3 Oktyabr 09:05
1 322
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Ermənistanın baş naziri BMT tribunasından Azərbaycanla sülh razılaşmasını imzalamağa hazır olduğunu deyib. İddia edib ki, imzalanmış sənədi Ermənistan konstitusiya məhkəməsi təsdiq etməsə, konstitusiya dəyişikliyinə gedilə bilər...

- Əgər sülh sazişi imzalanacaqsa, erməni tərəfi burada öz üzərinə müəyyən öhdəliklər götürəcək. Amma burada hansısa bir qarantiyadan söhbət getmir. Nikol Paşinyanın imza atdığı sənədlə bağlı Ermənistan konstitusiya məhkəməsi fərqli bir yanaşma sərgiləyə bilər. Ona görə də, Azərbaycan tərəfi əsaslı sənədə imza atmaqda maraqlıdır.

- Ermənistanın əsas öhdəlikləri nədir?

- Əsas öhdəliklərdə erməni tərəfinin Azərbaycana qarşı ərazi iddialarından imtina edəcəyi qeyd olunmalıdır. Ermənistan konstitusiyasındakı ərazi iddiaları ilə yanaşı parlamentin əsassız qərarları və digər hüquqi aktlarda olan qeydlər aradan qaldırılmalıdır. Bu halda sülhə inanmaq olar.

- Bakıda bu ilin noyabrında keçiriləcək COP29-a tədbirlərinə qədər tərəflərin sülh masasına əyləşməsi nə dərəcədə realdır?

- Ermənistan əslində necə bir sülh sazişi istədiyini açıqlamalıdır. Əgər çərçivə razılaşmasından söhbət gedirsə, bunun də şərtləri bəllidir və öhdəliklər açıq şəkildə qeyd edilib. Amma yekun sülh sazişi üçün tərəflər bəlli bir yol keçməlidir.

- İrəvan niyə yarı-yarımçıq sülhə can atır?

- Onların sülh sazişi imzalamaq niyyəti yoxdur. Sadəcə olaraq görüntü yaratmaq istəyirlər. Çalışırlar ki, Azərbaycanı sülh istəməməkdə günahlandırsınlar. İddia edirlər ki, Bakı sülh yox, yeni müharibə arzusundadır, ona görə də, Ermənistana kömək etmək lazımdır. Məhz bunun müqabilində havadarlarından daha çox ianə almağı planlaşdırırlar. Bu da ermənilərin köhnə “taktikası”dır. Bunun fonunda Azərbaycana qarşı hiyləgər addımlar atmağı da düşünürlər. Vaxtilə Azərbaycan ərazilərini işğal edərkən də iddia edirdilər ki, “oradan bizə qarşı atəş açılır”.

- Sülh müqaviləsinin fundamental prinsipləri necə təsbit edilməlidir?

- Burada əsasən keçmiş münaqişənin səbəbkarının kim olduğu tam təsbit edilməlidir. Hərbi təcavüzü edənin hansı ölkə olduğu aydınlaşmalıdır. Bu da siyasi məsuliyyət məsələsidir. İndi ermənilər elə davranır ki, guya siyasi məsuliyyət onlara aid deyil.

- Niyə siyasi məsuliyyətdən yayınırlar?..

- Ermənistanın indiki hakimiyyəti sülh sazişi ilə yanaşı Azərbaycana işğal dövründə vurulan zərərə görə, təzminat məsələsi gündəmə gəldikdə bundan boyun qaçırmaq istəyir. Amma Azərbaycan elə sülh sənədi imzalamağa çalışır ki, orada siyasi məsuliyyət məsələsi tam təsbit olunsun. Çünki Azərbaycan ərazilərini Ermənistan işğal edib, soyqırımı, etnik təmizləmə, barabarlıq törədib.

- Zəngəzur dəhlizi məsələsi sülh gündəliyində deyil. Bu halda Bakının dəhlizlə bağlı əsas planı necədir?

- Dəhliz Azərbaycan üçün çətin proses deyil. Orada ölkəmizin hüquqları var. Zəngəzurdan keçən dəhlizlə bağlı tarixi faktlar mövcuddur. Sovet dövründə buradan keçən dəmir yolu xətti Azərbaycanın mülkiyyətində olub. Burada təkcə dəmir relslər deyil, torpaq zolağı Azərbaycana məxsus idi. Orada çalışan insanlar Azərbaycan büdcəsindən maaş alırdı. Ermənistan isə o mülkiyyəti zəbt edib. Ona görə də, Zəngəzur dəhlizi ilə bağlı Bakının mövqeyi güclüdür. Ora Azərbaycanın işğal edilmiş ərazisidir və azad edilməlidir.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər