2 Oktyabr 11:18
8 628
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Ölkəmizdə insanların sosial təminatı ilə bağlı dövlətin atdığı və planlaşdırdığı addımlar var. Sosial xərclər dövlət büdcəsində hansı səviyyədə öz əksini tapıb?

- Azərbaycan vətəndaşlarının sosial rifah halının qorunması və sosial müdafiəsinin təmin edilməsi Prezident İlham Əliyevin sosial siyasətinin mühüm prioritet istiqamətidir. Sosial qayğı və təminata ehtiyacı olan insanların ehtiyaclarının qarşılanması üçün Azərbaycanda ardıcıl tədbirlər həyata keçirilir. 1993-cü ildən başlayaraq Azərbaycanın dövlət büdcəsində sosial xərclər heç vaxt 30 faizdən aşağı olmayıb. Son dövrlərdə isə bu, 40 faizi keçib. Bu il ölkəmizin dövlət büdcəsində sosial xərclər 43 faiz təşkil edir. Gələn il də bu meyl davam edəcək.

- Sosial sahədə dayanıqlı təminat üçün hər il dövlət büdcəsində nə qədər vəsait nəzərdə tutulur və bu nə qədər insanı əhatə edir?

- Prezident İlham Əliyevin göstərişi, Fərman və Sərəncamları ilə 2019-cu ildən başlayaraq Azərbaycanda ardıcıl şəkildə dərin sosial islahatlar həyata keçirilir. Bu islahatlar çərçivəsində ölkə başçısının 60-dan çox Fərman və Sərəncamı olub. Eyni zamanda 4 sosial islahat paketi qəbul edilib. Bu islahatlar paketinin həyata keçirilməsi məqsədi ilə hər il dövlət büdcəsindən əlavə olaraq 7 milyard manat vəsait ayrılır. Həmin vəsait təxminən 5 milyon vətəndaşın sosial müdafiəsinin təminatına yönəldilir.

- Gözlənilən artımlar daha çox hansı istiqamətləri əhatə edəcək?

- Əməkhaqları, müavinətlər, pensiyalar, prezident təqaüdləri daimi olaraq artırılır. Artıq gələn ilin dövlət büdcəsi hökumət tərəfindən müzakirə edilir. Sözsüz ki, dövlət büdcəsi ilə bağlı layihə Milli Məclisə daxil olduqdan sonra konkret rəqəmlar haqqında danışmaq mümkün olacaq. Amma ümumi məlumatlar odur ki, gələn ildən pensiya və əməkhaqları artırılacaq. Ölkə başçısı VII çağırış Milli Məclisin ilk iclasında da bu artımların anonsunu etdi. Dövlət başçısı vurğuladığı ki, onun tapşırığı ilə minimum əməkhaqqı, minimum pensiyanın məbləği artırılacaq. Minimum əməkhaqqının artırılması dövlət və özəl sektorda çalışanların əməkhaqqlarının artmasına müsbət təsir edəcək.

- Pensiya və əməkhaqqlarının hansı faizdə artımı proqnozlaşdırılır?

- Hələlik bununla bağlı konkret rəqəm söyləmək mümkün deyil. Çünki dövlət büdcəsi ilə bağlı müzakirələr başa çatmayıb. Parlamentdə bu məsələ müzakirə ediləcək. Amma ötən illərin təcrübəsini nəzərə alaraq söyləmək olar ki, bu artımların 12-15 faiz səviyyəsində olacağı proqnozlaşdırılır. Hər il orta aylıq əməkhaqqının artım faizinə uyğun olaraq pensiyaların sığorta hissəsi indeksləşdirilərək artırılır. Bu ilin 9 ayında ölkə üzrə orta aylıq əməkhaqqının 8,5 faiz artdığı qeyd edilib. İlin sonuna kimi bu artım 10 faizə qədər çatacaq. Ona görə də, gələn ölkədə pensiyaların sığorta hissəsinin də ən azı 10 faiziə yaxın artması gözlənilir.

- Ölkəmizdə neçə növ sosial təminat istiqaməti var?

