26 Sentyabr 09:23
1 849
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatı, siyasi şərhçi Rasim Musabəyov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- İran Zəngəzur dəhlizinin Ermənistanın öz nəzarətində açılmasını istəyir. Qərbdə isə dəhlizin keçmiş Qarabağ problemindən daha çətin bir məsələ olduğu qeyd edilir. Dəhlizlə bağlı prosesləri bu qədər qəlizləşdirən amillər nədən ibarətdir?

- Zəngəzur dəhlizi keçmiş Dağlıq Qarabağ münaqişəsindən daha əhəmiyyətli deyil. Burada şişirdilmiş yanaşmalar var. Hər halda dəhliz məsələsi ermənilərin keçmiş Qarabağ münaqişəsini alovlandırmasının məntiqindən yaranıb. Bu münaqişə olmasa idi yollar açıq idi. İnsanlar rahat şəkildə gedib-gəlirdi. Qarabağ münaqişəsi məhz Ermənistanın iddialarından yaranan bir problem kimi tarixə düşdü. İndi münaqişə dövrü arxada qalıb. Artıq bir çox məsələlər ardıcıllıqla həll edilir. Zəngəzur dəhlizinin də açılması qaçılmazdır. Sadəcə olaraq bu razılaşmalar əsasında olacaq. Dəhlizin açılması qısa zamanda baş verən bir proses deyil. Orada bərpa, təhlükəsizlik məsələləri həll olunmalıdır.

- Ermənistanın Azərbaycana işğal dövründə vurmuş olduğu ciddi zərərlə bağlı hesablamalar aparılır. Təzminat məsələsi hüquqi müstəvidə necə həll edilə bilər?

- Bu məsələlər adətən sülh müqaviləsində öz həllini tapır. Elə hallar da olur ki, tərəflər təzminat məsələsi qaldırılmayacaq deyə qarşılıqlı öhdəlik götürür. Və yaxud başqa hallar. Bununla bağlı nümunələr var. Eyni zamanda tərəflərdən biri öz səhvini boynuna aldıqda o da təzminat ödəməli olur. II Dünya müharibəsindən sonra Almaniyanın zərərçəkən dövlətlərə ödəmiş olduğu təzminatla bağlı da president mövcuddur.

- Burada eyni zamanda fərdlərin da iddiaları var. Şəxsi əmlakı talan edilmiş şəxslərin Ermənistan dövlətindən təminat tələb etməsi üçün presedurlar necədir?

- Fərdi iddialar nəzərdən keçirilə bilər. Ermənistan isə istəyir ki, dövlət səviyyəsində qarşılıqlı olaraq hüquqi iddialardan imtina edilsin. Amma fakt odur ki, Azərbaycan ərazilərini dağıdan, viran qoyan Ermənistan və onun silahlı birləşmələri olub. Bunun əksinə hətta Qarabağdan könüllü getmiş ermənilərin Azərbaycana qarşı fərdi iddiaları gündəmə gətirilir. Onlara bu məsələdə havadarları dəstək verir.

- Azərbaycanın təzminat məsələsinə bu kimi əsassız arqumentlərlə qarşı çıxmaq nə dərəcədə məntiqlidir?

- ABŞ konqresində Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri Adam Şift çıxış edərək Azərbaycanın maliyyə resurslarının dondurulmasını istəyir. İddia edir ki, bununla Qarabağ erməniləri üçün yaratdıqları fonda pul ödənilsin. Bunların hamısı ölkəmizə qarşı növbəti təzyiq kampaniyasının tərkib hissəsidir. Əslində Ermənistan Azərbaycan ərazisində törətdiyi dağıntılara, mina terroruna görə beynəlxalq hüquq çərçivəsində cavab verməlidir.

- Təzminatla bağlı dəqiq hesablamaların aparılması mexanizmi necədir? Burada siyasi motivlər varmı?

- Beynəlxalq hüquq çərçivəsində Azərbaycana vurulan ziyanla bağlı dəqiq hesablamalar aparılmalıdır. Burada bir neçə istiqamət mövcuddur. Enerji xartiyası, biomüxtəlifliyin pozulması və mədəni irsə vurulan ziyana görə beynəlxalq öhdəliklər var. Ermənistan dövləti buna görə beynəlxalq hüquq qarşısında cavab verməlidir. Vaxtilə Çıraqovlar işinə beynəlxalq məhkəmədə baxılarkən qeyd edilmişdi ki, burada məsuliyyət işğalçı Ermənistanın üzərinə düşür.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər