16 Sentyabr 17:30
1 015
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident Vladimir Putinin fərmanıyla Rusiya silahlı qüvvələrinin şəxsi heyəti 2 milyon 389 min nəfərə qədər artırılıb. Bununla Rusiya ordusunda hərbi qulluqçuların sayı 180 min nəfər artırılaraq 1.5 milyon nəfərə çatdırılıb. Doqquz ay öncə Rusiya ordusunun şəxsi heyətinin sayı 170 min nəfər artırılaraq, 2 milyon 209 min 130 nəfərə çatdırılmışdı.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, bu rəqəmlər Rusiyanın Ukrayna müharibəsində itkilərindən və bunların yerlərini yeni hərbçilərlə doldurmasından xəbər verir:

“Ukrayna rusiyalı hərbçilərin kütləvi ölüm yerinə çevrilib. Kreml gəncləri müharibəyə cəlb etmək üçün onlara şirnikləndirici müqavilələr imzalatdırır. Bır sıra hallarda bu müqavilələr zorla və aldadılaraq da imzalatdırılır. Kreml ölkə vətəndaşlarıyla yanaşı, Rusiyada fəhləlik edən millətləri də ölümə göndərmək üçün hiyləgər plan həyata keçirir.

Məsələn, Hindistandan Rusiyaya işləməyə gedən hindliləri aldadaraq əllərinə silah verib müharibə bölgəsində göndərmişdilər. Onların bir neçəsi öldü. Sağ qalan hindlilər Hindistan hökumətinə müraciət edərək, onları ölümdən xilas etməyə çağırdılar. Narendra Modi üçüncü dəfə Hindistan baş naziri seçilən kimi birinci Rusiyaya səfər edib Putindən xahiş elədi ki, aldadılan vətəndaşlarını geri qaytarsın. Putin Modinin xahişini yerinə yetirdi. Maraqlısı odur ki, Putin hindlilərin aldadılaraq müharibəyə göndərilməsinə görə kimin məsuliyyət daşımasını müəyyənləşdirmədi.

Hazırda eyni durumla Azərbaycan vətəndaşları üzləşiblər. Çeçenistana işləməyə gedən bir qrup Azərbaycan vətəndaşına zorla sənəd imzalatdırıb Ukrayna ilə müharibəyə yollayıblar. Oxşar halların baş verəcəyini aylar öncə proznozlaşdırmışdım, bir neçə dəfə internet televiziyalardan vətəndaşlarımıza çağırışım olmuşdu ki, onları aldadıb və ya şirniklədirib ölümə göndərəcəklər. Azərbaycan Xarici İşlər Nazirliyi və digər müvafiq qurumlarımızın Rusiyada yaşayan və işləyən həmvətənlilərə müraciəti olmalı, onları ölümün çaynağından qurtarmalıdırlar. Çünki belə hallar təkrarlanacaq. Kreml müharibəni dayandırmaq istəmədiyindən daima ölümə göndərməyə canlı qüvvə axtarır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər