeni nazirlər kabineti hələlik buna rəvac vermir. Düzdür, burası da var ki, Pezeşkianın önündə qırmızı xətt var: SEPAH və dini liderlə hesablaşmalıdır. Mümkündür ki, əsas postlara öz namizədlərini gətirmək istəyib, dini lider və SEPAH buna imkan verməyib, üstəgəl, mühafizəkar parlament.
İran parlamenti mühafizəkarların nəzarəti altındadır, bu struktur da islahatçıların kabinetdə çox yer tutmasının əleyhinədir. Ola bilsin, Pezeşkian bu amilləri də nəzərə alıb və balans yaratmağa çalışıb. Adətən, yeni seçilən baş nazir və ya prezidentə 100 gün vaxt verirlər və ona toxumurlar ki, hansı addımlar atacaqlarını görsünlər, bundan sonra apardıqları siyasətləri analiz etməyə başlayırlar. İndi Pezeşkianı da gözləmək lazımdır, hələlik heç bir addım atmayıb. Üstəgəl, andiçmə mərasimi günü İsrailin ağır zərbəsi ilə üzləşdi və onu hədələdi. Amma gələn xəbərlərə görə, İsrailə zərbə mövzusunda SEPAH generalları ilə fikir ayrılığına malikdir. İddiaya görə, Pezeşkian İsrailə “yumşaq zərbə”də israrlıdır, SEPAH isə sərt cavabın verilməsini istəyir.
Apreldə guya İran İsrailə yüzlərlə PUA və raket atmışdı, amma bir israilli hərbçinin burnu da qanamadı, hamısı havada zərərsizləşdirildi. Bəlkə də İsrail HƏMAS liderini qəsdən andiçmə günü Tehranda öldürdü ki, Pezeşkianı da çətin vəziyyətə salsın. Çünki İsrailin özü də İranda islahatçı prezidentin olmasında maraqlı deyil. İsrail düşünür ki, islahatçı prezident nüvə məsələsində Qərblə anlaşa bilər, bu isə onun maraqlarına ziddir. Çünki İsrail hesab edir ki, islahatçı prezident Amerika ilə razılaşsa, SEPAH yenə də gizli nüvə fəaliyyətlərinə davam edəcək, bu isə onun üçün təhlükədir.
İsrail HƏMAS liderini andiçmə günü o səbəbdən öldürdü ki, Pezeşkian çətin durumda qalsın və mühafizəkar mövqeyə sürüklənsin, nüvə məsələsində Qərblə razılaşa bilməsin.