14 Avqust 18:36
394
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan beynəlxalq aləmdə idman ölkəsi kimi tanınır. Mötəbər idman arenalarında bayrağımızın dalğalanması bunun bariz nümunəsidir. Bu uğurların əsasında isə dövlətin uğurlu idman siyasəti dayanır. Sözsüz ki, idmana olan diqqət və qayğı hər bir ölkənin dövlət siyasətinin vacib xəttini təşkil edir. Reallıq odur ki, idman oyunları, olimpiadalar dövlətlərarası uğurlu əlaqələrin, dostluğun, sülhün əsasını təşkil edən vacib komponentlərdəndir.

Bunu Teleqraf.com-a YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O qeyd edib ki, Prezident İlham Əliyev XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarının və onların məşqçilərinin qəbulu zamanı çıxışında da ölkəmizdə idmana, idmançılara olan yüksək diqqət və qayğıdan bəhs edib: “Ölkəmizin başçısı qeyd edib ki, Azərbaycan idmançıları bütün xalqımızı sevindirib. Cənab Prezident vurğulayıb ki, idmançılarımız Yay Olimpiya Oyunlarında ölkəmizi ləyaqətlə təmsil edib və Azərbaycan Bayrağını ucaldıb. Olimpiya Oyunları bütün digər idman yarışları arasında xüsusi yer tutan bir yarışdır, dörd ildən bir keçirilən idman bayramıdır və hər bir idmançı, hər bir ölkə bu Oyunlara xüsusilə hazırlaşır. Azərbaycan güclü idman dövləti kimi Olimpiya Oyunlarında uğurla çıxış edir. Son Olimpiya Oyunlarda da Azərbaycan dünyanın ən güclü 30 ölkəsinin arasında yer alıb. Ölkəmiz Yay Olimpiya Oyunlarından 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıb. Ona görə də, Azərbaycan idmançıları ən yüksək qiymətə layiqdir. Ölkəmizin başçısı da vurğulayıb ki, müsəlman ölkələri arasında Azərbaycan üçüncü yerdə qərarlaşıb. İslam Əməkdaşlıq Təşkilatında 57 ölkə mövcuddur. Bunu nəzərə alsaq əldə edilən uğur tarixi nəticə hesab edilir. Eyni zamanda Olimpiya Oyunlarının ilk günlərində qələbə sevincini xalqımıza bəxş edilməsi tarixi uğur idi”.

Millət vəkilinə görə, cənab Prezidentin də vurğuladığı kimi Azərbaycan idmançılarının peşəkarlığı, idmandakı uğurları və eyni zamanda, davranış qaydaları yüksək qiymətləndirilir: “Ölkəmizdə idmanın bir çox növləri inkişaf edir. Yay Olimpiya Oyunlarında da Azərbaycan idmançıları beş idman növündə medallar qazanıb. Cüdo, boks, taekvondo, yunan-Roma güləşi, sərbəst güləş üzrə ölkəmizi təmsil edən idmançılar uğurlar əldə edib. Bu amil Azərbaycanda idmanın bir çox növlərinin inkişaf etdiyini göstərir. Sözsüz hər bir mötəbər yarışdan sonra növbəti yarışlara da hazırlaşmaq lazımdır. Artıq bu istiqamətdə yeni hazırlıq prosesi gedir. İdmançıların müəyyən istirahətdən sonra yeni hazırlıq prosesinə start veriləcək. Cənab Prezident də qeyd edib ki, “Biz növbəti Olimpiya Oyunlarına da indidən hazırlaşmalıyıq”. Ölkəmizdə də bir neçə idman növündə nəsillərin dəyişməsi prosesi gedir. Ona görə təbii ki, növbəti Olimpiya Oyunlarına bu prizmadan yanaşılmalıdır. Xüsusilə uşaq-yeniyetmə idmanına bundan sonra da diqqət və qayğı daha da artırılacaq. Hazırda idmanla məşğul olmaq üçün ölkəmizin hər bir yerində gözəl şərait var”.

Sevinc Hüseynova vurğulayıb ki, hər Olimpiya Oyunlarından, xüsusilə ölkəmiz üçün uğurlu Oyunlardan sonra idman bölmələrinə uşaqların, yeniyetmələrin axını müşahidə olunur: “Gənclərin idmana maraqları artır. Həm cüdo, həm digər idman növləri ilə məşğul olmaq istəyən uşaqların sayı bundan sonra daha çox olacaq. Ölkəmizdə uzun illər ərzində idmanın kütləviliyi ilə bağlı görülən işlərin bir məqsədi olub ki, fiziki, mənəvi cəhətdən sağlam, vətənə bağlı, vətənpərvər və peşəkar gənc nəsil yetişsin. İdmançılarımızın sonuncu Yay Olimpiya Oyunlarında uğurlu çıxışı bunu bir daha təsdiq etdi”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər