Ermənistan tərəfi Azərbaycanla bütöv sülh konsepsiyası deyil, razılaşdırılmış məsələlər əsasında sənədin imzalanmasını istəyir. Qarşı tərəf çalışır ki, sülh sazişi daha tez müddətdə imzalansın. Görünür, erməni tərəfi razılaşdırılmamış məsələləri gündəmdən çıxarmaqla onu arxa plana keçirmək niyyətindədir.
Bunu Teleqraf.com-a siyasi şərhçi Asif Nərimanlı deyib.
O qeyd edib ki, Ermənistanın əsas niyyəti konstitusiya dəyişikliyindən yayınmaqdır:
“2027-ci ildə Ermənistan konstitusiyasında dəyişikliyin ediləcəyi ilə bağlı proqram açıqlanıb. Əslində bu, daha çox Azərbaycanın tələbi ilə gündəmə gəlib. Hətta sülh sazişi imzalandıqdan sonra onun Ermənistan konstitusiya məhkəməsinə göndəriləcəyi deyilir. Bununla da erməni tərəfi konstitusiya dəyişikliyinə sadiq olduğu görüntüsü yaradır”.
Siyasi şərhçi hesab edir ki, erməni tərəfi konstitusiya ilə yanaşı sərhədlərin dəqiqləşməsi məsələsini də gündəmdən çıxarmağa çalışır:
“Sülh sazişinə delimitasiya ilə bağlı ayrıca bir bəndin əlavə edilməsi kimi də niyyətləri var. Ermənistan SSRİ dağıldıqdan sonra qanunsuz olaraq yiyələndiyi ərazilər üzərində legitimliyini tanıtmaq istəyir. Azərbaycanın isə sülhlə bağlı strateji hədəfləri içərisində Qərbi Azərbaycanlıların geri qaytarılması məsələsi yer alır. Bakı bu məsələni sülh sazişinə daxil etmək niyyətindədir”.
Asif Nərimanlıya görə, Minsk Qrupunun ləğvini Ermənistan gündəmdən çıxarmaqda maraqlıdır:
“Azərbaycan Minsk Qrupunun ləğvini tələb edir. Ermənistan isə yarımçıq sülh sazişini daha tez imzalamaqla Türkiyə ilə sərhədlərin açılmasına nail olmaq istəyir. Ermənistanın indiki halda Qərbə çıxış yolu Türkiyə ilə sərhədlərin açılması və münasibətlərin normallaşmasından keçir. Türkiyə isə Ermənistana Azərbaycanla sülh sazişini imzalayıb münasibətləri qaydasına salmaq şərti qoyub”.