ReAl Partiyası sədrinin müavini Natiq Cəfərli Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- İrəvan Minsk qrupunun ləğvi ilə bağlı rəsmi Bakının tələbinə belə cavab verib ki, bu məsələyə sülh sazişinin imzalanması çərçivəsində baxa bilərlər. Ermənistan həll edilmiş Qarabağ münaqişəsi ilə bağlı yaradılmış bir qurumu hansı səbəbdən sülh prosesinə calamağa çalışır?
- Əslində, bu, məsələni sülh prosesində alver predmetinə çevirmək cəhdidir. Zatən, ATƏT-in Minsk qrupu de-fakto ləğv edilib, sadəcə bunun de-yure rəsmiləşdirilməsi qalır. Həmsədrlərin heç bir fəaliyyətləri yoxdur, heç fəaliyyət üçün əsas yarada biləcək biri durum da yoxdur.
Buna görə də, Ermənistan çalışacaq ki, Azərbaycanla gələcək danışıqlarda bunu hansısa formada alver predmetinə çevirsin. Çalışacaq ki, bunu Azərbaycana güzəşt kimi təqdim etsin, əvəzində bizdən də hansısa güzəşt qoparsın. Məncə, məsələnin sülh prosesi ilə əlaqələndirilməsi bununla əlaqəlidir.
Artıq dünya da, İrəvan da bilir ki, Minsk qrupu ölü bir quruma çevrilib, bunun danışıqlara, Ermənistan-Azərbaycan münasibətlərinə aidiyyəti ola bilməz.
- Ermənistan “konstitusiya dəyişikliyi daxili işimizdir” deyərək, Azərbaycanın bu tələbindən də yayınmağa çalışır. Bakının mövqeyi isə birmənalıdır: sülh müqaviləsi konstitusiya dəyişikliyindən sonra imzalana bilər. Bu durum prosesə necə təsir göstərəcək?
- Nədənsə belə bir fikir var ki, bütün məsələlər sülh müqaviləsi ilə həll ediləcək. İndiyədək sülh müqaviləsi imzalamayan və yanaşı yaşayan ölkələr də var. Məsələn, hələ də Rusiya və Yaponiya arasında sülh müqaviləsi imzalanmayıb. Amma bu o demək deyil ki, Azərbaycanla Ermənistan da elə olmalıdır.
Mən düşünürəm ki, sülh müqaviləsi imzalanmağa hazır olan məsələlərin yekunu kimi mümkün ola bilər. Yəni müəyyən protokolların imzalanması mümkündür. Məsələn, delimitasiya və demarkasiyanın prinsipləri ilə bağlı. Hansı ki, Tavuş-Qazax istiqamətində sərhədin müəyyənləşdirilməsi ilə bağlı öz prinsiplərimizi Ermənistana qəbul etdirdik və proses oradan başladı.
Proses eyni prinsiplərlə başqa bölgələrdə də davam edə bilər. Yəni ayrıca bir protokolun olması mümkündür. Sülh müqaviləsinin tərkibində ayrı-ayrı bəndlər şəklində olmaqla yanaşı, belə bir məsələ gündəmə gələ bilər.
Konstitusiya məsələsinə gəlincə, Azərbaycan demir ki, bu, onların daxili işi deyil. Əlbəttə, Ermənistanın daxili işidir, amma Azərbaycana aid olan hissələr bizə toxunur. Əgər Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası yer alırsa, bu, haqlı olaraq bizim narazılığımıza səbəb olur. Digər məsələlər isə daxili işləridir, özləri bilər. Amma bizə aid bir-iki cümlə var ki, haqlı olaraq bunların konstitusiyadan çıxarılmasını tələb edirik. Ermənistan tərəfindən bunu təbliğat formasına çevirmək cığallıqdır.
- Ermənilər yenidən Naxçıvan istiqamətində atəşkəsi pozmağa başlayıblar, bir neçə həftə öncə də bu yöndə təxribata əl atmışdılar. Artan pozuntular nədən xəbər verir və niyə Naxçıvan?
- Ermənistanın Azərbaycanla sərhədinin digər hissələrində Avropanın müşahidəçiləri var. Azərbaycan zaman-zaman bununla bağlı öz etirazlarını bildirsə də, həmin missiya əvvəllər Ermənistanın Azərbaycanın atəşkəsi pozması ilə bağlı yalan məlumatlarını təzkib eləmişdi. Yəni de-fakto o missiyanın sərhəddəki fəaliyyəti Azərbaycana böyük ziyan gətirmədi. Yeri gəlmişkən, Rusiya bundan daha çox narazı oldu, nəinki Azərbaycan. Amma Naxçıvanla sərhəddə o missiya yoxdur.
Naxçıvan istiqamətində Ermənistanla razılaşdırılmış əsasda Rusiyanın 4 poliqonu yerləşdirilib. Çünki bu yöndə həm də Ermənistanın Türkiyə və İranla sərhədləri də var, bunları da ruslar qoruyur. Bunu Ermənistan da etiraf edib, hətta Rusiyadan xahiş edib. Rusiya da bunu gizlətmir. Yəni orada monitorinq olmadığına görə, ərazidəki yerli komandir və generalların kimə tabe olduqları sual altındadır.
Rusiyanın onlara nə qədər təsirinin olub-olmadığı naməlumdur. Atəşkəsin Rusiya sərhədçilərinin yerləşdikləri istiqamətlərdə pozulmasının özü də əlavə suallar yaradır.
Maraqlı situasiyadır, çünki son zamanlarda sərhədin digər istiqamətlərində hansısa problemlər yaşanmır. İndi atəşkəsin o bölgədə pozulması müəyyən mənada ona işarədir ki, burada sərhəd Ermənistan hərbçilərinin nəzarətində deyil. Ermənistan rəhbərliyi bu nəzarəti təmin etmək üçün iş görməlidir.
- Fransa Prezidenti Emmanuel Makron sentyabrda Ermənistana gələcək. Bu səfərdə məqsəd nədir, ümumiyyətlə, niyə Fransa xarici siyasətində Cənubi Qafqaz, yaxud Ermənistanı ön plana çıxarıb?
- Məncə, Ermənistan-Fransa yaxınlaşması təkcə erməni lobbisinin fəaliyyəti və Parisin Azərbaycana anlaşılmaz, mənasız və pis münasibətinin nəticəsi deyil. Əlbəttə, bunların da təsirləri var, amma əsas məsələ bir az fərqlidir.
Tarixə baxdıqda həmişə Britaniya və Fransa arasında bir daimi rəqabət görürük. Hətta bu rəqabət orta əsrlərdə iki ölkə arasında Yüzillik Müharibəyə də səbəb olmuşdu. İngilislər və fransızlar bir-birləri ilə ən çox müharibə edən xalqlardır. İndi Britaniya-Azərbaycan münasibətlərinin çox yaxşı olması sanki Fransada bir narahatlıq yaradır, buna görə Azərbaycanın qarşısında – Ermənistanda mövqeyini gücləndirməyə çalışır.
Fransa Cənubi Qafqaza başqa yerlərdən girə bilməyəcəyini anlayır. Azərbaycan və Gürcüstan üzərindən mümkün deyil, bu səbəbdən də Ermənistan üzərindən Cənubi Qafqazda söz sahibi olmağa çalışırlar. Bundan başqa, nə qədər sözdə ciddi qarşıdurma olduğu hiss edilsə də, Fransanın həmişə İranla da özəl münasibətləri olub. Bu özəl münasibətlər bu gün də davam edir. Fransa İranla birlikdə bəzi layihələrin Ermənistan üzərindən həyata keçirilməsini düşünür.
Bir sözlə, məsələ bir yox, çoxtərəflidir. Onu da demək lazımdır ki, artıq Makronun siyasi karyerası bitib. Ən yaxşı halda iki il Fransa prezidenti olmaqda davam edəcək, bundan sonra özünün də, partiyasının da siyasətdə qalmaq şansları sıfıra bərabərdir. Makron həddindən artıq qeyri-populyar prezidentdir. Dediyim kimi, o, sadəcə Ermənistan üzərindən Cənubi Qafqazda, həmçinin digər bölgələrdə söz sahibi olmaq istəyir, bununla qlobal oyunda əlini gücləndirməyə çalışır.