- Azərbaycanda 52 növ sosial müavinət və təqaüd təsis edilib. Müavinətlərin də məbləği vaxtaşırı olaraq artırılır. Bu artımlar isə həmin kateqoriyadan olan insanların sosial müdafiəsinin güclənməsinə xidmət edir. Maaş artımının inflyasiyaya nisbətən daha yüksək olması gələn il vətəndaşların sosial müdafiəsinin daha möhkəm və etibarlı zəmində təmin olunacağına zəmanət vermiş olur.

- Sosial qayğı daha çox kimləri əhatə edir?

-Sosial müdafiəyə daha çox ehtiyacı olan əlillər, qazilər, şəhid ailələri, məcburi köçkünlər, valideyn himayəsindən məhrum olmuşlar, işsiz şəxslər dövlətin sosial qayğısı ilə əhatə olunur. 5 il öncə təsdiq edilən və bu gün uğurla fəaliyyət göstərən Özünüməşğulluq Proqramı gələn il də davam edəcək. Bu proqram çərçivəsində indiyə qədər 100 minə yaxın vətəndaş işlə təmin edilib. Bir çox insanlar özləri üçün iş yerləri yaradaraq, artıq kiçik sahibkara çevrilib. Bu proses bundan sonra da davam edəcək. Ölkə başçısı Milli Məclisdəki çıxışında müdafiə sənayesi sahəsində dərin islahatların aparıldığını da söyləyib. Azərbaycan artıq özü silah istehsalını genişləndirir. Bunun nəticəsində də yeni iş yerləri açılmış olacaq. Bu da insanların işlə təminatına, sosial durumunə öz töhfəsini verəcək.

- Qarabağ və Şərqi Zəngəzurun bərpasına indiyə qədər xərclənən məbləğ açıqlandı. Gələn il təxminən nə qədər vəsaitin bu istiqamətə yönəldiləcəyi gözlənilir?

- Qarabağ və Şərqi Zəngəzurun bərpası ölkədə aparılan sosial siyasətin mühüm tərkib hissəsidir. Birinci Dövlət Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda böyük işlər görülüb. İnfrastruktur layihələri demək olar ki, tamamlanmaq üzrədir. 3 min km-dən çox yol çəkilib, körpülər salınıb, tunellər tikilib. Nəzərdə tutulan 3 beynəlxalq aeroportdan artıq ikisi istismar edilir. Füzuli və Zəngilan beynəlxalq aeroportu istifadəyə verilib. Laçın beynəlxalq aeroportunda isə işlər davam edir. Artıq azad edilmiş şəhərlərə keçmiş məcburi köçkünlərin köçü başlayıb. Şuşa, Xocalı, Zəngilan, Laçın, Cəbrayılda artıq məskunlaşma başlayıb. Yaxın vaxtlarda Ağdama, Qubadlıya və digər ərazilərimizdə də keçmiş məcburi köçkünlərin köçü başlayacaq. Bu məqsədlə indiyə qədər 18 milyard manatdan artıq vəsait xərclənib. Gələn il də təxminan 5 milyard manata yaxın vəsaitin bu regionların bərpasına yönəldilməsi nəzərdə tutulur. Böyük Qayıdış konsepsiyasının birinci hissəsinin icrası ilə bağlı 2026-cı ilin sonuna kimi 140 mindəın artıq soydaşımızın ata-baba yurdlarında məskunlaşacağı gözlənilir. Bütün bunlar onu göstərir ki, Azərbaycanda sosial strategiya əhalinin sosial rifah halının daha da güclənməsinə yönələn artan xətlə inkişaf edən təminatlı siyasətdir. Bu siyasətin həyata keçirilməsi insanların istər aktiv sosial müdafiəsinə yəni, məşğulluğunun, yeni peşəyə yiyələnmələrinin, özəl sektorda, öz bizneslərini qurmaqda, istərsə də passiv sosial müdafiə təminatı olan müavinətlərin pensiya və təqaüdlərin verilməsi və ardıcıl şəkildə artırılmasını özündə ehtiva edir.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər