26 Sentyabr 17:27
675
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasında tarixlə, görülən işlərlə bağlı parlament üzvləri ilə yanaşı, Azərbaycan xalqı ilə öz fikirlərini bölüşdü. Həmçinin qarşıda duran vəzifələr, dünyada baş verən hadisələr, o cümlədən Azərbaycanla Ermənistan arasında gələcəkdə olacaq sülh müqaviləsi ilə əlaqədar vacib məlumatlar çatdırıldı. Eyni zamanda ölkə başçısı indiki vəziyyət, dövlətimizə qarşı olan təhdidlərdən bəhs etdi. Sözsüz ki, cənab Prezident vacib mesajları çatdırmaqla, bəzi qüvvələrə də xəbərdarlıq etdi.

Bunu Teleqraf.com-a Yeni Azərbaycan Partiyasının təmsilçisi, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

O qeyd edib ki, Ermənistan ona edilən xəbərdarlıqdan nəticə çıxarmalıdır:

“Çünki bu cür davranış Ermənistan üçün ağır nəticələrə səbəb ola bilər. Azərbaycan bütün təhdidlərə qarşı hazırdır. Ordumuz istənilən təxribata cavab verəcək gücə malikdir. Ölkəmizin iqtisadiyyatı bü gün öz dayanıqlılığı ilə qarşıya çıxan bütün vəzifələri icra etməyə imkan verir. Yeni formalaşmış parlament qarşısında da mühüm vəzifələr dayanır. Deputatlar bütün platformalarda Azərbaycanın maraqlarını müdafiə etməlidir”.

Millət vəkili bildirib ki, bu gün dünyada müxtəlif adlar altında etnik, dini, separatçı qüvvələri qızışdırırlar:

“Azərbaycanda dayanıqlı ictimai-siyasi sabitlik mövcuddur. Ölkəmizin sərhədlərindən kənarda və daxildə olan proseslər daimi olaraq diqqət mərkəzindədir. Amma buna baxmayaraq xaricdə bəzi qüvələr tərəfindən Azərbaycana qarşı əsassız iddiaları gündəmə gətirməklə insanlarda çaşqınlıq yaratmaq istəyənlər var”.

Siyavuş Novruzov parlamentin ilk iclasında ölkə başçısının işğaldan azad edilmiş ərazilərdə görülən işlərdən də bəhs etdiyini söyləyib:

“Artıq bu ərazilərdə 19 milyard manatlıq işlər icra edilib. Hazırda bu işlər davam edir. Artıq öz ata-baba ocağına qayıdan insanlar Azərbaycan dövlətinin qısa zamanda bu ərazilərdə gördüyü misilsiz işlərin canlı şahidləridir. Eyni zamanda azad edilmiş ərazilərimizdə geniş infrastruktur layihələri icra edilir ki, bura iş yerləri, sənaye müəssisələri, istehsalat və digər sahələr daxildir. Bütün bunlar ölkəmizin daxili imkanları hesabına həyata keçirilir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər