11 Sentyabr 16:18
1 001
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat partiyasından istefa səbəbini izah etmişəm. Mənə görə partiyaya yüz söz deyirlər. İllərlə parlamentdə oturanlar belə mənə görə Müsavata söz atır. Partiyanı bu cür hədəfə tutmasınlar deyə istefa verdim. Müsavata irad bildirirdilər ki, niyə siz indiyə kimi Novellanı partiyada saxlayırsınız? Nə üçün o partiyada qalmalıdır?

Bunu Teleqraf.com-a Müsavat partiyasından istefa səbəblərindən danışan hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.

Cəfəroğlu qeyd edib ki, onun partiyada olması çoxlarının xoşuna gəlmirdi: “Bir dəfə Prezident İlham Əliyevi tərifləmişdim deyə məni topa tutmuşdular. İndi də o fikirdəyəm ki, Prezident İlham Əliyev çox güclü lider, gözəl başçıdır. Qarabağı azad edib. Müsavatdakı və digər müxalifət partiyalarındakı dostlarımın hamısı bir vaxt deyirdilər ki, Prezident İlham Əliyev Qarabağı alsın, gedib onun əlindən öpəcəyik. Qarabağı alsın, ömrünün sonuna kimi Prezident olsun deyənlər də vardı. Amma mən bu sözləri təkrar edəndə hücuma keçdilər, başladılar söyməyə. Fakt odur ki, bu sözü yanımda çox adam deyib. Adlarını açıqlamıram, özləri bu açıqlamamı oxuyanda biləcəklər”.

Hüquq müdafiəçisi bundan sonra heç bir siyasi təşkilata qoşulmayacağını bildirib: “Özüm bir partiyayam. Mənə partiya lazım deyil. Bunu 30 ildir hamı görür. İstəsəm özüm nümunəvi bir partiya yaradaram”.

Novella Cəfəroğlu bildirib ki, 30 il Müsavat partiyası ilə yol gəlib: “Sona qədər də müsavatçılar mənim üçün dost qalacaqlar. Müsavatçılıq bizə ailədən gəlir. Bu partiyanı heç kəs tanımayanda babam Mirzəli bəy Bektaşi Naxçıvanda Müsavatın yaranmasına böyük köməkliklər edib. Ona görə də, partiyadan çıxarmaqla məndən Müsavatın ideyalarını ala bilməyəcəklər”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər